» » » BFL 2019/20-ci illər mövsümünün REQLAMENT-i (Əsasnamə)

BFL 2019/20-ci illər mövsümünün REQLAMENT-i (Əsasnamə)

BFL 2019/20-ci illər mövsümünün REQLAMENT-i (Əsasnamə)Premyer.az BFL - Bakı Futbol Liqasının 2019/2020-ci illər mövsümünün Reqlamentini (Əsasnaməsini) oxucularımızın diqqətinə çatdırır.
 
Qeyd edək ki, ötün mövsümlə müqayisədə, Reqalamentdə bəzi dəyişikliklər edilib.
 
Rauf İskəndərov / Premyer.az
 
 
BAKI FUTBOL LİQASI
2019-2020
R E Q L A M E N T
 
Qeyd: BFL-in iştirakçısı kimi qeydiyyatdan keçən komandaların bütün üzvləri Reqlamenti oxumuş, bütün qaydaları, şərtləri qəbul etmiş sayılır. Bununla yanaşı bütün öhdəliklərin yerinə yetirilməsi və nizam-intizam qaydalarına riayət edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi qarşısında məsuliyyət daşıyır.
 
1.       Məqsəd və prinsiplər.
1.1. "Bakı Futbol Liqası”nın yarışları aşağıdakı məqsədlərlə keçirilir:
a) Gənclərin sistematik olaraq kütləvi şəkildə idman və fiziki tərbiyəyə cəlb edilməsi;
b) Gənc nəslin sağlam həyat tərzinə cəlbi, hüquq pozuntularının profilaktikası;
c) Futbolun inkişafı və populyarlaşdırılması;
d) Həvəskarlara xəyallarını qurduqları səviyyədə yüksək və peşəkar şəkildə xidmətin göstərilməsi;
e) Ölkədə ən yaxşı həvəskar komandaların müəyyənləşdirilməsi.
1.2. BFL üzvləri öz komandalarının heyətlərində BFL tərəfindən keçirilən bütün yarışlarda iştirak edirlər və burada maddi bağlılıq əsas tutulmur.
1.3. BFL-in bütün yarışları BFL-in "Futbol oyun qaydaları”nda ətraflı şəkildə verilmiş qaydalar əsasında keçirilir.
 
2. BFL rəhbərliyi.
2.1. BFL-in ümumi rəhbərliyini BFL direktoru və Liqa şurası təşkil edir.
2.2. Liqa şurasına liqa koordinatoru başçılıq edir. Liqa şurası çempionatın start ərəfəsində komanda kapitanlarının iştirakı ilə mövsümdə mütləq bir dəfə iclas keçirir, həmçinin iclasa ehtiyac olduğu təqdirdə əlavə görüşlər keçirilir.
2.3. BFL və Liqa şurası tərəfindən verilən bütün qərarlar hüquqi qüvvəyə malikdir.
 
3. BFL-in daxili yarışları.
3.1. BFL-in daxili yarışları aşağıdakılardır:
a) BFL Liqası;
b) BFL Kuboku;
c) BFL Superkuboku.
3.2. Liqa bir neçə divizion üzrə (Premyer Liqa, Birinci Divizion və s.) keçirilə bilər.
3.3. BFL Kuboku "play-off” sistemi üzrə keçirilir.
3.4. BFL Superkuboku təkli final oyunu ilə keçirilir.

