» » » EKSKLÜZİV! "Füzuli" FK-nın baş məşqçisi: "Azərbaycanı təmsil edəcəyimiz üçün, üzərimizə böyük məsuliyyət düşür" MÜSAHİBƏ

EKSKLÜZİV! "Füzuli" FK-nın baş məşqçisi: "Azərbaycanı təmsil edəcəyimiz üçün, üzərimizə böyük məsuliyyət düşür" MÜSAHİBƏ

EKSKLÜZİV! "Füzuli" FK-nın baş məşqçisi: "Azərbaycanı təmsil edəcəyimiz üçün, üzərimizə böyük məsuliyyət düşür" MÜSAHİBƏ20-22 sentyabr tarixlərində Rusiya Federasiyasının Qroznı şəhərində keçiriləcək Həvəskarlar Arasında (8x8 sitemi üzrə) III Rusiya Çempionatında iştirak etmək üçün Rusiyaya getməyə hazırlaşan "Füzuli" komandasının baş məşqçisi Vasif İsmayılov Premyer.az saytına müsahibə verib.

Müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:

-         Vasif müəllim, beynəlxalq turnirdə iştirak etmək üçün Rusiyaya yollanan komandanızın qarşısında hansı məqsədlər qoyulub?
-          İlk növbədə məqsədimiz – qrupdan play-off mərhələsinə çıxmaqdır. Belə mötəbər beynəlxalq turnirdə ilk dəfə iştirak edəcəyik. Rəqiblərimizi demək olar ki, tanımırıq, ona görə də indidən proqnoz vermək çox çətindir.

-         Ötən mövsüm Region Liqasında iştirak etdikdən sonra, demək olar ki komandanın heyəti yenidən formalaşıb, komandaya yeni futbolçular dəvət olunub. Yeni mövsüm də hələ ki başlamayıb... Bunun sizin çıxışınıza mənfi təsiri ola bilər mi?
-          Bəli, komandamızı demək olar ki, tamamı ilə yeniləmişik, komandaya yeni təcrübəli futbolçular cəlb etmişik. Düzdür, vaxt baxımından qıtlığımız oldu, yetərincə məşq keçirə bilmədik. Amma yenə də, buna baxmayaraq, heyətimiz daha güclü və daha iddialıdır.

-         Qeyd etdiyiniz kimi, beynəlxalq turnirdə ilk dəfə iştirak edəcəksiz. Bu amil komandanıza, futbolçularınıza psixoloji təsir etməyəcək ki?
-          Əksinə. Biz tək Füzulini yox, bütün Azərbaycanı təmsil edəcəyimiz üçün, üzərimizə düşən böyük məsuliyyəti anlayırıq. Digər tərəfdən, beynəlxalq turnirlər, komandamız və futbolçularımız üçün böyük təcrübə qazandıracaq.

-         Turnirdə 16 həvəskar komanda iştirak edir. Bunlar arasında turnirin favoritlərindən biri sayılan, 2018-ci il mövsümündə həvəskarlar arasında Çempionlar Liqasının qalibi, Almaniya Kubokunun finalçısı olmuş – "Şturqart” Qroznı, o cümlədən Moskva şəhərini təmsil edən, beynəlxalq yarışlarda böyük uğurlar əldə etmiş – "Arsenal” və "Bavariya” kimi komandalarını da qeyd edə bilərik. Belə rəqiblərin olması sizi qorxutmur ki?
-          Xeyir, rəqiblərimizdən qorxmuruq. Komandada əhval – ruhiyyə çox yüksəkdir. Hətda istəyirdik ki, turnirdə qonşu işğalçı ölkənin komandası da iştirak etsin və onlarla da qarşılaşaq. Amma təəssüflər olsun ki, onlar iştirakdan boyun qaçırıb. Uşaqlarımız da ən çox buna üzülür...

-          Yeri gəlmişkən, təşkilatçılar "Füzuli” komandasını səhvən Bakı komandası olaraq təqdim ediblər..
-          Bəli, düz qeyd etdiniz. Düşünürəm ki, bu, məlumatsızlıqdan irəli gəlir. Komandamız yeni olduğu üçün, bizi ölkə xaricində hələ ki yaxşı tanımırlar. Amma biz turnir iştirakçılarına Füzuli haqqında həqiqətləri mütləq çatdıracayıq. Bir qismi ermənilər tərəfindən işğal edilmiş bir bölgəni təmsil etdiyimizi, ev oyunlarını Bakıda yox, Füzuli rayonunda, Horadizdə  keçirdiyimizi yarışın təşkilatçılarına və bütün  iştirakçı komandalara mütləq çatdıracayıq.

-         Sizə və komandanıza uğurlar arzulayırıq. Yolunuz açıq olsun!
 
Müsahibə və Foto – Rauf İskəndərov / Premyer.az
422     
Reklam

Reklam