» » » Cavidan Qorçiyev: "Çirkinlik, yalan, böhtan, şər olan yerdə nə mən, nə də komandam olacaq"

Cavidan Qorçiyev: "Çirkinlik, yalan, böhtan, şər olan yerdə nə mən, nə də komandam olacaq"

Dünən Region Liqasının rəsmi "feysbuk” səhifəsində paylaşılan xəbər aydın səmada şimşək effekti yaratdı.
 
Aprelin 22-də baş tutacaq yarımfinal görüşləri ərəfəsində liqanın İşçi Qrupu, cari mövsümdə Region Liqasında debüt edən, debütant olmasına baxmayaraq, çempionluğa ən real namizəd sayılan "FC Baku”nun "Şahdağ”la matçının qeyri-müəyyən vaxta kimi təxirə salındığı ictimaiyyətin diqqətinə çatdırdı:
 
"Region Liqasının ikinci play-off mərhələsi çərçivəsində 06.04.2019-cu il tarixində keçirilmiş "Füzuli” – "FC Baku” oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya daxil olmuş məlumat nəzərə alınaraq,
 
liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan "FC Baku” – "Şahdağ” oyunu Region Liqasının İşçi Qrupunun 19.04.2019-cu il tarixli qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınır”.

"Füzuli” – "FC Baku” arasında baş tutan cavab qarşılaşmasının nəticəsinin şübhə altına düşməsi, doğrudan da gözlənilməz olaydı.
 
Region Liqasında baş tutan qarşılaşmalara dünyanın heç bir mərc kontorlarında əmsal qəbul olunmur. Belə olan halda İşçi Qrupun bu qərarı təəccüb doğurmaya bilməz.
 
Görəsən, liqanın təşkilinə cavabdehlik daşıyan şəxslər "manipulyasiya” dedikdə nəyi nəzərdə tutublar?
 
Bu suala cavab tapmaq üçün İşçi qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevə dəfələrlə zəng vurmağımıza baxmayaraq, o zənglərimizi cavabsız qoydu.
 
Belə də üz tutduq "Fc  Baku”nun prezidenti Cavidan Qorçiyevə. O şəxsə ki, gənc olmasına baxmayaraq, bacarıqlı iş adamıdı və bir biznesmenlərin futbola yatırım etmək istəmədiyi dönəmdə həvəskar statusu daşıyan çempionatda çıxış edən komandaya peşəkar klub səviyyəsində maliyyə ayırır, gələcəkdə "FC Baku”nu daha üst səviyyəyə qaldırmaq üçün baza inşa etdirir, böyük klub yaratmaq yönündə əməli işlər görür. 

Qorçiyevlə əlaqə saxladıqda yayılan xəbərlərdən çox üzgün olduğunu səsindən də hiss olunurdu. Cavidan bəyin ilk sözü isə belə oldu: "Mən bu klubu bu niyyətlə yaratmamışam. AFFA-dan obyektiv araşdırma gözləyirəm”.
 
Söylədiklərinin ardınca, ondan suallarımızı cavablandırmasını istədik.
 
İşçi Qrupun verdiyi qərara münasibətinizi bilmək istərdik. Nə baş verir?
- Açığı, mənim özüm üçün də yaşananlar maraqlıdı. Söhbət nədən gedir? Bu söz-söhbət ortaya çıxan kimi İşçi Qrupun üzvü Yusif Vəliyevə zəng vurdum. Mənə cavab qarşılaşmasından öncə hansısa futbolçumuzun oyunu verməsi qarşılığında "Füzuli”nin üzvünə 200 manat təklif etdiyini bildirdi. Bu söhbət hələ biz cavab qarşılaşmasına yollanmamışdan öncə olmuşdu. Həmin vaxt Yusif bəyə "araşdırma aparın və ortaya fakt qoyun. Belə hal yaşanıbsa, həmin futbolçunu həm siz, həm də biz cəzalandıraq” dedim. Bu danışığımıza heç bir reaksiya gəlmədi. Və biz cavab oyununa yollandıq. Horadizdə baş tutan görüşdə nələrin yaşandığını deməmişdən öncə bir məsələyə toxunmaq istəyirəm. Region Liqasında çıxış edən futbolçular, tək bu liqada yox, MFL, BFL və başqa bu tip turnirlərdə top qovurlar. Region Liqasında müxtəlif klubların şərəfini qoruyanlar həmin turnirlərdə iştirak edən komandalarda bir kollektivdə çıxış edirlər. İndi kimsə kiməsə nəsə öz adından axmaq bir söz deyibsə, biz ona görə əziyyət çəkməli deyilik ki! Ona görə də Vəliyevdən rəqib komandanın üzvünə 200 manat təklif edən futbolçumuzun adını açıqlamasını istədim. Yenə deyriəm heç bir cavab gəlmədi. Cavab qarşılaşmasına gəlincə, orda oyunu idarə edən hakimlər briqadası rəsmən bizi uduzdurmağa çalışırdı. Oyun zamanı meydanda və matç başa çatandan sonra yaşananlar barədə danışmaq belə istəmirəm. Həmin mənzərə futbol adına biabırçılıq idi. Təəssüf ki, bu olayın üstündən sakit keçdilər. Qarşılamının üstündən iki həftə keçəndən sonra ortaya belə xoşagəlməz söz-söhbətlər atırlar. Ancaq klub prezidenti olaraq mən heç nədən çəkinmirəm. Hər kəsin yanında üzümüz ağ, alnımız açıqdı. Mən bu yola qədəm qoyanda bir məqsədim olub: qarşıya qoyduğum hədəfə çatmaq üçün düz yolla addımlamaq. Əxlaqım başqa, əyri yollara əl atmağa yol verməz.
 