 
4. BFL Liqası.
4.1. Liqa "qrup” + "play-off” sistemi üzrə keçirilir.
4.2. Komandalar püşkatma ilə qruplara bölünürlər (A qrupu, B qrupu və s.).
4.2.1. Qrup mərhələsi dairəvi sistem (ev/səfər) üzrə keçirilir.
4.2.2. Qrup mərhələsini hər qrupda ilk 4 sırada bitirən komandalar  "play-off” mərhələsinə vəsiqə qazanır.
4.3. "Play-off” mərhələsində cütlüklərin necə formalaşacağı aşağıda göstərilmişdir:
§  A qrupunun birincisi – B qrupunun dördüncüsü
§  A qrupunun ikincisi – B qrupunun üçüncüsü
§  A qrupunun üçüncüsü – B qrupunun ikincisi
§  A qrupunun dördüncüsü – B qrupunun birincisi
4.3.1. "Play-off” mərhələsi ev/səfər olmaqla iki oyundan ibarətdir.
4.3.2. Final görüşü tək matçdan ibarətdir və qalib komanda BFL-in çempionu hesab olunur. BFL-in qalibi Dünya Çempionatında iştirak etmə haqqı qazanır.
4.4. Çempion komanda "Continental Football League”də çıxış etməkdən imtina edərsə, başqa komanda bütün maddi xərclərini özü ödəməklə BFL tərəfindən "CFL”ə vəsiqə ala bilər.
4.5. Oyunçuların qrup mərhələsində aldıqları vərəqələrə görə cəzalar, yəni sarı vərəqə limiti (1 oyun), ikinci sarı vərəqədən qırmızı  vərəqə (1 oyun) və biraşa qırmızı vərəqəyə görə (2 oyun) cəzalar "play-off” mərhələsinin oyunlarına şamil edilmir.
4.5.1. Əgər oyunçu 4.4. bəndində qeyd olunan cəzalarla yanaşı BFL Nizam-İntizam Komitəsi tərəfindən əlavə cəza alıbsa (məsələn, birbaşa qırmızı vərəqə ilə qovulma və oyunçunun intizamsız davranışlarına görə NİK tərəfindən cəzanın əlavə 3 oyun artırılması, nəticədə oyunçunun 5 oyunluq cəzalanması), oyunçunun vərəqəyə aid olan cəzası "play-off” mərhələsinə şamil edilmir. Lakin NİK tərəfindən intizamsızlığa görə verilmiş 3 oyunluq cəza "play-off” mərhələsində də qüvvədə qalır.
 
5. Xalın hesablanma qaydası.
5.1. Oyunun nəticəsi oyunun hakimi tərəfindən qeyd edilmiş və BFL-in koordinatoruna təhvil verilmiş protokol əsasında təyin olunur.
5.2. Oyunun nəticəsindən asılı olaraq, komandalara xallar aşağıdakı kimi hesablanır:
а) qələbəyə görə - 3 (üç) xal:
b) heç-heçəyə görə - 1 (bir) xal:
c) məğlubiyyətə görə - 0 (sıfır) xal.
5.3. Komandaya oyuna gəlmədiyinə görə 0-3 hesabı ilə texniki məğlubiyyət verilir. Müvafiq olaraq rəqib komandaya 3-0 hesablı texniki qələbə hesablanır.
 
6. Komandaların liqada tutduğu yerlərin müəyyən edilməsi və "play-off” sistemi.
6.1. Bakı Futbol Liqasında komandaların turnir cədvəlindəki sıralaması aşağıdakı ardıcıllıqla müəyyən olunur:
6.1.1. Mövsüm ərzində ən çox toplanılan xala görə;
6.1.2. Mövsüm üzrə bütün oyunlarda ən çox qazanılmış qələbə sayına görə;
6.1.3. Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
6.1.4. Bütün oyunlarda daha çox vurulmuş qolların sayına görə;
6.1.5. Bütün oyunlarda daha az buraxılmış qolların sayına görə;
6.1.6. Bütün oyunlarda daha az sarı vərəqələrin sayına görə;
[r1] 6.1.7. Bütün oyunlarda daha az qırmızı vərəqələrin sayına görə;
6.1.8. Yuxarıdakı bəndlərə əsasən komandaların mövqelərinin təyin olunması mümkün olmazsa, həmin komandalar arasında oynanılan oyunlara baxılır.
6.1.8.1. Öz aralarındakı oyunlarda ən çox toplanılan xala görə;
6.1.8.2. Öz aralarındakı oyunlarda vurulmuş və buraxılmış qolların fərqinə görə;
6.1.8.3. Öz aralarındakı oyunlarda daha çox vurulmuş qolların sayına görə;
6.1.8.4. Öz aralarındakı oyunlarda daha az buraxılmış qolların sayına görə;
6.1.8.5. Öz aralarındakı oyunlarda daha az sarı vərəqələrin sayına görə;
6.1.8.6. Öz aralarındakı oyunlarda daha az qırmızı vərəqələrin sayına görə;
6.2. "Play-off” mərhələsində komandaların bir-biri ilə qarşılaşma qrafiki püşkatma mərasimində açıqlanacaq və növbəti mərhələlərdə sxem üzrə hərəkət ediləcək.
6.2.1. "Play-off” mərhələsində səfər qolları nəzərə alınır.
6.2.2. Səfər qolları nəzərə alınmaqla ümumi hesabda bərabərlik olarsa, hər hissəsi 10 dəqiqə olmaqla 2 hissədən ibarət "əlavə vaxt” (extra time) oynanılır.
6.2.3. "Əlavə vaxt”dan sonra bərabərlik pozulmasa, hər komanda 5 penalti zərbəsi yerinə yetirir. Ümumlikdə 10 zərbədən sonra qalib müəyyənləşməsə, hər komanda növbə ilə penalti zərbələrinə davam edir. Penalti zərbələrində üstünlüyünü təmin edən komanda oyunun qalibi hesab olunur.
6.3. Mövsümün çempionu və ölkəmizi dünya çempionatında təmsil etməyə haqq qazanacaq komandanı final görüşü müəyyənləşdirəcək.
 
