» » Samir Abbasov: “Bu istəyimi qəbul etsəydilər, gözyumlu 2 illik müqavilə imzalayacaqdım”

Samir Abbasov: “Bu istəyimi qəbul etsəydilər, gözyumlu 2 illik müqavilə imzalayacaqdım”

Samir Abbasov: “Bu istəyimi qəbul etsəydilər, gözyumlu 2 illik müqavilə imzalayacaqdım” "Sumqayıt”dan ayrılan Samir Abbasovun müsahibəsi:

- "Sumqayıt”dan ayrıldıqdan sonra istirahət edəcəyinizi demişdiniz. İstirahətiniz necə gedir?
- Evdəyəm. İstirahət deyəndə ki, uşaqlarla, ailəmlə məşğulam. Salamatçılıqdı. Hələ ki, planlar yoxdu. Bir az sakitləşməyə, rahatlaşmağa çalışıram.
- Təkliflər barədə nə deyə bilərsiniz? Adınız "Neftçi” və "Səbail”lə birgə hallanır.
- "Neftçi”dən təklif almamışam, danışıq da aparmamışam. "Səbail”lə razılaşmadıq və bu söhbət artıq mənim üçün bağlanıb.  Başqa təkliflərim yoxdu, evdə istirahət edirəm.
- "Səbail”dən "Sumqayıt”dan ayrıldıqdan sonra təklif almışdınız?
- Bəli, "Sumqayıt”dan ayrıldıqdan sonra danışıq aparmışdıq.
- Hansı məsələlərdə razılıq əldə edə bilmədiniz?
- Artıq başqa yöndə çalışmaq istəyirəm. Üç ilə yaxın "Sumqayıt”da işlədim. Yeni komanda yığmaqdan yorulduğum üçün "Səbail”ə getmədim. Çünki "Səbail” rəhbərliyi məndən yeni komanda qurmağımı istəyirdi. İnanın, yorulduğum üçün bu təklifi qəbul etmədim. Gözləyək, inşallah, daha yaxşı klublardan təklif alarıq.
- Deyilənlərə görə, isti-isti qərar verdiyinizə görə peşman olmusunuz və "Sumqayıt” rəhbərliyi ilə yenidən görüşəcəksiniz.
- Doğru məsələ deyil. Peşman olmağa heç bir səbəb yoxdu. Bu, isti qərar deyildi, əksinə, canlı yayımda da dedim ki, bu haqda aylar öncə danışmışıq. Köməkçilərimlə, yaxın adamlarımla söhbətimdə bu qərarı verəcəyimi demişdim. Çünki o qırılma nöqtəsi var idi, məğlub olduqdan sonra əlimizdən gələn bir şey olmadığını gördük. Mən avrokuboklara çıxmayacağımız təqdirdə bu qərarı verəcəyimizi demişdim. Köməkçilərimlə birgə qərara almışdıq ki, legioner futbolçu transferinə icazə verilsə, komandada qalacağıq. Ancaq bizə bildirdilər ki, Avropa Liqasında vəsiqə qazansanız, legioner futbolçu transfer edəcəyik. Qərarımıza görə peşman deyilik. "Sumqayıt” rəhbərliyi ilə bir dəfə görüşümüz olub, bundan sonra isə olacağına inanmıram. Artıq sözümüzü demişik.
- Çempionatın sonuncu oyunundan 1 həftə öncə "Sumqayıt”la 2 illik müqavilə imzalamağınızla bağlı xəbərlər yayılmışdı.
- Mən mətbuat konfransında demişdim ki, bunun detalları var. Həmin detallar da dediyim məsələlərlə bağlı idi. İstədiyimiz oyunçunu transfer etmək, daha güclü komanda yaratmaq istəyirdik. İstəyimiz cəmi 5-6 yeni futbolçu idi. Bunların arasında yerli və gəlmə futbolçuların da adı var idi. Bu istəyimizi qəbul etsəydilər, gözyumlu 2 illik müqavilə imzalayacaqdım. Vallah, müqavilənin içərisindəki məbləğ məni maraqlandırmırdı. Bəziləri danışırdı ki, Samir Abbasov pula görə "Sumqayıt”la müqavilə imzalayıb. Amma mən heç kimə fikir vermirdim. Konkret olaraq, bizim istediyimiz futbolçuların transferinə icazə vermədilər, müqavilə imzalamadıq.
- Öz üzərinizdə işləyən məşqçisiniz. Yəqin ki, uzun müddət işsiz qalmaq niyyətində deyilsiniz.
- Açığı, azərbaycanlı məşqçini ölkə xaricində intizarla gözləyən komanda yoxdu. Tanışlarımız, dostlarımız var. Moskva "Spartak”ının ikinci komandasının baş məşqçisi ilə danışırıq, onlar işsiz olduğumu bilirlər. Deyim ki, güclü adamım var, bu dəqiqə mənə iş verəcəklər, yalan olar. Müraciət edəcəyəm, tanış menecerlərlə danışacağam. İnşallah,  istədiyim şəraitdə işləmək üçün bütün variantlardan istifadə edəcəyəm.
 
(futbol11.az)
364     
Reklam

Reklam