Premyer.Az > Xəbərlər / Futbol / Manşet > "Kiçik bəy"in dosyeləri, "ağ-qara" tale və...

"Kiçik bəy"in dosyeləri, "ağ-qara" tale və...

"Kiçik bəy"in dosyeləri,  "ağ-qara" tale və..."Neftçi"nin klub olaraq qısa xarakteristikası:

Büdcə, demək olar, tamamilə SOCAR-dan qaynaqlanır. Yəni dövlət/xalq büdcəsindən. Bu, 2005-ci ildən qurumun vitse-prezidentlərindən biri olan Mikayıl İsmayılov tərəfindən reallaşdırılır.

Bəs büdcənin tənzimlənməsi?

Bu isə Cəbrayıl Cəbrayılovun nəzarətindədir. O, İsmayılovun yaxınıdır.

Bəs "Neftçi" xüsusi mülkiyyət, himayəçi obyekti deyilsə, onda niyə bu cür durum yaranır? Kiçik dairədə idarəçilik şəffaflığa zəmanət ola bilərmi - şübhələr qaçılmazdır...

Bu durum "Neftçi" uğurunda mənfəətbazlıq mübarizəsinə zəmin yaradır.

Məsələn, uzağa getməyək, Sadıq Sadıqovun idarəçiliyi dönəmində - "Neftçi" Avropa Liqasının qrup mərhələsinə yüksələndən sonra "iştah" artmağa başlamışdı. Onların AFFA-da rəhbərliyi ələ almaq, futbol industriyasına nəzarət eləmək iddiası heç də Nəsirov klanına xoş gəlməmişdi. Həmçinin digər, kulisdəki güclərə...

Belədə Sadıqov və "drujinasını" yerində oturtmaq kampaniyasına start verildi. Tez-tez onların əleyhinə sabotaj meyilləri nəzərə çarpmağa başladı. Mətbuatın müəyyən qismində "Neftçi"dəki mənimsəmələrə dair haqlı-haqsız  hak-küylü məqalələr yer aldı. Müxtəlif məlumatlar sızdırıldı və s.

Sadıqov bir müddət də postunda qaldı.

Bu, dirəniş idi?

Nəsirov klanının Sadıqovgilin AFFA-ya sahiblənmə planına qarşı hərəkatı müəyyən nəticələr verdi. Əslində, bu cür işlərə qarışmayan, çox "yuxarıdan gedən" Nəsirovun təbiətcə də bu cür proseslərə dəxli olmayan biri kimi olduğunu bilirik. Ancaq həmin klanın çəkindiyi o idi ki, Sadıqovun AFFA-ya sahiblənmək istəyi artıq daha ciddi mənbələrdə müzakirə olunmağa başlamışdı. Həmişə futbol idarəçiliyində söz sahibi olmağa maraqlı olan Nəsirovun buna razılıq verəcəyi gözlənilən deyildi.

Sadıqovun əsas güc mərkəzi, vitse-prezident Tahir Süleymanovun gözlənilən/gözlənilməz  istefasından sonra AFFA-dan sadiq kadr kimi təqdim edilən Elnur Məmmədov "Neftçi"yə göndərildi.

"Kiçik bəy" adlandırılan Məmmədov  təyinatından sonra  klubun əsas idarəçisinə çevrilmək və bununla "Neftçi"ni ələ almaq planını işə salmağa başladı.

Bəs alındımı?

Əvvəlcə Məmmədov təkbaşına "fəhləlik" elədi. Ancaq "Neftçi" daxilində sadıqovçular heç də az deyildi  deyə, istəyə nail olmaq çətin idi. Havadarlarından gələn ideyaya əsasən "Neftçi"də struktur dəyişikliyi oldu. Müşahidə Şurası yaradıldı. Sədri Çingiz Abdullayev kimi nüfuzlu şəxs qoyuldu. Ardınca Fərhad Bədəlbəyli, Bəhram Bağırzadə kimi cəmiyyətdə hörməti, Səməd Qurbanov kimi futbol aləmində avtoriteti olan şəxslər üzv seçildilər. Bunda məqsəd bir idi. Bəli, Nəsirov klanı AFFA-nın baş katibi Elxan Məmmədovun strateq rolunu oynadığı ideya ilə nüfuzlu xunta formalaşdırıb, Sadıqov "drujinasına" qarşı "immuniteti" gücləndirməliydi.  Xuntanın ilk hücumlarından göründü ki, Sadıqov artıq dirənə bilməyəcək. Süleymanovun da istefası onu mühasirəyə alan qüvvələrin arasında tək qalmasına, çaş-baş olmasına gətirib çıxarmışdı. Onlar ixtiyarı tamamilə ələ almaq istəyirdilər. Elə də oldu. 5 ildən çox müddətdə "Neftçi" prezidenti olan Sadıqov 2015-ci ildə ordan uzaqlaşdı...