7. BFL Kuboku – "BFL CUP”.
7.1. ”BFL CUP” təşkilat komitəsinin qərarı ilə mövsümün ortalarında və ya liqa bitəndən sonra keçirilə bilər.
7.2. Liqada ümumi komanda sayı 24-dən az olduğu təqdirdə təşkilat komitəsinin qərarı ilə kubok oyunları liqa oyunları ilə eyni mövsümdə keçirilə bilər (məsələn, Topaz Premyer Liqası və Azərbaycan Kuboku yarışlarının təşkili kimi).
7.3. Cari mövsümdə liqa oyunlarında çıxış edən, eyni zamanda liqada qeydiyyatdan keçməyən, lakin "BFL CUP”a qatılmaq istəyən komandalar müraciət edə bilərlər.
7.4. Kubok oyunları təşkilat komitəsinin qərarı əsasında "play-off” sistemi və "ev/səfər” prinsipi ilə keçirilə bilər.
7.5. "BFL CUP”ın çempionu yeni mövsüm öncəsi Liqanın çempionu ilə "BFL Super Cup”da qarşı-qarşıya gələcək.
 
8. BFL Superkuboku.
8.1. BFL Superkuboku hər mövsümün əvvəlində öncəki mövsümün liqa və kubok yarışlarının qaliblərinin qarşı-qarşıya gəldiyi tək matçdan ibarət oyundur. Superkubokun qalibi Dünya Çempionatında iştirak haqqı əldə etmir.

9. İştirak üçün sifariş anketi və təqdim edilmə tarixləri.
9.1. Bakı Futbol Liqasının yarışlarında iştirak etmək üçün sifariş anketi reqlament çərçivəsində və qeyd olunmuş tarixlərdə, boş yer mövcud olduğu halda qəbul olunur. Sifariş anketinin qəbulu mövcud forma əsasında aparılır.
9.2. Sifariş anketində komanda kapitanı və vitse-kapitanı, baş məşqçisi (varsa) mütləq qeyd olunmalıdır.
9.3. BFL ilə bağlı bütün məsələlərdə kapitanın olmadığı təqdirdə vitse-kapitan komandasına, eləcə də komanda üzvlərinin hərəkətlərinə cavabdehdir.
 
10. Bakı Futbol Liqasının cari mövsümündə iştirak şərtləri.
10.1. İştirak etmək üçün düzgün və vaxtında müraciət edilməlidir.
10.2. Komandanın adının və loqosunun olması mütləqdir.
10.3. Komanda vahid formasını (futbol köynəyi, şortu, corabı) təqdim etməlidir.
10.3.1. Forma nömrələrinin olması mütləqdir.
10.4. Komanda minimum 10, maksimum 20 oyunçunu qeydiyyatdan keçirə bilər.
10.4.1. Oyun protokolunda maksimum 16 oyunçu, baş məşqçi, həkim və inzibatçı qeyd edilə bilər.
10.4.2. Protokolda adı qeyd edilməyən şəxslərin texniki zonada qalması qadağandır.
10.5. Komanda təqdim edilən bütün maliyyə tələbləri ilə razılaşmalı, iştirak haqqını vaxtında ödəməlidir.
10.6. Komandanın hər bir üzvü öz sağlamlığına cavabdehdir. Hər hansı maddi və mənəvi zərərə görə BFL-in heç bir halda məsuliyyət daşımadığını qəbul etməlidirlər.
10.7. Komanda kapitanı (və ya vitse-kapitan) müqaviləni imzalamaqla, BFL-in ümumi idman prinsiplərini və obyektiv idarəçiliyini öndə tutduğunu, buna görə qurumun daim haqlı sayıldığını, BFL ilə aralarında yaranacaq hər hansı anlaşılmazlıq və ya konfliktə görə Azərbaycan Respulikası Qanunvericiliyi qarşısında məsuliyyət daşıdığını qəbul etməlidir.
10.8. Hazırda peşəkar liqalarda (Futbol üzrə Premyer Liqa, Futbol üzrə 1-ci Divizion, Futzal üzrə Yüksək Liqa) oynayan oyunçuların BFL-də iştirak qadağandır.
10.9. Peşəkar karyerasını yenicə bitirmiş oyunçular 1 (bir) il keçdikdən sonra (birinci turun ilk gününə qədər) BFL-də iştirak edə bilərlər. Eyni zamanda bu 1 il müddəti hər hansı transfer pəncərəsinə qədərki müddəti əhatə edir. Belə ki, peşəkar karyerasını yenicə bitirmiş oyunçular BFL-in "Qış transfer pəncərəsi”nə qədər 1 illik müddəti tamamladıqları halda yanvarda hər hansı komandaya qoşula bilərlər.
10.9.1. Peşəkar karyerasını yenicə bitirmiş və cari mövsümün ilk turuna qədər 1 illik müddəti tamam olmayan oyunçulardan hər komandada yalnız bir nəfər mübarizə apara biləcək.
 
