» » Hakimlərimizin "qərarları" və ya "quyuya düşənlər" (QEYD)

Hakimlərimizin "qərarları" və ya "quyuya düşənlər" (QEYD)

Hakimlərimizin "qərarları" və ya "quyuya düşənlər" (QEYD)Azərbaycan Premyer Liqasında 2018-19 mövsümünün ilk dövrəsi başa çatdı. Turnir cədvəlinə nəzər salsaq, "Neftçi” geridə qalan 7 oyunda əldə etdiyi 6 qələbə və bir heç-heçə ilə liderdir. Komandaların oyunu, nəticələr bəlli. Bəs, hakimlərimizin idarəçiliyi? Məqsədim bu yazıda kiminsə adını hallandırmaqla onlara qarşı olmaq deyil. Sadəcə reallıqlar var ki, onları da gözardı etmək olmur...
Əvvəlcə gəlin futbol hakimlərinin vəzifələrinə nəzər salaq. Futbol hakimi azarkeşlə futbolçu arasında, həm də rəqib komandalar arasında körpü olmalıdır. Futbol hakimi oyunu gözəl, həyəcanlı, fair-play qaydalarına uyğun, bol qollu, baxımlı da edə bilər, aləmi qata da. Yəni sizi vəzir də edər, rəzil də. Futbol hakimi dürüstlüyü, həyat tərzi ilə başqalarından seçilən şəxslər olmalıdır. Mənim, sənin, onun adamı yox. Mən hakimlərimizin kimin ya da kimlərinsə adamı olduğunu iddia etmirəm. Amma bunu düşünürəm...
"Körpü üzərindəki qız” filmində bir ifadə işlədilir: "Sərxoşkən deyilən sözlər mütləq oyaq vaxtı düşünülmüş olur”. Yəni, mənim kimi elə hakimlərimiz özləri də bu barədə arada bir düşünür. Doğrudan, kimin adamısınız?
Mən əminəm ki, futbol hakimlərimiz papaqlarını qabaqlarına qoyub "Papaq” filmindəki "De, sən öl Həsən ağanın qohumusan?", "Sən Həzrət Abbas Həsən ağanın qohumusan?", "Onda gəl min boynuma" deyimlərini də düşünür.
İndi keçək məsələnin başqa tərəfinə, geridə qalan 7 tura...

Ondan başlayaq ki, Xaqani Məmmədovun fətvası veriləndən sonra AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik bu quruma sədr təyin olundu. Bununla da bu qurumun dolayı yolla PFL ilə "nigah”ı başa çatdı.
İlk dövrənin əsas oyunu 3-cü turda keçirilən "Qarabağ” – "Neftçi” qarşılaşması oldu. Oyunun baş hakimi FİFA referisi Əliyar Ağayev, köməkçilər Rza Məmmədov və Zeynal Zeynalov, dördüncü hakim Rauf Cabbarov. Bu gün reallıqla yanaşsaq bu iki komandanın qarşılaşmasını idarə edəcək gücdə elə Əliyarın briqadasıdır. Avropa arenasındakı yüksək səviyyədəki idarəçiliyi Premyer Liqamızda da görünürdü. Düşünmürəm ki, nə ev sahibi, nə də rəqib komanda bu idarəçilikdən narazı ola. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb.

