» » » Bordinin inadkarlığı, Bordinin müəmmaları - YAZI

Bordinin inadkarlığı, Bordinin müəmmaları - YAZI

Bordinin inadkarlığı, Bordinin müəmmaları - YAZIAzərbaycan milli çempionatları tarixində ilk italiyalı baş məşqçi olan Roberto Bordin. Ötən yay "Neftçi"ylə 2 illik müqavilə imzalayan 54 yaşlı mütəxəssis debüt mövsümünə çox uğurla başlayaraq ilk dövrədən sonra "Qarabağ"ı 5 xal qabaqladı, ümumiyyətlə, çempionluq mübarizəsində əsas rəqibinə 3 dövrə 1-ci pillədə olmağa imkan vermədi. Düzdür, son dövrədə Qurban Qurbanovun komandası "Neftçi"ni böyük fərqlə keçərək ardıcıl 6-cı dəfə çempion oldu.​

Bu mövsümə Bordinin komandası çox uğursuz başlayaraq artıq 2 məğlubiyyət alıb, "Qarabağ"dan isə artıq 8 xal geridədi. Halbuki, belə böyük​ xal fərqi yalnız ötən çempionatın sonunda qeydə alınmışdı. Əslində, belə uğursuzluğun olacağı mövsümün əvvəlindən gözlənilmirdi. Axı, "Neftçi" Avropa Liqasına fırtına kimi başlamışdı - 4 oyuna 4 qələbə, topların fərqi 13-0. Komanda Rusiya Premyer Liqası təmsilçisi "Arsenal"ı "diz çökdürmüşdü". Onda italiyalının yetirmələrinə qol vurmaq mümkün deyildisə, bundan sonra Avroliqanı da nəzərə alsaq, komanda 6 oyunun hamısında qapısında top görüb. Bəli, "Neftçi"nin hazırda ən ağrılı yerlərindən biri məhz müdafiədi. Bordin hələ də optimal heyət axtarışında olaraq hər oyunda rotasiyalar edir.

Ancaq onun müdafiəsində bir isim var, 8 matçın hamısında iştirak edib. Özü də əvəz olunmadan. Bu, Kiril​ Petrovdu. Hamı ehtiyata göndərilsə də, Bordinin sevimlisinə bu, şamil olunmur. Deyək ki, Petrov çox etibarlı müdafiəçidi, səhvləri olmur, bu da düzgün olmazdı. Komanda uğursuz çıxış edirsə, hər görüşdə qol buraxırsa, müdafiədə dəyişikliklər olması, mərkəz müdafiəçiləri tandeminin dəyişdirilməsi labüddü. Ancaq hər şeyə rəğmən, Bordinin müdafiəsinin mərkəzində bir yeri Kiril bronlaşdırıb. Halbuki, alternativ variantlar var. Məsələn, müdafiənin mərkəzində Vojislav Stankoviç - Mamadu Mbodj tandeminə baxmaq çox maraqlı olardı. Ancaq "Neftçi"nin çalışdırıcısı yeni mövsümdə bir dəfə olsun belə bu dueti oynatmayıb. Petrovla hətta Anton Krivotsyuk da birgə tandem təşkil edib, ancaq Stankoviçlə Mbodja belə bir şans tanınmayıb. Niyə? Çünki Petrov toxunulmazdır! Ukraynalıya Bordinin "ülvi məhəbbət”inin sirrini isə yəqin ki, özüylə Siciliyaya aparacaq.  ​

Ötən mövsümdən A komandasına gətirərək əsas heyətdə oynatdığı, start "11-liy"inin oyunçusuna çevrilən sağ cinah müdafiəçisi Ömər Buludov bu çempionatda daimi oynamır, ilk 2 turda ümumiyyətlə, ehtiyatda qaldı.​ Son turda oynadılması​ məcburiyyətdən idi. Axı, 21 yaş limitindəki digər oyunçu Krivotsyuk qırmızı vərəqə aldığından cəzalı idi. İndi Antonda bu problem artıq qalmasa belə, sol cinah müdafiəçisi mövqeyində yer alacağını əminliklə deyə bilmərik. Çünki həmin mövqeyə Donald Gerye transfer olunub və debütündə yaxşı təsir bağışladı. Bordin 21 yaş limiti oyunçulardanın Krivotsyukla Buludov arasında seçim etməli olacaq.