Bir maraqlı məqam: Çox keçmədi ki, problemləri qabaran Cüdo federasiyasını himayəyə götürən Rövnəq Abdullayev Sadıqovu ora - yanına  apardı. Bu, bir mesaj idi. İndiki davamedici və gələcək zamana aid...
 
...Sonra "Neftçi"nin Müşahidə Şurasının digər üzvü Cəbrayıl Cəbrayılov belə bir açıqlama verdi: "SOCAR-ın maliyyəsinin daha məqsədəuyğun, vəsaitin klubun bilavasitə 

Cəbrayıl Cəbrayılovinkişafına xərclənməsi nöqteyi-nəzərindən Müşahidə Şurasında mənim də olmağım lazım bilinib. Biz bunu futbola marağın artması məqsədilə edirik, yəni sınaq kimi keçiririk. Futbol dünyanın hər yerində ictimailəşib. Dünya praktikasında da görürük ki, bir və ya bir neçə şəxsə məxsus olan futbol klubları heç də rentabellik göstəricisi ilə işləmirlər. Dünənki iclasda Madrid "Real"ı ilə "Mançester Yunayted"i müqayisə etdilər. "Mançester Yunayted" xalq komandasıdı və iqtisadi fəaliyyəti həmişə səmərəli olub. "Real" isə "kral klubu" olsa da, onun maliyyə vəziyyəti heç də həmişə yaxşı olmur. Bu nöqteyi-nəzərdən ictimailəşmə həm futbolumuzun inkişafında hər bir futbol adamının iştirakının təmin olunması, həm də futbolun idarə edilməsində ictimaiyyətin daha çox iştirak etməsi məqsədini güdür".

Aha...

Məqalənin əvvəlində toxunduğumuz məqam; "Neftçi"nin büdcəsi dolayısıyla dövlətin/xalqın büdcəsidir. Buna nəzarət, istifadənin şəffaflığı isə təmin olunmayıb, zəmanət yoxdur.
Haşiyə: "Yeyintini" araşdırmaq üçün müstəqil adlandırılan SOCAR-ın audit qrupu isə əslində hakim qüvvənin əleyhinə ifşa eləməz, hansısa şəxsin "vurulması" lazım olan hərəkətə keçərdilər... 
Hakimi-ixtiyarı ələ almış klan Cəbrayılovun bu çıxışıyla əslində Sadıqovgili devirmək kimi radikal obrazdan çıxmaq, hədəfə gəlməmək məqsədiylə belə bir çıxış etmişdilər.

Yeni "işğalçıların" niyyətləri ilk dönəmlər bir idi və pis getmirdilər. Sonralar daxili çəkişmələr əmələ gəldi və artdı. Yenə qeyd edirik, klubun şəffaf idarəçiliyi üçün uğurlu işlək mexanizm olmadığına görə daim büdcəyə çıxış əldə eləmək istəyən qüvvələr arasında qaydasız rəqabət gedib. O büdcə çox şirindir...

Nəsirov klanı ilə Mikayıl İsmayılovun gücləri ayrı qüvvələrdir. Müşahidə Şurasındakı üzvlər də əsasən bu iki gücün adamları idi. Məsələn, Səməd bəy qismən  müstəqil, Çingiz Abdullayev və ətrafı Nəsirov klanı, Cəbrayılovgil isə İsmayılovun adamları...

Çi fayda? Gördüyümüz kmi, SOCAR-dan "Neftçi"yə ayrılan büdcəyə nəzrətin şəffaflaşdırılması məqsədiylə atılan addımlar da faydasız olur və yenə mənfəətbazlıq güc gəlir.

Qarışıqlığın düşdüyünü görən, "kiçik bəy" dediyimiz Elnur Məmmədov bu avantüraya uğradı. Bu da onunçün sonun başlanğıcı oldu.

Məmmədov Nəsirov klanının "fəhləsi" idi. Onu ora Elxan Məmmədovun göndərdiyi və xüsusi tapşırıq verdiyi də artıq hər kəsə məlum idi. "Kiçik bəy" hər prosesin içində olmalı, İsmayılov klanının hansı planlar qurduğunu bilməli, Sadıqov dəstəsinin yenidən geri qayıtmaq cəhdlərindən duyuq düşməli və baş katibə daim  məruzə etməliydi. Sizdə sual yarana bilər ki, onsuz da "Neftçi"yə ayrılan maliyyənin razılıq verəni, qol çəkəni İsmayılov klanı idisə, onlar niyə narahat idilər və mübarizəyə neyçün qoşulmuşdular?
Çünki həmin ərəfələrdə ciddi yoxlamalar başlamışdı. İstənilən maliyyə pozuntusunun aşkarlanması alternativ qüvvələrin bunu İsmayılov klanına qarşı istifadə edəcəyi, bununla da hakimiyyəti ələ keçirəcəyi demək idi... Daim ayıq olmaq, gözlənilən hücumlara qarşı çıxmaq mütləq idi.

