» » » "Qəbələ" Ukraynanın "Dnepr" komandası ilə qarşılaşdı

"Qəbələ" Ukraynanın "Dnepr" komandası ilə qarşılaşdı

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ” dünən son yoxlama oyununu keçirib. Premyer.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qırmızı-qaralar” yanvarın 10-da başlayan təlim-məşq toplanışını Ukraynanın "Dnepr” klubu ilə qarşılaşma ilə yekunlaşdırıb. Görüş "Gloria Sport Arena”da keçirilib. Komandamızın baş məşqçisi Roman Qriqorçuk bu görüşdə aşağıdakı "11-liy”ə şans verib: Dmitri Bezotosnı, Arif Daşdəmirov, Rafael Santos, Vojislav Stankoviç, Məhəmməd Mirzəbəyov, Vadim Abdullayev, Aleksey Qay, Rəşad Eyyubov, Aleksey Antonov, Ermin Zets, Dodo.
Qarşılaşmaya "Dnepr” daha fəal başlasa da, "qırmızı-qaralar” oyunda tarazlıq yaradıb. İlk hissənin ortalarında isə üstünlüyə yiyələnən komandamız daha çox hücum edib. Buna baxmayaraq, hesabı Dnepropetrovsk klubu açıb. Görüşün 39-cu dəqiqəsində Edmar fərqlənib. Qolun ardından dəyişikliyi zəruri hesab edən Qriqorçuk sarı vərəqə almış Eyyubovu Rəşad Sadiqovla əvəzləyib. Lakin 3 dəqiqə keçmiş rəqib qapıçı ilə toqquşan yarımmüdafiəçi matçı davam etdirə bilməyib. Onun əvəzinə Sergey Zenyov oyuna daxil olub. Fasilədən sonra Andrey Popoviç Bezotosnını, Ürfan Abbasov Daşdəmirovu, Pavel Paşayev Mirzəbəyovu, Vitali Vernidub Stankoviçi, ikinci hissənin gedişində Elvin Camalov Abdullayevi, Samir Zərgərov Dodonu əvəzləyib. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunda hər iki komandanın qapısı önündə təhlükəli epizodlar yaranıb. Yevgeni Seleznyovun fərqi artırmasına Popoviçin inamlı oyunu imkan verməyib. Antonovla Zenyova isə əldə etdikləri epizodlarda dəqiqlik çatmayıb. Antonov sarı vərəqə ilə də cəzalanıb. Matçın sonlarında Asif Məmədov Zetsin, Rikardinyo Antonovun yerinə oyuna daxil olub. Qarşılaşmanın 81-ci dəqiqəsində Qayın qüvvətli zərbəsini rəqib qapıçı çətinliklə dəf edib. Beləliklə, Edmarın ilk yarıda vurduğu qol matçda yeganə olub və "Qəbələ” Antalyadakı 3-cü oyununda 0:1 hesabı ilə uduzub.
Xatırladaq ki, ilk iki oyununda Almaniyanın "Osnabryuk” (1:1) və İsveçrənin "Sürix” (4:0) klubları ilə qarşılaşan "Qəbələ” sabah vətənə dönəcək.
282     
Reklam

Reklam