
Topaz Premyer Liqasının XXIII turunun "Qəbələ” – "Xəzər
Lənkəran” oyunundan (0:0) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman
Qriqorçukun mətbuat konfransı keçirilib.
Premyer.az sizi ukraynalı mütəxəssisin
fikirləri ilə tanış edir:
"İstənilən nəticə ilə
bitən oyundan sonra olduğu kimi bu dəfə də futbolçularımın əlini sıxdım.
Onlar öz işlərini görüb, çalışqanlıq nümayiş etdirdilər. Təəssüf ki,
qol vurmağımız alınmadı. Nəticədə 2 xal itirdik. Buna görə heç kimə
iradımı bildirmirəm. Futbolçularıma da dedim ki, başınızı dik tutun. Bu
matç həmin oyunlardan biri idi ki, qalib gəlməmək olmazdı. İndi bu
uğursuzluğu yaşayıb, yolumuza davam etməliyik. Rəqib komanda çox
çalışdı. Buna baxmayaraq, bizim qol imkanlarımız oldu. Lakin imkanlardan
istifadə edə bilmədik. Qarşılaşmanın gedişində oyunun axarını dəyişmək
üçün mümkün olan hər addımı atdıq. Asif Məmmədovu da, Rikardinyonu da
meydana buraxdıq. Matç sona yaxınlaşdıqca təzyiqi artırırdıq və bu üzdən
yorğunluqdan danışmazdım. Demək olar ki, əlimizdə olan 3 xalı qazana
bilmədiyimizə məyusam. Hər oyunda qalib gəlib, xal hesabımızı
artırmalıyıq. "Xəzər Lənkəran”la oyunda bunu bacarmadıq. Hərçənd
qələbəyə çox yaxın idik”.
gabalafc.az