"Kiçik bəy"  boyunduruq durumundan bezərək günlərin birində gözlənilməz gediş edir. O, Çingiz Abdullayevlə separat danışıqlara gedib, Elşad Nəsirovla görüşünün təşkil edilməsini xahiş edir. Elə bu addım "kiçik bəy"in "Neftçi"dən, ümumiyyətlə, futbol industriyasndan rədd edilməsinə gətirib çıxaracaqdı.

Abdullayev bu görüşün alınacağına söz versə də, görüş alınmamış bu haqda xəbər tutan baş katib hiddətlənir. Çünki bu, sadiq kadr hesab edilən birinin xəyanətə bərabər addımı idi. Onu fəhləliyə göndərsələr də, özü gediş edərək idarəçiyə sahiblənməyə qalxmışdı...

Çox keçmədi ki, Məmmədov haqda kompromatlar mediaya ötürüldü. Bunlar əsas götürülərək 2016-cı ilin 13 sentyabrında o, "Neftçi"dən qovuldu. Onunla bərabər əlbir olduğu baş məşqçi Vəli Qasımov da postundan uzaqlaşdırıldı. 

Daha sonra "kiçik bəy" və Qasımovun futbolçu transferlərindən külli-miqdarda mənimsəməyə yol verdiyi aşkarlandı. Hətta skaut xarakterli səfərlərə belə özü gedən (?!) "kiçik bəy" ittiham etdiyi Sadıqov hökumətinin 40 minə başa gətirdiyi Braziliya səfərini 100 mindən çox xərclə başa vurmuşdu. Bu və başqa bir çox yeyinti halları aşkarlandı, ancaq gizli saxlanmadı, mətbuata ötürüldü. Məsələn, bugünlərdə Mikayıl Nərimanoğlunun da adı maxinasiyalarda hallansa da, o, tamamilə rədd edilmədi. Çünki o, xəyanət eləməyib, "yesə" də başçısından icazəsiz etməyib, birlikdə qol qoyublar... "Kiçik bəy" isə siyasi strategiyaya xəyanət eləmişdi. Bağışlana bilməzdi...

O, futboldan uzaqlaşdırılandan bir müddət sonra voleybolda idarəçi kimi peyda oldu. Bu da ayrıca absurd, gülməli hekayətin ssenarisi...

...Məmədovun qovulmasından sonra yuxarıda adı çəkilən Cəbrayılovgilə yaxın Elnur Eyvazovun təyinatı da anarxiya dövrünə son qoymadı. . Məmmədovun qovulmasından sonra idarəçiliyə birlikdə gətirilən Hüseynzadə ilə Eyvazov bu dəfə yer dəyişdilər. Hüseynzadə idman direktoru vəzifəsindən icraçı direktor postuna  keçirildi, Eyvazov isə əksinə.

Buna nə ehtiyac vardı?

Yenə daxili çəkişmələrin, güclərin hökmranlıq məsələsinə qayıdırıq...

Zaman keçdi, ancaq "Neftçi"nin nəticələri pisləşməyə doğru irəlilədi. Bu da tez-tez baş məşqçi dəyişikliyinə səbəb olurdu. Hər baş məşqçi də bir qüvvəyə xidmət etməli olurdu. Bundan duyuq düşən ya özü uzaqlaşır, ya da nəticələrin bərbad olması üzündən məcburən uzaqlaşdırılırdı, yeni "sözəbaxanla" əvəz edilirdi. Niyə? Çünki ən asan və çox mənimsəmə yolu futbolçu transferləridir. Bununçün də məşqçi müvafiq qüvvənin sözəbaxanı olmalıdır və s.

Təsəvvür edin ki, "Neftçi"də baş məşqçi bacarığına görə yox, sözə baxmamağa görə dəyişdirilirdi. Onlardan şəxsiyyətinə hörmət edib, durumdan imtina edənlər də olurdu, mənfəəti naminə razılaşanlar da. Komandada müəyyən oyunçular bilərəkdən pis oynayır, maraqlı qüvvələrə xidmət edir, onlar da məşqçiləri əlcək kimi dəyişirdilər. Hər məşqçi də azı 5-6 yeni futbolçunun transferi, bununla da külli miqdarda mənimsəmə demək idi.

