» » U-15 Liqası: «Qəbələ» ilk dəfə məğlub oldu

U-15 Liqası: «Qəbələ» ilk dəfə məğlub oldu

U-15 Liqası: «Qəbələ» ilk dəfə məğlub olduAFFA yanında Media Komitəsinin qaliblərindən olan "Het-trik news" qəzetinin növbəti yazısı.
Dünən «Boulevard U-15 Liqası»nda 16-cı tura start verildi. Turun mərkəzi oyunu «Neftçi Baza»da keçirildi. 2-ci pillənin sahibi «Vətən» lider «Qəbələ»ni qəbul etdi. Gərgin mübarizə şəraitində keçən oyunda meydan sahibləri qalib gəldilər. Bu, eyni zamanda «Qəbələ»nin çempionatdakı ilk məğlubiyyəti oldu.
 
«Vətən» - «Qəbələ» 3:1
 
Qarşılaşma «Vətən» üçün olduqca əhəmiyyətli idi. Meydan sahibləri rəqiblə oyuna kimi aralarında olan 8 xalı 5-ə endirməli idilər ki, çempionluq uğrunda intriqa bərpa olunsun. Digər tərəfdən «Vətən» 2 oyun idi ki, meydanı məğlub tərk edirdi. İlqar Mənsimovun komandası «Neftçi» (0:2) və «Qarabağ»a (0:1) uduzmuşdu. Həmçinin, «Vətən» çempionatda «Qəbələ»dən xal alan yeganə komanda idi. Rəqiblərin ilk dövrənin 1-ci turunda Qəbələdəki oyununda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.
Hər iki komanda oyuna itkilərlə çıxmışdı. «Vətən»dən Əşrəf Zeynallı, Elmir Məmmədzadə və Nihat Dəryagin xəstəlik, «Qəbələ»dən Asif Məmmədov və Taleh Qarayev zədə səbəbindən oyunu buraxırdılar. Matç qarşılıqlı hücumlar şəraitində başladı. İlk təhlükəli epizod «Vətən»in qapısı qarşısında yarandı. Qurulan əks-hücum nəticəsində müdafiəçidən qayıdan topu Kamal Kazımov yaxın məsafədən qapını üstündən vurdu. 20-ci dəqiqəyə kimi qapılar qarşısında başqa təhlükəli vəziyyət yaranmadı. Məhz həmin vaxt hesab açıldı. Künc bayrağı yaxınlığında cərimə zərbəsindən qapı önünə göndərilən topu Şahin Kərimli  başla qapıdan keçirdi. Bundan sonra hücumlarının kəsərini artıran «Qəbələ» istəyinə 25-ci dəqiqədə çatdı. Kamal Kazımovun cinah ötürməsini Ümid Həmzəyev bir toxunuşla «tamamladı».
İkinci hissədə isə ərazi üstünlüyü böyük ölçüdə «Vətən»in tərəfində idi. Rakif Əliyevin komandası daha çox müdafiə olunurdu. Bir neçə epizodda qol vurmaq imkanı olan «məktəblilər» istəklərinə oyunun başa çatmasına 5 dəqiqə qalmış çatdılar. Qış fasiləsində «Turan»dan gələn Kənan Kərimovun sol cinahdan ötürməsindən sonra Elvin Abdullayev boş qapını dəqiq nişan aldı. Az sonra Elvin eyni epizodda 2-ci dəfə fərqləndi. Bu dəfə ona əks cinahdan Bəhruz Tanrıverdiyev gözəl ötürmə verdi – 3:1.
Elvin vurduğu 2 qolla təkcə komandasına vacib qələbə qazandırmadı. O, həm «Qəbələ»nin çempionatdakı ilk məğlubiyyətinə bais oldu, həm də bombardirlər yarışında «Sumqayıt»ın futbolçusu Alı Alı və «Qəbələ»nin üzvü Mehrac Baxşəliyevi geridə qoydu. İndi Elvinin aktivində 15 qol var və ən yaxın izləyicilərini 1 qol qabaqlayır.
 
