Premyer.Az > Xəbərlər / Futbol / Yazılar / Manşet > Yeddi oğul istərəm... bircə Mustivar gərək (YAZI)

Yeddi oğul istərəm... bircə Mustivar gərək (YAZI)

Yeddi oğul istərəm... bircə Mustivar gərək (YAZI)Tərlan Əhmədov gedir. Görünən budur ki, mayda müqaviləsi bitən baş məqçi ilə "Neftçi” işbirliyini davam etdirməyəcək. Çempionluqlara, kuboklara alışmış komandanı hacı Tərlan düzəldə bilmədi. Əksinə, bəyənmədiyi Elxan Abdullayevin yığdığı heyəti darmadağın edib komandanın potensialını qat-qat zəiflətdi. Tərlan Əhmədov avrokuboklara vəsiqə qazanıb-qazanmamasından asılı olmayaraq gedəcək. Çünki, "Neftçi”nin arzularına uyğun biri deyil! 
 
Aşağıda futbolçu kimi daha yararlı olan Əhmədovun getməsini şərtləndirən 5 səbəb göstərəcəyik. Amma xırdalıqlara varsaq, onun hər yaşına uyğun bir səbəb göstərə bilərik!
 
1) "Keşlə” ilə oyundan əvvəl və sonra Nizami Hacıyevin artıq "Neftçi”yə keçdiyini söyləməsi. Daha sonra Tərlan Əhmədovun bu açıqlamalarının yaratdığı səs-küydən qaynaqlanan və Hacıyevlə Mirhüseyn Seyidovun, eyni zamanda Ağakişi Mehdizadənin futboldan ömürlük uzaqlaşdırılması ilə nəticələnən qalmaqal. 
 
2) Uqo Barqas, Daniel Seqoviya, Rahil Məmmədov, Məqsəd İsayev, Fəhmin Muradbəyli və bir çox başqalarını göndərib azarkeşlərə "indiki heyətdə olan istənilən oyunçudan daha güclü futbolçu gətirəcəm” vədini verən baş məşqçi Mayk Kampaz, Lukas Qomez, Fransisko Qarsiya kimi "yarımfabrikat” legionerlər və Elnur Süleymanov, Fərid Abbaslı, İlkin Qırtımov kimi yerli transferlərlə kluba "ayı xidməti” göstərdi. Onun "sayəsində” "Neftçi”nin büdcəsinə vurulan zərbədən ayılmaq və komandanın heyətini normal vəziyyətə gətirmək üçün SOCAR "kisənin ağzı”nı əməlli açmalıdı. 
 
3) Uqo Barqas və Daniel Seqoviyanı göndərib Lukas Qomezi, Məqsəd İsayevi göndərib heyətdə Məhəmməd Mirzəbəyov və Ömər Buludovun qalmasına baxmayaraq İlkin Qırtımovu, Fəhmin Muradbəylini göndərib "sol cinaha solaxay yarımmüdafiəçi lazımdı” deyib, sol ayağı yalnız yeriməyə yarayan Qatonu, Tərzin Cahangirovu göndərib "əsrin transferi” Mayk Kampazı, Rahil Məmmədovu göndərib Fərid Abbaslını gətirməklə "Neftçi”ni 81 illik tarixində heç bir baş məşqçinin "bacarmadığı” kimi "gücləndirən” Əhmədov nəticədə Rusiya çempionatının ən zəif komandasından bir oyuna 8 qol buraxdı... Bu da təbii idi, "möhtəşəm transferlər”in gətirdiyi qazancdan və Antalyadakı şəraitin yaratdığı relaksdan sonra əsas missiya yerinə yetirilmişdi. Türkiyədə keçirilən bütün oyunlarda uduzan Əhmədovu rəsmi görüşlərdə də eyni aqibəti yaşamaqdan Kamran Quliyev-Ceyhun Sultanov cütlüyü xilas etdi. Qışdan sonra "Kəpəz”lə matçda futbol adına heç nə ortaya qoymayan və yalnız son dəqiqələrdə vurulan təsadüfi qol nəticəsində qazanılan qələbə dediklərimizin sübutudur. Elə "Sumqayıt”la matçda komandanın düşdüyü nokaut da Əhmədovun "məhsul”u idi... Ceyhun isə bir tək Soni Mustivarı transfer etməklə, Əhmədovun "7-liyi"nin tərəzidəki çəkisini göstərdi. 
 
4) "Qarabağ”ın yarışdan kənarda qalmasından sonra kubokda yaranan tarixi şansı qaçırmamaq üçün Əhmədov "uğursuzluq zolağı”nda olan "Qəbələ”ni keçməli idi. Amma ilk oyundakı 2:1 hesablı səfər qələbəsindən sonra rekord sayda azarkeşin toplaşdığı doğma meydanda baş məşqçinin buraxdığı əsas heyət bəri başdan "ağ bayraq” qaldırmağa bənzəyirdi. Artıq heç kimə sirr deyil ki, Mirabdulla Abbasov Lukaz Qomezdən qat-qat səviyyəli hücumçudu, Rəhman Hacıyev və Emin Mahmudov nəinki "Neftçi”nin milli komandamızı da arxasınca apara biləcək istedada malik yarımmüdafiəçilərdi, Məhəmməd Mirzəbəyov İlkin Qırtımovdan daha səviyyəli sağ cinah müdafiəçisidi. Bütün bunları Tərlan Əhmədov da yaxşı bilirdi. Amma meydana "təslimçi əsas heyət” buraxmaqla "Neftçi”ni çalışdıracaq potensialda məşqçi olmamasını bir daha sübut etdi.
 
5) "Biz xristian deyilik ki, səhər yuxudan oyanan kimi ağzımızı söyüşlə açaq...” Nəinki, "Neftçi”dən ümumiyyətlə, futboldan qovulmaq və cəmiyyətdən tam təcrid olunmaqla nəticələnə biləcək bu sözləri ölkənin ən köklü klubunun baş məqçisi deyir... Özü də, dini fanatların toplaşdığı hansısa çayxanada yox, oyundan sonra keçirilən mətbuat konfransında! Amma bu adam hələ də "Neftçi”dədi və hər bu tip açıqlaması ilə ölkənin ən ad-sanlı klubunun imicinə böyük zərbə vurur.
 
Konfranslardan söz düşmüşkən, dünən də Əhmədov "məharəti”ni göstərib: "Bəlkə də, kubokun cavab görüşündə mənim taktiki səhvimdən uduzduq... Kiməsə mənimlə müqavilə bağlanması ilə bağlı yalvarası deyiləm”. Yox, Əhmədov nə Qurban Qurbanov deyil, nə Roman Qriqorçuk, nə də Ayxan Abbasov. Ki, hansısa uğursuzluqdan sonra məsuliyyəti üzərinə götürüb "günahkar mənəm” desin. Müqavilənin uzadılmasına dair açıqlamaya gəlincə, bu, başadüşüləndi. Səninlə müqavilə müddəti uzadılmırsa, neyləyə bilərsən ki?
 
CEYHUN ƏLİYEV/SPORT24.AZ



Geri