11. Oyunçuların yoxlanılması.
11.1. BFL oyunçuların tələblərə və qaydalara uyğun olub-olmadığını ("lipa” və digər məsələlərə görə) cari mövsümün ilk turuna qədər yoxlayacaq.
11.1.1. Hər hansı səbəbdən oyunçuların yoxlanma prosesi gecikərsə, o zaman sonradan "lipa” çıxacaq oyunçulara görə komandanın kapitanı məsuliyyət daşıyır. Kapitan oyunçusunun tələblərə cavab verib-verməməsi ilə bağlı şübhə duyarsa, həmin oyunçunu məsələ aydınlaşana qədər oynatmamalıdır. Əks təqdirdə oyunçunun oynadığı oyunlar texniki məğlubiyyət sayılacaq.
11.2. "Lipa” ilə bağlı müraciətlərdə aşağıdakılar nəzərə alınmalıdır:
11.2.1. Oyunçunun peşəkar liqalarda qeydiyyatdan keçməsinə və bu liqalarda çıxış etməsinə dair sənəd (rəsmi lisenziyanın olması, oyun protokolu və s.) təqdim edilməlidir.
11.2.2. Oyunçunun peşəkar liqalarda oynaması foto və video materiallarla BFL-ə təqdim olunduğu təqdirdə təşkilati heyət oyunçu barədə araşdırmalar aparır. Yoxlamalar nəticəsində oyunçunun rəsmi şəkildə peşəkar lisenziyaya sahib olduğu sübut olunmazsa (qeyri-rəsmi yollarla peşəkar liqada oynayıbsa), "lipa” sayılmır.
11.3. Hər hansı iştirakçı digər komandada "lipa”nın olması ilə bağlı yalnız mövsümün ilk turundan etibarən 1 ay müddətində BFL-ə müraciət edə bilər. Bu müddət ərzində oyunçunun "lipa” olması sübut olunarsa, oyunçu liqadan kənarlaşdırılır və komandasına həmin oyunçunun oynadığı oyunlarda texniki məğlubiyyət verilir.
11.4. 1 aylıq müddətdən sonra hər hansı komandada "lipa” olması ilə bağlı şikayət gələrsə, BFL məsələni araşdırdıqdan sonra şikayətin əsaslı olması sübut olunduğu təqdirdə oyunçu liqadan kənarlaşdırılır, lakin komandasından xal silinmir.
 
12. Cərimələr.
12.1. Hər hansı komandanın heyətində hal-hazırda peşəkar liqalarda (Futbol üzrə Premyer Liqa, Futbol üzrə 1-ci Divizion, Futzal üzrə Yüksək Liqa) iştirak edən oyunçu aşkarlanarsa, həmin oyunçunun meydanda mübarizə apardığı bütün oyunlarda komandasına texniki məğlubiyyət veriləcək və oyunçu BFL-in cari mövsümündən xaric olunacaq.
12.1.1. BFL-in tələblərinə cavab verməyən oyunçu oyunun protokoluna yazılsa da, meydana çıxmayıbsa, bu zaman komandaya heç bir cəza nəzərdə tutulmur. Lakin, belə hallar həmin komandada təkrarlanarsa, İntizam Komitəsi tərəfindən komanda ilə bağlı lazımi tədbirlər görüləcək.
 
