» » » Gəncəlilər nə vaxtadək futbol üzünə həsrət qalacaqlar? YAZI

Gəncəlilər nə vaxtadək futbol üzünə həsrət qalacaqlar? YAZI

Gəncəlilər nə vaxtadək futbol üzünə həsrət qalacaqlar? YAZIY A Z I
 
Gəncəlilər nə vaxtadək futbol üzünə həsrət qalacaqlar?

Milli komandamızın aşağı səviyyədə çıxış etməsinin başlıca səbəbi Gəncədə futbolun olmamasıdır.


Özüm futbol azarkeşi olsam da, heç vaxt futbol haqqında yazmamışam. Ancaq futbolumuzun, xüsusən də Gəncənin bu günki futbol durumu məni həddindən artıq narahat etdiyindən bu mövzuya toxunmağı özümə borc bildim. Düzdür bu gün idmana dövlət tərəfindən böyük qayğı və diqqət vardır. Bu qayğının nəticəsidir ki, idmançılarımız Avropa və Olimpiya yarışlarında bayrağımızı yüksəklərə qaldırırlar, lakin futbol klublarımızdan fərqli olaraq. Nədir, yoxsa futbolçulara diqqət göstərilmir? Mən deyərdim ki, elə ən çox diqqət bu idman növünə edilir, ancaq nəticə yoxdur. Bəs görəsən səbəb nədir? Bu səbəbi araşdırıb axtaran varmı? Deyəsən yoxdur. Mən bu yazımda bu səbəbi axtarmağa çalışacağam.

Bizim ən ağrılı mövzularımızdan biri olan Azərbaycan futbolunun beşiyi sayılan Gəncə futbolundan, onun keçmişindən və bu günki acınacaqlı vəziyyətindən söhbət açaq.

Dəqiq deyə bilməsəm də, ancaq bilirəm ki, futbolumuzun inkişafına külli miqdarda vəsait xərclənir, ancaq nəticə yoxdur. Niyə? Niyəsini deyəsən başqa yerdə axtarmalıyıq... Bu başqa yer isə Gəncə futboludur.

Tək mənim yox, çox insanların fikri budur ki, milli komandamızın aşağı səviyyədə çıxış etməsinin başlıca səbəbi Gəncədə futbolun olmamasıdır. Gəlin Sovet dönəmini yada salaq.

Bilirsiniz ki, o vaxtlar ölkəmizdə ən yaxşı futbol klubumuz "Neftçi", ikincisi isə "Dinamo Kirovabad" idi. "Dinamo Kirovabad" komandasında nə qədər yaxşı, perspektivli futbolçular var idisə, hamısı seçilib "Neftçi" klubuna göndərilirdi. Çünki, ölkəmizi həm SSRİ birinciliklərində, həm də beynəlxalq yarışlarda bu klub təmsil edirdi, indi isə bu missiyanı milli futbol komandamız yerinə yetirir. Onun da uğursuz çıxışları göz qabağındadır.

O keçmiş illəri yada salsaq görərik ki, "Neftçi"yə cəlb olunan ən çox futbolçu Gəncə şəhərindən olub. Sumqayıtdan, Zaqataladan, Qəbələdən və s. şəhərlərdən yox. Adam inana bilmir ki, bu şəhərlərdə indi futbol klubları var, ancaq Gəncədə yoxdur.

Bir neçə il bundan qabaq Gəncənin futbol klubu olan "Kəpəz" dəfələrlə Respublika çempionu olmuşdur. Bundan başqa ölkəmizin Kubok yarışlarında da birincilik əldə etmişdir. Çox əla komanda idi. Bu qələbələrin qazanılmasında Gəncənin yetirməsi "Neftçi"nin keçmiş oyunçusu, "Kəpəz" klubunun baş məşqçisi Mehman Allahverdiyevin və kluba maddi yardım göstərmiş iş adamı Rza Məmmədov və başqa şəxslərin əvəzsiz xidmətləri olmuşdur.

İndi təsəvvür etmək olmur ki, futbol şəhəri kimi tanınan Gəncədə demək olar ki, futbol yoxdur. Gəncəyə futbol şəhəri ona görə deyirəm ki, bu şəhərin özünəməxsus futbol tarixi vardır. Az-çox yadıma gəlir ki, Gəncədə, o vaxtki Kirovabad da futbol günü əsl toy-bayrama çevrilərdi. O vaxt "Dinamo Kirovabad" da, "Neftçi" klubu ilə birlikdə SSRİ birinciliyində iştirak edirdi.

Gəncənin futbol klubuna qarşı Lev Yaşindən tutmuş,V.Labonovski, M.Mesxi, S.Metreveli, Strelçov və başqa tanınmış ulduz futbolçular unudulmaz oyunlar nümayiş etdirmişdilər. Hətta, o vaxt dünyanın 1 nömrəli qapıçısı sayılan "D.Moskva" klubunda çıxış edən Lev Yaşinə Gəncədə qol da vurmuşdular. Gəncənin futbol azarkeşləri hələ də o günləri unutmurlar, hər yerdə bu barədə danışırlar.

Hələ Gəncə futbolçuları qalsın bir kənarda, hətta onlara azarkeşlik edən, bu yolda şəhərdə ad çıxaran futbol azarkeşləri də neçə illər keçməsinə baxmayaraq, özləri həyatda olmasa da belə onlar yad edilir, unudulmur. Bu azarkeşlər arasında ən məşhuru və ən güclüsü "Bəndər" idi. Ondan başqa "Başaçuk" ləqəbli Akif, dəli Cəmil, "Quşbaz" ləqəbli Zakir, çayqıraxlı Vaqif, Roma, Avdış və başqaları da şəhərdə tanınan azarkeşlərdən idilər. Heyf o günlər...