Bunu sizə və komandanıza qarşı təxribat kimi dəyərləndirmək olar?
- "FC Baku”nun adını belə xoşagəlməz olayda hallandırmaq, həm mənə, həm də komandaya qarşı təxribatdı. Belə şeyə başqa ad qoymaq mümkün deyil. Hazırda kollektivdə 30 futbolçu var. Mövsüm ərzində neçə-neçə oyunçu ya özü və ya da kiminsə vasitəsi ilə "FC Baku”ya gəlmək istədiyini bildirib. Biz də gələcəyin komandasını qurduğumuzdan müraciət edənlərin heç də hamısına qapı açmamışıq. Çünki hamının keçmişini araşdırdıqdan sonra qərar veririk. Bəlkə həmin oyunçulardan kimlərsə bizə qarşı kinli qaldığından bu söhbəti ortaya atıb, ola da bilsin, ortada başqa məqamlar var. Yusif bəydən soruşurum ki, kim kimə 200 manat təklif edib? Ortada tutarlı cavab yoxdu. Mən cari mövsümdə "FC Baku” inkişafı üçün xeyli vəsait xərcləmişəm. Liqada çıxış edən əksər klublardan fərqli, biz də maliyyə mənbəyi də şəffaf göstərilib.  Xərclənən pulların qarşılığında 200 manat söhbəti ortaya atmaq, sadəcə, absurddu. Komandanın hər qələbəsinə verdiyim mükafatın fonunda bu məbləğ sadəcə, okenda bir damladı. Mən futbolu sevdiyim üçün bu işə qol qoymuşam. Yeni baza inşa etdirirəm, futbolsuz qalan, gününü çayxanalarda keçirən təcrübəli oyunçuları yenidən sevdiyi işə qaytarıb gələcəkdə böyük işlər görməyi planlaşdırmışam. Bu yöndə peşəkar kollektiv formalaşdırmağın yolunu tutmuşam. Ancaq belə üzücü olaylar əlimi işdən soyudur. 
 
Ötən müsahibənizdə birinci divizionda iştirak etmək istədiyinizi və bu məqsədlə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmək niyyətində olduğunuzu bildirmişdiz. Baş katiblə görüşünüz baş tutdu?
- Müəyyən üzrlü səbəblərdən hələ ki, görüşə bilməmişik. Elxan bəyin iş qrafiki sıx olduğundan bir araya gələ bilməmişik. Ümid edirəm ki, yaxın günlərdə baş katiblə görüşümüz reallaşacaq.
 
Bundan sonra hansı addımları atmağı düşünürsüz?
- Mən həmişə düzgünlüyün tərəfində olmuşam. Ona görə də inanıram ki, haqq-ədalət yerini tapacaq. Komandamız bu gün də məşqlərini davam etdirir. Bu yola qədəm qoyanda bilirdim ki, çətinliklərimiz çox olacaq. Ancaq heç vaxt ağlıma da gəlməzdi ki, mənə və komandama belə çamur atanlar tapılacaq. Yenə deyirəm, ola bilsin hansısa axmaq zarafatla rəqib komandanın oyuçusuna nəsə deyib. Kiminsə əvəzinə məsiliyyət altına girə bilmərəm. Lakin buna görə, ortada real fakt olmadan bizə qarşı belə münasibət göstərmək, klub prezidenti kimi mənə çox pis təsir edir.Niyə bəzi insanlar istəmir ki, Azərbaycanda yeni, hər şeyə addım-addım nail olmağı planlaşdıran klub olsun. Çirkinlik, yalan, böhtan, şər olan yerdə nə mən, nə də komandam olacaq. Bunu hamı bilsin.
(Futbol+)
396     
Reklam

Reklam