Təcrübəli mütəxəssis ötən mövsümün ikinci yarısında "Neftçi"də çıxış edərək bombardir olan Mbodju​ artıq hesabdan silib və belə gedişlə seneqallı legionerini​ artıq qış fasiləsində göndərəcək. Hər halda, Mamadu bu 4 turda 1 dəqiqə olsun belə meydanda olmayıb, sonuncu dəfə 1 ay öncə Tel-Əvivdə Avroliqa matçında oynayıb. İtaliyalı mütəxəssis braziliyalı cinah yarımmüdafiəçisi Dario Federikonu da "dəfn edir". Hər halda, Dario yalnız ilk turda əsas heyətdə oynayıb, onda da 65 dəqiqə. Sonrakı 2 matçı Federiko ikinci hissədə bu dəqiqələrdə meydana çıxıb, son turda isə "Qarabağ"la matçda ümumiyyətlə, ehtiyatda qalıb. Belə aparıcı futbolçunun belə vacib matçda oynadılmaması müəmmalı qalır. Dario "Neftçi"yə elə qayıtmışdı ki, deyirdin, onun qabağını, sürətli reydlərinin qarşısını alan olmayacaq. Ancaq "Neftçi"nin "10 nömrə"si indi əsas heyətə düşməkdə belə çətinlik çəkir.

Hər halda, bu legionerlər klubda qəpik-quruş almırlar. Elə Vangelos Platellas da. Bu yunan yarımmüdafiəçi də daha 90 dəqiqə meydanda olmur. Ən önəmlisi, onun mövqeyi ilə bağlı Bordin 1 ilə yaxındı bir qərara gələ bilmir. Bilmək olmur ki, Vangelos​ "Neftçi"nin oyun qurucusudu, yoxsa sağ cinah vingeri. Bordin Platellası​ daha çox yarımmüdafiənin sağ cinahına çəksə də, əsl yeri mərkəzədi və bu zaman komandaya daha faydalı olur.

Bordinin bir sevimlisi də var ki, bu, yay transferi Stiven Monrozdu. Fransalı legioner yay fasiləsində böyük ümidlərlə gətirilib. Özü də böyük məbləğ qarşılığında transfer olunduğundan, ehtiyatda saxlanılması anormallıq olardı. Ancaq futbolçuya böyük pullar verilib deyə hansı formada olmasından asılı olmayarar, əsas heyətdə oynadılması da peşəkarlıqdan uzaqdı. Bəli, Monrozun Avroliqada "Neftçi" üçün faydası çox oldu,​ vacib qollar vurdu. Ancaq "Qəbələ"dəki kimi parlaq çıxış etmir, liderlik keyfiyyətlərini göstərmir, meydanda ağır görünür. Bu çempionatda cəmi 1 qol vurub, qələbə topu olsa da, "Sumqayıt"la qalmaqala gətirib çıxaran epizodda.

Bordinin Monrozla bağlı yanlığı ondadır ki, onu hücumun mərkəzində oynatmır. Hər halda, o, "Qəbələ"də bu mövqedə də uğurlu çıxış edib, vacib qollar vurub. "Neftçi"də hazırda mərkəz hücumçusu ilə bağlı ciddi problem var. Ötən mövsüm komandanın bombardiri Baqali Dabo zədədən sonra hələ də formada deyil, yeni mövsümdə qol hesabını belə aça bilməyib, artıq çəkiyə malikdi. Digər mərkəz hücumçusu Rauf Əliyev də "Neftçi"nin hücum xəttindəki problemini həll edən gücdə deyil.​ Təsadüfi deyil ki, 4 oyuna 3 qol - onun da 2-ni yarımmüdafiəçi vurub.

Və nəhayət, "Neftçi"nin fiziki durumu haqda. Bu işdə​ məsuliyyət birbaşa Bordində​ olmasa da, hər halda, yenə italiyalı mütəxəssisdən danışmalıyıq. Bu, baş məşqçinin​ fiziki hazırlıq üzrə həmyrelisi olan Andre Vezzudu. "Neftçi" mövsümün əvvəlində, Avropa Liqasının ilk matçlarında necə pressinq edən komanda idi!? "Arsenal" kimi yaxşı fiziki hazırlığı olan rəqiblə 180 dəqiqəlik dueldə bir an bu baxımdan problem yaşamayan "ağ-qaralar" indi çempionatın əvvəlində bu planda artıq "axsamağa" başlayıb.​ Deməli, yay yükləmələri düzgün olmayıb ki, çempionatın əvvəlidi, amma komanda indidən ağır görünür.

Bəli, Roberto Bordinin komandası heç də yaxşı günlərini yaşamır. Ən əsası, toparlana bilmir. Turlar isə bir-birini əvəzləyir və ilk dövrənin bitməsinə az qalıb. "Neftçi" nə qədər dönüş nöqtəsini sözün əsl mənasında edə bilməyəcəksə, gücünü, əzəmətini, potensialını tam göstərməyəcəksə, lider "Qarabağ"la xal fərqi daha da artacaq. Bu zaman isə çempionluq mübarizəsini vaxtından xeyli əvvəl arxa plana keçirməyə məcbur qalaraq​ mükafatlar, avrokuboklara vəsiqə uğrunda yarışmalı olacaq.​

MEHMAN SÜLEYMANOV
147     
Reklam

Reklam