Və 4-cü tur...
14 sentyabr, "Qarabağ” - "Sumqayıt” oyunu. Baş hakim İnqilab Məmmədov, köməkçi hakimlər Yaşar Abbasov, Rahil Ramazanov, dördüncü hakim Orxan Məmmədov. Bəlkə də, epizodları, baş hakim qərarları ən çox müzakirə edilən qarşılaşma.
İnqilab Məmmədovun ilk səhvi. "Sumqayı"tın futbolçusu aut atışından topu oyuna daxil edir, "Qarabağ"ın futbolçusu rəqib oyunçuya qarşı aşkar qayda pozuntusu edir, hakimin fiti susur...
Qarşılaşmanın 94-cü dəqiqəsi. Əfran İsmayılovun ötürməsindən sonra Bəxtiyar Həsənalızadə Rəşad Sadıqovla üz-üzə qalır və Sadıqovun ayağı büdrəyir. Topa başı ilə toxunmaq istəyən Rəşad bunu edə bilməyəcəyini görüb, əllə topu qapı xəttindən çıxarır. Açıq-aşkar penalti. Bütün diqqət İnqilab Məmmədovda. Fit yenə susur və küncdən zərbə təyin edilir. Sumqayıtın ən pis halda qazanacağı 1 xalı hakim səhvinin qurbanı olur. Yeri gəlmişkən, bu oyunda köməkçi hakim olan Rahil Ramazanov cəzalanıb, ona hələki təyinat verilmir...
Yenə 4-cü tur. Neftçi – Keşlə oyunu. Baş hakim Ramil Diniyev, köməkçi hakimlər Knyaz Əmiraslanov, Elman Kərimov, dördüncü hakim İnqilab Məmmədov. Diniyevi dindən-imandan çıxaran epizod. Neftçi hesabda 1-0 öndədir, Keşlə matçın 94-cü dəqiqəsində əks hücumda yaxalanır. Qapıçı Kamran Ağayev də hücuma qoşulub. Keşlə müdafiəsində yalnız bir futbolçu var. Mirabdulla Abbasov Daboya ötürmə verir və qol. Acınacaqlısı odur ki, qolun bu vəziyyətdə vurulması aşkar ofsaytdan olur. Təəssüf ki, həm baş hakim Ramil Diniyev, həm də köməkçi bu qaydadan bixəbər idi.
7-ci tur. Neftçi – Sabah oyunu. Baş hakim Orxan Məmmədov, köməkçi hakimlər Yaşar Abbasov, Akif Əmirəli, dördüncü hakim Nail Nağıyev. Oyunun 48-ci dəqiqəsində Dabonun cərimə meydançasında vurduğu zərbə Məqsəd İsayevin əlinə dəyir. Hər kəs Orxan Məmmədovun penalti qərarı verəcəyini gözləsə də, o davam işarəsi verir.
Digər hakimlərin idarəçiliyinə nəzər salsaq, mənim üçün oyunun tempini aşağı salan hakimlərdən birincisi Rauf Cabbarovdur. Cabbarovun tez-tez fit səsləndirməsi meydançadakı futbolçuları da oyundan soyudur. O isə bunu əbəs yerə etmir. Sürətli oyunda hakimlərin səhv etmə ehtimalı daha yüksək olduğundan, Rauf Cabbarov özünü sığortalamış olur. Elə ona görə də son 7 turda xırda məqamları nəzərə almasaq, nəticəyə təsir edəcək qərarlar vermədiyinin şahidi olaraq. İşini yaxşı qiymətləndirə bilərik.
Rauf Cabbarov demişkən, Premyer Liqada yeni mövsümdə stabil idarəçiliyi ilə diqqət çəkən hakimlərdən biri də Rəvan Həmzəzadədir. 7 turun 3-də söz sahibi olan Həmzəzadənin də adı Rauf Cabbarovla birgə yeni FİFA referiliyinə namizəd kimi göstərilir. Düzdür, bu pilləyə Rauf Cabbarovun qalxacağı gözlənilsə də, Rəvanın "fiRəvan” günləri qarşıdadır.
Son 7 turun ən yaxşısı isə... Ömər Paşayev... O Ömər ki, səhhətindəki problemlə mübarizə aparır. O Ömər ki, Samir Abasovun etik olmayan açıqlamalarına məruz qaldı. O Ömər ki, məcbur qaldığı üçün müvəqqəti olaraq hakimlikdən kənarlaşdı... Ömər özü getdi..Müvəqqəti... Sözüm başqalarına..Dövr də, idarəçilik də əvvəlki deyil. Odur ki, özünüz olun. Bəli razıyam, doğru qərarlar təcrübədən irəli gəlir və təcrübə də səhv qərarlardan yaranır. Amma bu "səhv qərarlar”ınız da özünüzün olsun. Necə deyərlər, makiyaja aldanma. Yollar da gözəldir, amma altından kanalizasiya keçir. Bir gün siz də düşə bilərsiniz. Odur ki, addımdan əvvəl bir də düşünün! Səhv qərarınıza görə uzağı 3-5 oyun cəzalanacaqsınız. Amma il ərzində hansısa bir komandanın bütün əziyyətini yerə vuracaqsınız.
 
İlkin BABA
206     
Reklam

Reklam