Bu azarkeşləri şəhərdə barmaqla göstərirdilər. Əlbəttə ən birinci yerdə olan azarkeş "Bəndər" idi. Allah ona rəhmət eləsin, peşəsi şəhərdə lotoreya satmaq idi. Sovet rejimində hər adam açıq-aşkar lotoreya bileti sata bilməzdi. O dəqiqə tutardılar. Ancaq onun xüsusi azarkeşliyinə görə heç kim ona toxunmurdu. Hətta, taksi sürücüləri də onu hər yerə pulsuz aparırdılar.

Yaxşı yadımdadır ki, oyun günü stadiona yığışan futbol həvəskarları səbirsizliklə stadiona "Bəndər"in daxil olmasını gözləyirdilər. O komanda ilə meydançaya yaxınlaşıb, sonra azarkeşlərə qoşulardı. Onun azarkeşliyindən yox idi. Deməli bizim futbolçular hücuma keçəndə "Bəndər" də rəqib komanda tərəfə qaçar və səsi, qışqırığı stadionu bürüyərdi, bəlkə də həmin gün o futbolçulardan çox qaçardı.

İndi o günləri xatırlayanda həqiqətən adam təəssüf hissi keçirir. Nə isə, gəlin indi baxaq görək Gəncə futbol məktəbi Respublikamızın futbol tarixinə, xüsusən də "Neftçi" klubuna hansı futbolçuları verib - Ruslan Abdullayev, Mübariz Zeynalov, Müzəffər Qasımov, Zakir Süleymanov, Arif Orucov, Maşallah Əhmədov, Asif Əliyev, Arzu Mirzəyev, Mehman və Füzuli Allahverdiyevlər, İsmayıl və Yunis Hüseynovlar, Edik Kadoyev, Yaşar Babayev, Sergey Kramarenko, Nizami Salahov və başqaları.

Allah Kostya dayıya rəhmət eləsin. Yuxarıda adlarını çəkdiyim futbolçuların yetişməsində onun əvəzsiz xidmətləri olmuşdur. Ancaq onun dəmiryol vağzalı yaxınlığında yerləşən kiçik futbol meydançası indi boş qalıb. Onun sağlığında isə demək olar ki, Kostya orada yaşayırdı, nə vaxt o tərəfdən keçərdinsə, görərdin ki, o kişi oturub orada uşaqlar da futbol oynayırlar. İndi isə yox. Bax futbolumuzun bu pis günə düşməyinin bir səbəbi də buradan başlayır.

Çox maraqlıdır ki, adi bir qaynaqçı (Kostya dayının əsl sənəti qaynaqçılıq idi) bu qədər tanınmış futbolçular yetişdirdi, özü də heç bir pul almadan. Amma alman Berti Foqst ildə 2 milyon dollar müqavilə əsasında maaş alırdı və bir dənə də olsun futbolçu yetişdirməyib. Çox qəribədir. Kostyanın yetişdirdiyi futbolçular uzun illər "Neftçi" və "D.Kirovabad" klublarının şərəfini layiqincə qorudular.

Belə futbolçular Gəncədə yenə yetişə bilər, Kostya kimi dayılar da tapılar, çünki bu şəhər futbol tariximizdə özünü artıq göstərib. Burada ulu Nizami yurdunda futbol ab-havası, onun bünövrəsi var. Özü də çox maraqlıdır ki, Gəncədə futbolçuların əksəriyyəti Dəmir Yol Vağzalı ətrafı küçələrindən, bir də Toxuculuq Kombinatı yerləşən ərazidən çıxıb. Bunu da onunla əlaqələndirmək olar ki, həmin ərazilərdə olan geniş küçələrdə futbol daha fəallıq göstərirdi. Böyük futbola gələnlərin də əksəriyyəti küçə futbolundan gəlib. İndi demək olar ki, küçə futbolu yoxdur, buna şərait də yaradılmayıb. Bax futbolun respublikamızda zəif olmasının bir səbəbi də mənim fikrimcə budur.

İndi isə əsas gücü veriblər xarici ölkələrdən futbolçu gətirməyə. Xarici ölkədə az-maz futbol oynayan, dərisi qara olan birisini gətirib xeyli də maaş verib oynadırlar. Bunun bizim futbola görən nə xeyri var? Yaxşı olar ki, bu futbolçuları özümüzdə yetişdirək. Sponsorlar unutmamalıdırlar ki, pulu futbol məktəblərinə xərcləmək lazımdır. Əsas da bu işi Gəncədə etmək lazımdır. Nə qədər ki, Gəncədə futbol yoxdur, elə futbolumuz indiki gündə də qalacaq.

Yazının sonunda bildirmək istəyirəm ki, söhbət etdiyim bütün Gəncə futbol sevərləri adından deyə bilərəm ki, onlar şəhərdə futbolun olmamasından çox narahatdırlar. Onları bir sual düşündürür: - Görəsən bu futbol şəhəri olan Gəncə, futbolun üzünə nə vaxta qədər həsrət qalacaq?

Ölkənin futbol tarixində silinməz izlər yazmış Gəncə futbolu axı belə münasibətə layiq deyil. Ancaq onu da qeyd edim ki, Gəncəlilər ümidlidirlər ki, şəhərdə çox problemləri həll edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu işin də öhdəsindən gəlib, həm yeni Avropa standartlarına uyğun bir stadion tikdirəcək, həm də yeni "Kəpəz" klubu yaradacaqdır.

Mən də çox ümidliyəm, yəqin o xoş günlər çox da uzaqda deyil. Bəs görəsən AFFA bu barədə nə fikirləşir?
 
Eldar Səfixanov
140     
Reklam

Reklam