13.Yarışların keçirilmə reqlamenti.
13.1. Bütün şərtləri vaxtında yerinə yetirən komandalar liqada iştirak hüququ əldə edir.
13.2. Bütün komandalar üçün oyunların başlama vaxtı göstərilən təqvimdə tərtib olunur və komandalara təqdim edilir.
13.3. Oyunlar həftənin bazar günləri keçirilir. İstisna hallarda (əlverişsiz hava şəraiti və s.) oyun vaxtlarının dəyişdirilməsi ilə bağlı birtərəfli olaraq BFL qərar verir.
13.4. Bütün oyunlar cədvəldə göstərilən meydanda keçirilir.
13.5. Bütün oyunların nəticələri hakimlər tərəfindən, liqa koordinatoruna oyundan sonra hakimlər otağında oyun protokollarının ötürülməsi ilə elan edilir.
13.6. Matçın rəsmi nəticəsi hakim tərəfindən verilmiş nəticə sayılır.
13.7.Komandaların kapitanlarının  və hakimin ərizəsi əsasında, yalnız BFL direktoru yarışın nəticəsini dəyişə bilər (fors-major hallarda). Oyunun nəticələrinə bütün düzəlişlər (dəyişikliklər) yalnız yarışın hakiminin təsdiqi ilə edilir.
 
14. Oyunların keçirilmə reqlamenti.
14.1. Oyun protokolunda minimum 6, maksimum 16 oyunçunun adı yazıla bilər. Protokolda komanda kapitanının və ya məşqçinin imzası mütləqdir.
14.1.1. Oyunun başlanmasına 15 dəqiqə qalmış komandalar protokolu doldurmalıdırlar.
14.1.2. Oyun protokolunda adı qeyd edilməmiş oyunçu oyunda iştirak edə bilməz. Əks təqdirdə komanda texniki məğlubiyyətlə (0:3) cəzalandırılacaq.
14.2. Matç hər biri 25 dəqiqə olan iki hissədən ibarətdir. Hissələr arasında fasilə 5 dəqiqədir. Fasilədən sonra komandalar qapıları dəyişirlər.
14.2.1. Əgər oyun gec başlayıbsa, oyunun hakimi fasilə vaxtını azaltmaq hüququna malikdir.
14.3. Çempionatın bütün oyunları yalnız oyunun hakimi, bu cür oyunlar üçün nəzərdə tutulan top (hakim müəyyən edir) və qapı torları olduqda keçirilir.
14.4. Çempionatın oyunlarının keçirilməsi üçün topları BFL təqdim edir (№5).
14.5. Yarış təqvimində komanda cütlüyündə birinci qeyd olunan komanda nominal ev sahibi sayılır.
14.5.1. Ev sahibi qismində çıxış edən komanda forma seçimi hüququna malikdir.
 
15. Oyunun təxirə salınması.
15.1. Komanda mövsüm ərzində yalnız 3 dəfə matçın təxirə salınması ilə bağlı BFL-ə müraciət edə bilər.
15.2. Komandaların öz aralarında razılaşıb oyunun vaxtını dəyişmək hüququ yoxdur.
15.3. Oyunun təxirə salınması ilə bağlı qərarı birmənalı və birtərəfli olaraq BFL qəbul edir və digər komandaya bu haqda məlumat verir.
15.4. BFL təşəbbüskar komandanın müraciətini yalnız  aşağıdakı səbəblərə görə qəbul edir:
·      Hər hansı xeyir və şər hadisə ilə bağlı komandanın bir neçə oyunçusunun oyunda iştirak edə bilməməsinə görə;
·      Komandanın kapitanı (vitse-kapitanı) yuxarıdakı səbəblə bağlı həftənin cümə axşamı günü (IV gün) saat 12:00-a qədər [email protected] e-poçtuna yazılı və rəsmi müraciət etdiyi halda (fors-major hallar istisna);
·      BFL tərəfindən komandanın müraciətinin həqiqəti əks etdirməsi təsdiqlənərsə.
15.5. Təxirə salınma ilə bağlı müraciət edən komandanın əvvəlki turlardan təxirə salınmış və oynanılmamış oyunu varsa, növbəti istəyi nəzərə alınmayacaq (fors-major hallar istisna).
15.6. Təxirə salınmış oyunlar həmin dövrənin sonuna qədər keçirilməlidir.
15.7. BFL-in birtərəfli qərarı ilə kəskin hava şəraiti, meydanda yaranmış hər hansı problemin aradan qaldırılması və müəyyən səbəblərdən yaranmış digər situasiyalara görə oyunların vaxtı dəyişdirilə, təxirə salına bilər.
15.8. BFL təxirə salınmış oyunların oynanılması üçün vaxt təyin edir. Təxirə salınmış oyunların keçirilmə vaxtı BFL-in rəsmi saytında elan edilir. Təyin olunan tarixdə oyuna gəlməyən komandaya texniki məğlubiyyət verilir (0-3). Hər iki komanda oyuna gələ bilməsə, komandalar haqqında Nizam-İntizam Komitəsi müvafiq qərarlar çıxaracaq.
 
