» » » "Füzuli" FK-dan fəryad: "Komandaya dəstək olun! Region Liqasındakı çıxış sual altındadır!" MÜSAHİBƏ

"Füzuli" FK-dan fəryad: "Komandaya dəstək olun! Region Liqasındakı çıxış sual altındadır!" MÜSAHİBƏ

"Füzuli" FK-dan fəryad: "Komandaya dəstək olun! Region Liqasındakı çıxış sual altındadır!" MÜSAHİBƏSon günlər mətbuatda "Füzuli” komandası ilə əlaqədar dolaşan xəbərlərə aydınlıq gətirmək üçün, Premyer.az saytının müxbiri klubun baş məşqçisi Vasif İsmayılovla görüşüb, söhbətləşib.
Geniş müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:

-          Vasif müəllim, komandanız çox gəncdir. Amma 2017-ci ildə yaranmasına baxmayaraq, 2017/18-ci il mövsümündə Region Liqasının bürünc mükafatçısı, 2018/19 mövsümündə ¼ finalçısı, həmin il Topaz Futbol Festivalında, Azərbaycanın bütün bölgələrini təmsil edən 56 komanda arasında 3-cü yerə çıxıb, bu yaxınlarda isə Qroznı şəhərində keçirilən Həvəskarlar arasına III Rusiya çempionatının gümüş mükafatçısı, 3 futbolçusu isə, müxtəlif nominasiyalarda bu mötəbər turnirin qalibi olub....
           Qısa müddət ərzində əldə etdiyi bütün bu uğurlara baxmayaraq, komanda hal-hazırda maliyyə böhranı yaşayır və bu günlərdə start veriləcək Region Liqasında komandanın çıxışı sual altındadır..
-          Bildiyiniz kimi bu mövsüm Region Liqasında rəqabət daha da gərgin olacaq. Turnirə yeni komandalar qoşulub. Bir çox komandalar öz iddialarını gizlətmir. Biz də bu mövsüm böyük iddialar ilə turnirə qatılmaq istəyirdik, lakin, təəssüflər olsun, komandamızda hal-hazırda yaranmış istisadi böhran buna imkan vermir. Ümumiyyətlə bu mövsüm Region Liqasında çıxışımız hal-hazırda sual altındadır.

-          Konkret olaraq, nə kimi problemləriniz var?
-          Komandamıza yeni transfer etdiyimiz 3 futbolçu, digər klublardan, maliyyə cəhətdən daha əlverilşli təkliflər aldıqları üçün, klubu tərk ediblər. Biz onları buraxmaq məcburiyyətində qaldır.

-          Yerli futbolçular necə? Komandanın düşdüyü vəziyyəti başa düşürlər mi?
-          Komandada qalan futbolçularımızla söhbətimiz olub. Onlar hamısı bir səslə, lazım olarsa, yeni mövsüm komandada təmənnasız oynamağa hazır olduqlarını bildiriblər. Buna görə biz onlara öz dərin təşəkkürümüzü bildiririk. Yalnız biz, komanda rəhbərliyi olaraq, bunu qəbul edə bilmərik və buna razı deyilik. Çünki futbolçular da burda öz ailələri üçün çörək pulu qazanır, və pulsuz oynayacaqları təqdirdə artıq iddiadan, nizam-intizamdan və ciddi məsuliyyətdən söhbət gedə bilməz...

-          Yaranmış acınacaqlı vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
-          Biz artıq bütün Füzulililərə, bu bölgədən olan iş adamlarına müraciət etmişik və Premyer.az saytı vasitəsilə bir daha müraciət edirik. Biz bu ildə Region Liqasında iddialı və ən yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik.

-          Konkret olaraq müraciət etmək istədiyiniz şəxslər var mı?
-          Hal-hazırda Azərbaycanda istənilən sahədə, təşkilatda, müəssisədə Füzulidən olan tanınmış şəxslər özlərinə layiq yüksək yerləri tutublar. İş adamları, müğənnilər, futbolçular... Məsələn müğənnilər Eldəniz Məmmədov, Manaf Ağayev, Nadir Bayramlı, futbolçular Qara Qarayev, Rauf Əliyev, Səlahət Ağayev və digərləri üçün bir nəfəri öz öhdəliyinə götürmək məncə çətin bir şey deyil.

-          Komandanızda neçə nəfər futbolçu var?
-          Cəmi 20 nəfər futbolçumuz var. Onlara hər oyun 50 manat mükafat veririk. Özümü, rəhbər və texniki heyəti saymıram. İnanmıram ki, Füzulidən heç olmasa 20 nəfər xeyirxah insan çıxmaya. Məncə bu məbləğ iş adamları üçün böyük bir məbləğ deyil. Hərə üzərinə cəmi bir futbolçunu götürsə, birlikdə biz komandamızı böhrandan çıxara bilərik.

-          "Füzuli” klubunu – Füzulililərin komandası da elan etməyə hazırsınız...
-          Bəli, Füzlidən, və ya Füzlidən qıraq hər hansı bir iş adamı komandaya sahib olmaq istəyirsə, biz, başda rəhbərlik, sonda inzimatçı olmaqla, hamımız istefa verib, komandamızı təhvil verə bilərik. Çünki bizim artıq komandanı saxlamağa gücümüz yoxdur. Bizim əsas məqsədimiz – Füzulidə futbolu qoruyub saxlamaqdır!

-          İş adamlarına müraciət etdiyinizi qeyd etdiniz. Bəs Respublikada ali futbol qurumu olan AFFA-ya necə, müraciət etmisiniz mi?
-          Hər kəs bilir ki, AFFA həm Premyer Liqa, həm də Birinci Divizionda komandalara köməklik göstərir. Füzuli – işğal olunmuş rayondur. Nə Premyer Liqada, nə də ki Birinci Divizionda demək olar ki, işğal olunmuş regionu təmsil edən komanda yoxdur. Biz isə iki mövsümdür ki, bütün oyunlarımızı Bakıda yox, Horadizdə keçiririk. Bunun isə nə qədər çətin və məsuliyyətli olduğunu yəgin ki, hər kəs başa düşür. Düşünərim ki, AFFA bizim komandanı da öz himayəsi altına götürə bilər. Yeri gəlmişkən, burdan AFFA-ya müraciət edirik. Komandamıza yardım olsunlar. Füzuli kimi regionumuzun futbolsuz qalmasına imkan verməsinlər.

-          Vasif müəllim müsahibə üçün təşəkkür edirik və ümid edirik ki, yaxın zamanda komandanızın çağırışına hay verən tapılacaq və "Füzuli” komanda  yeni iddialarla Region Liqasında mübarizə aparacaq.
 
p.s. Komandaya yardım etmək istəyənlər üçün əlaqə və hesab nömrələri:
Tel: 050 795 55 20
"Füzuli" FK-dan fəryad: "Komandaya dəstək olun! Region Liqasındakı çıxış sual altındadır!" MÜSAHİBƏ
 
Rauf İskəndərov / Premyer.az
373     
Reklam

Reklam