«Zaqatala» - «Neftçi» İK İB 1-1
 
Austayserlərin duelində qalib aşkarlanmadı. Bu isə o deməkdir ki, komandaların hələ də qələbə qazana bilməyiblər. Lakin 1 antirekorda son qoyuldu - «Neftçi» İK İB 10 turdan sonra qol vurmağı bacardı.
Qonaqların üstünlüyü şəraitində keçən oyunda hesab 24-cü dəqiqədə açıldı. Müdafiəçi Kamran Baloğlanov ara ötrüməsi ilə Anar Həsənovu qapıçı ilə üz-üzə qoydu və Anar hesabı açdı. Meydan sahiblərinin cavabı 1-ci hissənin sonuncu dəqiqəsində gəldi. Cərimə zərbəsindən qapı qarşısına göndərilən top dördüncü cəhddə qapıdan keçdi. İsmayıl Qasarayev fərqləndi.
İkinci hissədə hər iki komandanın qol vurmaq şansları olsa da, tərəflərin heç biri imkanlardan yararlana bilmədilər. Ceyhun Zurabovun komandası Fərda Qurbanov və İsmayıl Qasarayevin timsalında 2 dəfə hesabda önə keçə bilərdi. Qonaqlar isə…
Oyundan sonra bizimlə əlaqə saxlayan «Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayevin gileyi hakimliklə bağlı idi: «İndiyə kimi hakimlərdən heç vaxt şikayətçi olmamışam. Amma bu dəfə «səbir kasam» daşdı. Hakimlər oyunun çox bərbad idarə etdilər. Sayılan qoldan savayı daha 4 qol vurduq. Amma hərəsini bir bəhanə ilə qeydə almadılar. Oyunlarda hakim-inspektorların olmaması hakimlərə meydanda istədiklərini etməyə imkan verir. Təəssüf ki, əlimizdə bizə qarşı olan haqsızlıqları sübut edəcək fakt – videoçəkiliş yoxdur. Buna baxmayaraq, AFFA-ya müraciət etmək fikrindəyəm. Qollarımız hesaba alınmayacaq, bunu bilirəm, amma heç olmasa indən belə hakim özbaşınalıqlarını aradan qaldırmaq olar».
Təəssüf ki, bazar günü olduğundan oyunu idarə edən hakimlərin kimliyini dəqiqləşdirə bilmədik. Öyrənə bildiyimiz yeganə məqam matçın baş hakiminin Qəbələdən, köməkçilərin isə Qax və Oğuzdan olmasıdır.
 
«Sumqayıt» - «Neftçi» 1:1
 
Zaqataladakı hesab «Kapitalbank Arena»da da qeydə alındı. Turnir cədvəlində qonşu olan komandaların heç biri qalib gəlməməklə əslində 1 xal qazanmadılar, 2 xal itirdilər.
Oyunda hesab 2-ci dəqiqədə açıldı. Altay Əbdülkərimovdan əla ötürəm alan Rəvan Nağıyev fərqləndi. Matçda hesab 55-ci dəqiqədə bərabərləşdi. «Sumqayıt»lı Cəmil Zeynalzadə Zaur Seydovun komandasına qələbəni bayram etməyə imkan vermədi. Oyun olduqca maraqlı keçdi. Qarşılıqlı hücumlar, təhlükəli epizodlar sarıdan bol olan oyunda tərəflər bir neçə epizodda yüz faizli qol imkanlarını boşa verdilər. Mehman Yunusovun komandasından Rüstəm Hümbətov, Alı Alı, İlkin İbrahimov, qonaqlardan isə Altay Əbdülkərimov, Yusif Qarayev və Ağadadaş Salyanski adlarını qol vuranlar siyahısına yazdırmağı bacarmadılar.
Bayaq qeyd etdiyimiz kimi, heç-heçə hər iki komandaya sərf etmirdi. İtirilən 2 xal onları liderlər qrupundan bir qədər də aralı saldı. İndi ilk «üçlük»dən «Neftçi»ni 4, «Sumqayıt»ı isə 7 xal ayırır.
 
