» » » “Araz-Naxçıvan”ın Türkiyə klubları ilə 6 illik qələbə həsrəti bitdi!

“Araz-Naxçıvan”ın Türkiyə klubları ilə 6 illik qələbə həsrəti bitdi!

“Araz-Naxçıvan”ın Türkiyə klubları ilə 6 illik qələbə həsrəti bitdi!Baş məşqçi Əsgər Abdullayevlə yeni uğurlar hədəfləyən "Araz-Naxçıvan" PFK bu yolda inamla irəliləməkdədir.
 
Premyer.az xəbər verir ki, heyətin formalaşdırılması və oyun təcrübəsinin artırılması məqsədi ilə hazırlıq görüşlərində gücünü sınayan komanda Türkiyənin Doğu Bəyazid bölgəsində 2 günlük təlim məşq toplanışı keçirdi və bu zaman ərzində də yoldaşlıq matçına çıxdı.
 
Sentyabrın 28-29-u tarixlərini əhatə edən toplanışın ilk günündə "Yaşar Əryılmaz Stadionu”nda ilk məşqini reallaşdıran komanda baş məşqçinin fiziki və texniki məşq proqramına uyğun hazırlıqlar keçdi. Axşam saatlarında və oyun günü futbolçularla fərdi və kollektiv şəkildə psixoloji söhbətlər aparan Əsgər Abdullayev onları tam şəkildə oyuna kökləməyə çalışdı. Yüksək motivasiya ilə meydana çıxan futbolçular isə məşqçinin etimadını doğrulda bildi.

Matçın nəticəsinə gəlincə, öncə onu qeyd edək ki, mehribanlığı və qonaqpərvərliyi ilə seçilən qardaş ölkə təmsilçisiləri start fitindən öncə baş məşqçimizə "Doğu Bəyazidspor” adından xatirə hədiyyələri (kluba aid köynək və şərf) təqdim etdilər. Əsgər Abdullayev isə öz növbəsində diqqətə görə minnətdarlıq edərək, uğurlar arzuladı.

Azarkeşlər zurna, davulla yerli komandanı qələbəyə səsləsə də hər iki tərəfin ehtiyatlı və kəşfiyyat xarakterli oyunu nəticəsində ilk hissədə qol səsi eşidilmədi. Daha çox təbii ot örtüyünə alışan "Araz-Naxçıvan” futbolçularına ilk 45-də bu amil təsir etsə də ikinci yarıda meydan sahiblərinə əsl gücünü göstərə bildilər. Xüsusən də, qapıçımız Mövlan Kərimovun əla qurtarışı komandanı ruhlandıran əsas amillərdən biri oldu.
İlk qol isə bizə xas taktika ilə gəldi.
 
"Azərbaycansayağı künc zərbəsi” kimi tanınan tərzi qola çevirmək asan olmasa da Naxçıvan futbolçuları öhdəsindən gələ bildi. İlk qolu təsvir etsək müəllifi Ayxan Həsənov "memar”ı isə təbii ki, Əsgər Abdullayev idi. İrəliləyən dəqiqələrdə Vüsal Əliyevin möhtəşəm zərbəsi ilə üstünlüyümüz iki topa yüksəldi. Hesabda geri olan meydan sahibləri ara-sıra təhlükə yaratmağa çalışsa da məğlubiyyətdən qaça bilmədi.
 
Matçın sonlarına doğru Elnur Səmədovun 11 metrlik cərimə zərbəsini dəqiq yetirməsi fərqi daha da artırdı (0-3). Matçın bitməsinə yaxın Elnur ötürmə, Vüsal isə daha bir qolun müəllifi kimi böyükhesablı qələbədə pay sahibi oldular.
 
Rəqibi 4-0 hesabı ilə məğlub edən "Araz-Naxçıvan” bununla da Türkiyə klublarına qarşı 6 illik qələbəsizlik seriyasına da son qoydu.
 
Qeyd edək ki, "Araz-Naxçıvan" PFK türk klublarına qarşı sonuncu qələbəni məhz Əsgər Abdullayevin başçılığı altında 2013-cü ildə "Yakutiyaspor”la oyunda qazanıb. 
138     
Reklam

Reklam