16. Komandanın oyuna gecikməsi və ya gəlməməsi.
16.1. Mübarizə aparan komandalardan birinin gecikməsi ilə bağlı oyunun başlaması 15 dəqiqə gecikibsə, oyun hakimin qərarı ilə hissələr arasında fasilə olmadan davam edə bilər.
16.2. Komandanın oyuna gecikməsi oyun protokolunda hakim tərəfindən qeydə alınır.
16.3. Komandanın oyuna gəlməməsi halı hər hansı bir komandanın matçın təqvimdə göstərilmiş başlama vaxtından 15 dəqiqə sonra meydanda tam hazır vəziyyətdə olmaması sayılır.
16.4. Komandanın gəlməməsinə görə texniki məğlubiyyət (0:3) və onun rəqibinə üç xal hesablanır.
16.5. Oyuna gəlməyən və ya gecikən komandaya Nizam-İntizam komitəsi tərəfindən müəyyən olunmuş cəzalar tətbiq oluna bilər.
16.6. Oyuna 3 (üç) dəfə ardıcıl olaraq gəlməyən komanda haqqında BFL  Nizam-İntizam Komitəsi iclas keçirir və komandanı liqadan xaric etmə hüququna malikdir.
16.7. Mövsüm ərzində 6 (altı) dəfə oyuna gəlməyən komanda haqqında BFL Nizam-İntizam Komitəsi iclas keçirir və komandanı liqadan xaric etmə hüququna malikdir.
16.8. Komandalar oyunun başlama vaxtına ən az 30 dəqiqə qalmış meydanda olmalıdırlar.
 
17. Komandanın oyuna buraxılmaması.
17.1. Komanda aşağıdakı hallarda oyuna buraxılmır:
а) Oyunun təqvimdə göstərilən başlama vaxtından maksimum 15 dəqiqə sonra tam hazır vəziyyətdə meydanda olmazsa;
b) Ən az 6 nəfərin idman geyimləri tələb olunan səviyyədə olmazsa;
c) Heyətində 6-dan az oyunçu olarsa;
d) BFL-in sübuta yetirilmiş əsaslarla situasiaya uyğun qərarı ilə.
17.2. Oyuna buraxılmayan komandaya texniki məğlubiyyət verilir (0-3).
 
18.Komandanın liqadan kənarlaşdırması.
18.1. BFL-in qərarı ilə komanda liqanın gedişatında liqadan kənarlaşdırıla bilər.
18.1.1. Komandanın liqadan kənarlaşdırılmasına səbəb ola bilər:
а) Hazırki vəziyyətin pozulması:
b) İdman mübarizə prinsipinə riayət edilməməsi:
c) Komandanın və ya oyunçuların öz öhdəliklərini yerinə yetirməməsi;
d) Liqa qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməməsi:
e) Komandanın liqanı könüllü tərk etməsi barədə bəyanatı (komandanın kapitanı tərəfindən)
e) digər səbəblər (məsələn BFL Nizam-İntizam komitəsinin qərarı ilə)
18.2 Komanda liqadan və ya cari mövsümdən kənarlaşdırıldığı halda BFL tərəfindən heç bir ödəniş geri qaytarılmır.
18.3. Komanda liqadan və ya cari mövsümdən xaric olunsa belə, BFL-ə borcu olduğu təqdirdə borcunu ödəməyə məcburdur. Əks halda müqavilə şərtlərinə əməl etmədiyi üçün komandanın kapitanı (vitse-kapitan)  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
18.4. Komandanın hər hansı məsələ ilə bağlı BFL-i şərləyərək şikayət etmək, məhkəməyə vermək, BFL-ə maddi və ya mənəvi ziyan vurmaq hüququ yoxdur. Əks halda BFL ilə münaqişəyə girmiş şəxslər qanun qarşısında cavab verəcəklər.
18.5. Komandanın cari mövsümdən kənarlaşdırıldığı halda, turnir cədvəlinə aşağıdakı dəyişikliklər və əlavələr edilir:
18.5.1. Komanda liqada BFL-in üzvlüyünün saxlanılması ilə yarışdan xaric oluna bilər və ya komanda üzvlükdən çıxarıla bilər (qərar BFL tərəfindən qəbul edilir).
18.5.2. Xaric olunan komandanın bütün statistik göstəriciləri qalır və növbəti turdan etibarən bütün oyunlarına texniki məğlubiyyət verilir (0-3).
18.6. Bakı Futbol Liqasının xaric olunan komandanın yerinə ehtiyatda olan komandanı liqaya qoşmaq hüququ vardır. Xaric olunan komanda liqanı hansı sırada tərk edibsə, yeni komanda həmin sıradan mövsümə qoşulur və xal, qalibiyyət, bərabərlik, məğlubiyyət, vurulan və buraxılan qolların sayı yeni komandaya şamil olunur. Vərəqələrin yeni komandaya heç bir aidiyyatı yoxdur.
 
