Premyer.Az > Xəbərlər / Futbol / Manşet > Gənc məşqçilərdən Qurban Qurbanova kim yardım etməli?

Gənc məşqçilərdən Qurban Qurbanova kim yardım etməli?

Gənc məşqçilərdən Qurban Qurbanova kim yardım etməli?Qurban Qurbanovun milli komandaya baş məşqçi, həmçinin milli komandaların baş koordinatoru vəzifələrinə təyinatı futbol ictimaiyyəti tərəfindən çox müsbət qarşılandı. Bu günlərdə U-21 millimizin Bakıda Almaniyanın U-21 komandasının ikinci heyətinə 0:7 hesabı ilə uduzması, U-19 və U-17 komandalarımızın da uğursuz nəticələri Qurban Qurbanov seçiminin düzgün və aktual olduğunun göstəricisidir. Yəni ölkənin futbol başçıları nəhayət, anlamış oldular ki, simaları yox, fəlsəfəni dəyişmək lazımdı. Bu mənada Qurban Qurbanovun işi çox çətindir, ona görə ki, müasir futbolun fəlsəfəsini tətbiq etmək üçün yeni düşüncəli məşqçilərə ehtiyac var. Bu günə qədər milli komandalarda işləyən, artıq tükənmiş Sovet futbolu məktəbini keçən məşqçilərin bu işin öhdəsindən gələ bilməyəcəkləri illərdir ki, onların göstərdiyi rəzil nəticələrdən bəllidir. Bu gün dünya futbolu İQ anlayışının, yeniliklərin, texnologiya modelləşmənin tərkib hissəsidir, bizim milli komandalarda işləyən məşqçilərimiz isə paslanmış futbol təfəkkürünə sahibdirlər, bu azmış kimi, bir də təkmilləşmək istəmirlər, özlərindən 30-35 yaş kiçik futbolçuların mental və psixiki durumlarından bixəbərdilər. Belə bir vəziyyətdə Qurban Qurbanov ya xarici mütəxəssislərə və ya mütləq şəkildə milli komandalara yeni nəfəs verə biləcək gənc məşqçilərə üz tutmalıdır. Azərbaycanda bu cür məşqçilər az da olsa var. Bu qısa siyahıda birincisi təbii ki, hal-hazırda flaş isim olan "Zirə”nin baş məşqçisi Ayxan Abbasovdur. 9 ay ərzində ortabab bir komandanı premyer-liqanın liderinə çevirən gənc məşqçi hər nə qədər xarizmatik olmasa da, özünün futbol fəlsəfəsinə malikdir. Heyətində heç kreativ futbolçusu olmayan A. Abbasov öz fəlsəfəsini komanda üzvlərinin bacara biləcəkləri futbol oynamasının üstündə qurur. "Zirə”nin sərgilədiyi futbol baxımsız olsa da, komanda nəticə əldə edə bilir. A. Abbasov eyni zamanda tələbkardır, futbolçularla individual işləməyi sevir, futbolçuların özəlliklərini üzə çıxarmağı və istifadə etməyi bacarır. Həm də Ayxan Abbasov "Zirə”nin Avrokuboklarda iştirak etməsi ilə artıq beynəlxalq təcrübəyə də malikdir. Gənc məşqçilərimiz arasında istedadlılardan biri, bərkə də ən istedadlısı "Keşlə”nin əvəzedicilər komandasında işləyən Rüstəm Əliyevdir. V. Lobanovski ilə çiyin-çiyinə işləmiş "İnter”in keçmiş koordinatoru Valentin Xodukindən və Kaxa Sxadadzedən Avropa futbolunun sirlərini mənimsəyən R. Əliyev əvəzedicilər birinciliyinin iki qat Azərbaycan çempionudur. Çempion olduğu birinci ildə onun komandası rəqib qapısından 99 qol keçirib ki, bu göstərici Rüstəm Əliyevi hücum futboluna üstünlük verən məşqçi kimi xarakterizə edir. Yaşına uyğun olmayan ciddiyyəti və rəqib üçün gözlənilməz qeyri-adi taktika və sxemlərə üstünlük verməklə seçilir. Bu siyahıya "Qəbələnin” əvəzedicilər komandasının baş məşqçisi Elmar Bəxşıyevi əlavə etməsək ədalətsizlik olar. Səmimi deyək, bütün peşəkar komandaların içində (premyer-liqa, 1-ci divizion, əvəzedicilərin birinciliyi) bu gün ən çox zövq verən E. Baxşıyevin komandasının oyun üslubudur. Bu ilin yay aylarında Hüseynqulu Quliyevdən "çobanlama” futbolu oynayan komandanı qəbul edən E. Baxşıyev qısa zamanda H. Quliyevin "çoban salatını” ispanların "Ensalada mixta”sına çevirdi. "Qəbələnin” əvəzedicilər komandasının oyunu bir növ "Barselona”nı xatırladır ki, bu amil də E. Baxşıyevin kreativ düşüncə sahibi olduğunun əlamətidir. Bu siyahıda həmçinin ən gənc "pro” kateqoriyalı məşqçilərdən olan Adil Şükürovu, daima öz üzərində işləyən və çox prinsipial məşqçi sayılan "Səbail” U-19 komandasının məşqçisi olan Vasif Haqverdiyevi də sadalamaq olar.



Geri