"Neftçi"də heç cür sabitliyi bərpa eləmək olmurdu.

Elə bilirsiniz bu abzasda artıq sabitliyin bərpa olunmasından, perspektivdə uğurlu nəticələrin olmasından yazcağıq? Xeyr. "Neftçi" həmişə belə  olub və olacaq. İndi də belədir. Bu klub üçün ayrılan müftə pul müftəxorların ən böyük yem ocağıdır. Klubətrafı qalmaqallar səngiməyəcək, mənfi imic dekonstruksiya olunmayacaq. Buna ilk və ciddi cəhd yuxarıda, Cəbrayılovun açıqlamasında idi. Klub ictimailəşməliydi. Ancaq onu da kağız üzərində edib, yenidən başladılar çeynəməyə, didişməyə, didməyə...

Yayda klubda yenə struktur dəyişikliyinə gedildi. Müşahidə Şurası de-fakto ləğv edilib. Klub yenidən prezident üsul-idarəsinə keçib və icraçı direktor Orxan Hüseynzadə ovaxtdan prezidentdir. Baş katib Elxan Məmmədovla yaxın olduğu hesab edilən Hüseynzadənin əsas söz sahibi təyin edilməsi əslində yazıboyu söhbət açdğımız klanlararası savaşın nəticəsi deyil. Bu, sadəcə, Hüseynzadənin hədəfə gətirilməsi məqsədi güdür.

"Neftçi"nin 3 ildən çox davam edən enişi səngimirdi. Hüseynzadəyə bildirilib ki, əgər idarəçiliyin təşkilini öz öhdəsinə götürmək istəyirsə, buyursun, əks halda o postda saxlanmayacağı ona hiss etdirilib.  O da va-bank gedərək buna razılıq verib. Hətta təyinatından sonra müsahibəsində bütün maddi məsuliyyəti də üzərinə götürdüyünü açıqlamışdı.

Sabah "Neftçi"də nəticələr pis olsa, yeyintilər aşkarlansa, yenə Mikayıl İsmayılov və klanı yox, kiçik idarəçilər məsuliyyət daşıyacaq... Artıq 10 ildən çoxdur ki, bu, belədir. Pulu onlar buraxır, xərclərə şəffaf nəzarət olmur, məsuliyyəti isə kimlərsə daşıyır.

Cəzalanan varmı? Yox...

"Neftçi" məhz bu fəlsəfə ilə idarə olunur.

Bu mövsümün əvvəlində Elxan Abdullayevin qovulub, yerinə Tərlan Əhmədovun təyinatından sonra nəticələrdə yaxşılaşma var. Yaxşı nəticələr klubətrafı təmərküzləşmənin əsasını qoya bilərdi.

Orxan Hüseynzadə filan, Elnur Eyvazov filan klanın adamlarıdı kimi söhbətlər aradan çıxmaqdaykən, tərəflər yaxalanan uğurlu silsilənin davamlı olması üçün birgə çalışmağa başlayarkən yenə müxtəlif istiqamətlərdə kompromat tərkibli məlumatlar sızdırılmaqdadır.

Müşahidələrimiz iddia etməyə əsas verir ki, "Neftçi" haqda çıxan dəlil-sübut xarakterli ifşa məlumatlarının mənbəyi Elnur Məmmədovdur. Əsasən keçmiş dövrü əhatə eləyən və onun işlədiyi vaxta aid sənədlərin ara-sıra aşkara çıxarılması məhz "kiçik bəy"in əməlləridir.  Şantaj taktikasının məqsədi nədir, bu da çox keçməmiş, məlum olacaq.

"Neftçi"nin relsə qayıtması isə həmişəki kimi, asan olmayacaq.

1. Sadıqovgilin vaxtındakı kimi geniş büdcə imkanları yoxdur
2. Kluba sahiblənmək istəyən qüvvələr arada mübarizəni səngitsələr də, daim "döyüş vəziyyətindədilər"
3. Əvvəlkitək zor gücünə, aşkar hakim təzyiqləriylə nəticə qazanmaq asan deyil. Media və ictimaiyyətin təzyiqi daha geniş və təsiredici olub

Arada hansısa predmetlərdə sistem yaradılarkən, nələrsə sıraya qoyularkən, daim "kiçik bəy" kimi - ara qarışdırmağa can atanlar, anarxiyaya səy göstərənlər olacaq. Buna "ağ-qara" tale deyək... Ta ki peşəkar, demokratik mexanizm yaradılanadək.

Elçin Cəlilov




Geri