19. Transfer pəncərəsi.
19.1. Transfer pəncərəsi 25 dekbar – 5 yanvar tarixlərində açıq olur. Transfer müddəti BFL-in rəsmi saytında elan olunur.
19.2. Transferlər yalnız BFL-in müəyyən tələblərinə riayət olunduğu halda baş tuta bilər. Əks halda BFL yeni oyunçuların komandanın iştirak ərizəsinə salınmasına icazə verməyəcək. Bu tələblər komanda və oyunçuların hüquqlarının pozulmaması üçün BFL tərəfindən atılan vacib addımdır.
19.3. Transfer prosesində "Komandalar” və "Oyunçu” birbaşa olaraq BFL ilə əlaqədə olmalı, prosesin hər bir mərhələsində BFL-ə yazılı məlumat verməlidir.
Transfer prosesi aşağıdakı kimi olmalıdır:
      "Transfer edən komanda”  BFL-in hər hansı komandasının üzvü olan və ya BFL-in cari mövsümündə iştirak etməyən oyunçu ilə maraqlandıqlarını və oyunçunun mənsub olduğu komanda ilə transfer danışıqlarına başladıqları haqqında [email protected] adresinə yazılı məlumat göndərir.
      Komandalar arasında danışıqların son nəticəsi bəlli olandan sonra "transfer edən komanda” [email protected] adresinə yazaraq danışıqların son nəticəsi və transferin baş tutub-tutmayacağı haqqında dəqiq məlumat verir.
      Hər iki komandanın kapitanı transferin baş tutması ilə bağlı razılıq əldə etmədiyi təqdirdə oyunçu istəsə belə bu transfer BFL tərəfindən tanınmayacaq. Lakin oyunçuya qarşı hər hansı təzyiq olması halında obyektiv qərarla transferin baş tutub-tutmayacağına BFL qərar verəcək.
19.4. Komanda kapitanı oyunçusunun digər komandaya transferi ilə bağlı heç bir probleminin olmadığını və buna razılıq verdiyini BFL-ə bildirdikdən sonra oyunçu yeni komandaya transfer oluna bilər.
19.5. "Transfer pəncərəsi”ndə hər komanda maksimum 8 (səkkiz) oyunçunu heyətinə qata bilər (bütün oyunçuların sayı 20-ni keçməməklə).
 
