» » “Neftçi” “Türk Hava Yolları” ilə müqavilə imzaladı

“Neftçi” “Türk Hava Yolları” ilə müqavilə imzaladı

"Neftçi" klubu "Türk Hava Yolları" ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Premyer.az xəbər verir ki, sözləşmə 1 illik nəzərdə tutulub. Tədbirdə klubun prezidenti Kamran Quliyev, "Türk Hava Yolları"nın Bakı ofisinin rəhbəri Seyfulla İlyas və digər şəxslər iştirak ediblər.

Kamran Quliyev "Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsi haqda danışıb: "Bildiyiniz kimi, iki dövlət arasında əlaqələr çox sıxdı. Ümumilli liderimiz Heydər Əliyev bizim "Bir millət, iki dövlət” olduğumuzu deyib. İnanırıq ki, dostluğumuz həmişə davam edəcək. Bu müqavilə iki dövlət arasında dostluğun daha möhkəm olmasına gətirib çıxa bilər. Bu müqavilə bizim üçün çox önəmlidir. "Türk Hava Yolları” ulduz idmançılarla əməkdaşlıq edir. "Türk Hava Yolları” böyük klublarla birgə çalışır. Biz də şadıq ki, klubumuz həmin siyahıya daxil olub. Bu müqaviləni imzaladığımız üçün qürur duyuruq. İnanırıq ki, bir neçə layihəmiz olacaq. "Neftçi” olan hər yerdə "Türk Hava Yolları”ndan bəhs ediləcək. İnanırıq ki, həm biz, həm də "Türk Hava Yolları” bu layihədən xeyir görəcək”.

İmzalanma mərasimində çıxış edən "Türk Hava Yolları”nın baş ofisinin rəhbəri Seyfulla İlyas tərəflər arasında imzalanmış müqavilənin əhəmiyyətindən danışıb: "Biz "Türk Hava Yolları” olaraq hər zaman iki qardaş ölkə arasında mövcud olan sıx münasibətləri dəstəkləmişik, bu anlaşma da bunun bariz nümunəsidir. Azərbaycan və Türkiyə dövlətləri arasında dostluğu əks etdirir. Azərbaycan "Türk Hava Yolları” üçün sadəcə bir təyinat nöqtəsi deyil. Biz ölkəmizə qarşı hiss etdiyimiz məsuliyyətin eynisini qardaş ölkə olan Azərbaycan üçün də hiss edirik. Bütün qəlbimizlə burada idmanın gələcəyinə inanırıq. "Neftçi” klubu ilə imzaladığımız bu anlaşma sayədində Azərbaycan futbolunun Türkiyə və bütün dünyada bir qədər də tanınmasında məmnunuq”.

Qeyd edək ki, 110 ölkənin 277 nöqtəsinə uçuşlar təşkil edən "Türk Hava Yolları” Avropanın ən yaxşı hava yolları şirkəti mükafatını qazanıb.İspaniyanın "Barselona”, İngiltərənin "Mançester Yunayted”, Almaniyanın "Borussiya” (Dortmund), Ukraynanın "Şaxtyor” kimi məşhur klublarına sponsorluq etmiş şirkət Türkiyənin 4 böyük klubu – "Qalatasaray”, "Beşiktaş”, "Fənərbaxça” və "Trabzonspor”la da əməkdaşlıq edir.

476     
Reklam

Reklam