20. Hakimlik.
20.1. Oyuna təyinat alan hakimlər toxunulmazdır.
20.2. Oyunun hakiminin hər hansı bir qərarı bütün oyunçular üçün məcburi sayılır.
20.3. Oyunun hakimi oyun zamanı, əvvəli və sonrası rəsmi şəxs sayılır. Oyun zamanı kimə ünvanlandığından asılı olmayaraq vulqar ifadələrdən, hər hansı qeyri-etik jest və hərəkətlərdən istifadə edən oyunçular hakim tərəfindən şifahi və ya rəsmi şəkildə xəbərdar ediləcək. Hakimin oyundan sonra protokolda qeydi ilə təqsirkar komanda və ya oyunçular Nizam-İntizam Komitəsi tərəfindən sərt şəkildə cəzalandırılacaq.
20.4. Komandalar müqaviləni imzalamaqla hakimlərin toxunulmazlığını qəbul edir, onlara fiziki və mənəvi zərərin dəyməsinə görə birbaşa məsuliyyət daşıyırlar.
20.5. Komandalar müqaviləni imzalamaqla hakimlərin heç bir maraq güdmədən oyun idarəetməsi zamanı hər hansı yol verilə bilən səhv qərarı anlayışla qarşılamağı qəbul edirlər. Qaranlıq məqamla bağlı isə Nizam-İntizam Komitəsi və Hakimlər Komitəsi birgə iclas keçirib müəyyən qərarlar qəbul edə bilər.
20.6. BFL-in qaydaları ilə oyunu idarə edən hakimlərin sayı iki və ya üçə qədər artırıla bilər.
 
21. Etirazın verilmə qaydası və apelyasiya.
21.1. BFL-də etirazlar komanda kapitanı tərəfindən yalnız yazılı şəkildə qəbul edilir.
21.2 Bu etirazlara yalnız oyun ərzində distiplinar sanksiyalar (vərəqələr) aiddir. Matçın təkrarlanması,  hesabın dəyişdirilməsi və s. ilə bağlı müraciətlərə baxılmayacaq.
21.2. Oyunun gedişatına etiraz matç başa çatdıqdan sonra 15 dəqiqə ərzində oyunun protokolunda qeyd olunmalıdır.
21.3. Oyunun hakimi barəsində etiraz, BFL-in Nizam-İntizam Komitəsinə olunur.
21.4. Apelyasiya və protestlərə Nizam-İntizam Komitəsi tərəfindən həftənin çərşənbə axşamı günü baxılır və qərarlar çərşənbə günü ictimaiyyətə təqdim olunur.
21.5. Hakim səhvləri kimi təsnifatlandırıla bilən hakim qərarlarına etirazlar qəbul olunmur.
 
22. Reqlament fəaliyyətinin qaydası və müddəti.
22.1. Bu reqlamentə bütün yarış iştirakçılarının riayət etməsi məcburidir. Hər hansı dəyişiklik lazım gələrsə, BFL-in təşkil etdiyi iclasda iştirakçı komanda nümayəndələri ilə müzakirələr sonunda razılıq əldə olunduğu halda müvafiq maddələr dəyişdirilə, əlavə və ya ləğv oluna bilər.
22.2. Komandaların bütün üzvləri qeydiyyat zamanı müqavilə imzalandığı andan reqlamentin bütün maddələrini qəbul edir və hər hansı maddənin pozulması, BFL-in qərarlarına əsassız müdaxilə və s.  səbəblərdən birbaşa məsuliyyət daşıyır.
22.3. Komandalar  müqaviləni imzalamaqla BFL Nizam-İntizam Kodeksində göstərilən bütün cəzalarla, həmçinin maddi cəzalarla (pul cəzaları) tanış olmuş və qəbul etmiş sayılır. Komanda BFL tərəfindən təyin olunan hər hansı pul cəzasını cəza elan olunan gündən sonra həmin həftənin cümə günü saat 22:00-a qədər tam şəkildə ödəməlidir. Ödənişlər elektron formada həyata keçirilir.
22.4. Oyunçuların və komandaların davranışları və hərəkətləri ilə bağlı olaraq yaranacaq situasiaya uyğun  Nizam-İntizam Kodeksində və ya Reqlamentdə müvafiq bənd yoxdursa, Nizam-İntizam Komitəsi məsələ ilə bağlı əsaslı qərarlar qəbul edə,  oyun, xal və pul cəzası tətbiq edə bilər.
22.5. Reqlament imzalanacaq müqaviləyə qoşma şəklində komandalara təqdim edilir. Komandaların və oyunçuların bu reqlamentə əsasən hərəkət etməsi məcburidir. Reqlamentin hər hansı bəndinin pozulmasına görə təqsirkar oyunçu və komandası Azərbaycan Respublikasının qanunvericiliyi qarşısında birbaşa olaraq məsuliyyət daşıyır.
22.6. Reqlamentdə olan və olmayan istənilən situasiyada komandanın kapitanı və vitse-kapitanı komanda üzvlərinin hərəkətlərinə, BFL qarşısında maliyyə və nizam-intizam məsələlərinə cavabdeh şəxslərdir.
 [r1]


190     
Reklam

Reklam