U-15 Liqası: «Qəbələ» ilk dəfə məğlub oldu«Viləş» - «Səbail» 0:1
 
Doğma divarlar önündə 7 oyunda bir dəfə də qalib gələ bilməyən, cəmi 1 heç-heçə edən «Viləş» Masallıda yenə də məğlub oldu. Bu dəfə səfər oyunlarında cəmi 1 xal toplayan «Səbail»ə. Bərbad durumda olan meydanda keçirilən oyunun ilk hissəsində hər iki komandanın qol vurmaq imkanı olsa da, hesab açılmadı. Matçda yeganə qol oyunun sonlarına doğru vuruldu. Elməddin Qurbanlıdan ara ötürməsi alan Fərid Bağırov topu qapıçının başı üzərindən qapıdan keçirdi.
Qarşılaşmanın qalan dəqiqələrində maraq doğuran yeganə epizod final fitinə 7 dəqiqə «Viləş»in futbolçusu Elmin Ağayevin meydandan qovulması oldu. Elmin Arif Məmmədovu tutub saxladığına görə hakim tərəfindən ikinci sarı ilə cəzalandırıldı.
Məğlubiyyət «Viləş»ə 3 xalla yanaşı turnir cədvəlində yerini itirmək bahasına da başa gəldi. İndi Masallı təmsilçisi İsgəndər Cavadov BFA ilə eyni xal toplayıb. Lakin top fərqinə görə bu komandadan aşağıda qərarlaşıb. Xatırladaq ki, əsasnaməyə əsasən komandaların xalları eyni olarsa, ilk növbədə onların arasında keçirilən oyunlar nəzərə alınır. Bu komandaların ilk dövrədəki oyununda 1:1-lik heç-heçə qeydə alındığından İsgərdər Cavadov BFA «Viləş»i top fərqinə görə qabaqlayır.
 
İsgəndər Cavadov BFA – İOEUGİM 1:0
 
İsgəndər Cavadov BFA-dan söz düşmüşkən, yazımızı Qəhrəman Əliyevin komandası ilə davam etdirək. «Bakı Baza»da İOEUGİM-i qəbul edən bakılılar çempionatda ikinci qələbəsini qazandılar. Hesabın açılmadığı ilk hissə qarşılıqlı hücumlar şəraitində keçdi. Tərəflərin hər biri iki epizodda qola yaxın oldular. Gəl ki, bu imkanlardan istifadə edən tapılmadı.
İkinci hissədə isə oyun tamamilə meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Yeganə qol oyunun başa çatmasına 5 dəqiqə qalmış vuruldu. Əmrah İbadovdan ötürmə alan Məhəmməd Məhəmmədov rəqibin müdafiəçisini keçərək qol vurdu.
Qeyd edək ki, xəstəlik üzündən hər iki komandanın heyətində itkilər var idi. Qonaqların baş məşqçisi Baba Əsgərov məğlubiyyəti, əsasən də ikinci hissədəki sönük oyunlarını məhz bir neçə futbolçunun oyuna xəstə çıxması ilə əlaqələndirdi.
 
 
«Zirə» - «Kəpəz» 3:1
 
Turun ən bolqollu 2 qarşılaşmasından biri Aviasiya Akademiyasının stadionunda keçirildi. Oyun hər iki komanda üçün əhəmiyyətli idi. «Zirə» qələbə sayəsində 14-cü turda «Keşlə»yə verdiyi 3-cü pilləni geri qaytaracaqdı. Çünki «Keşlə» bu turu buraxırdı. «Kəpəz» isə qələb qazanmaqla həm liderlər qrupundan uzaq düşməyəcək, həm də 1-ci dövrədə Gəncədəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmış olacaqdı.
Küləkli hava şəraitində keçən matçda hesabı 15-ci dəqiqədə qonaqlar açdılar. Topu Həsən Sefullayevdən «təhvil alan» Ümid Səmədov onu uzaq məsafədən «doqquzluğ»a göndərdi. Buraxılan qol Cəfər Hüseynovun futbolçularını ruhdan salmadı. Küləyə qarşı oynamalarına rəğmən, onlar 28-ci dəqiqədə hesabdakı status-kvonu bərpa edə bildilər. Cərimə meydançasının həndəvərindən təyin olunmuş cərimə zərbəsini Vüsal Əliyev səhvsiz yerinə yetirdi – 1:1.
İkinci hissədə üstün tərəf meydan sahibləri idilər. Üstəlik, bu dəfə külək onların tərəfində idi. 45-ci dəqiqədə «Zirə» hesabda önə keçdi. Elnur Mirzəyev künc zərbəsindən sonra topu birbaşa qapıya göndərdi. Bundan 15-16 dəqiqə sonra Gülağa Əsədovla əla kombinasiya quran Teymur Kərimov uzaq məsafədən qapıya zərbə endirdi. Qapıçı zərbəni dəf etsə də, Teymur hamıdan tez özünü topa çatdıraraq yekun nəticəni müəyyən edən qola imza atdı.
Oyunun son dəqiqələri də qol epizodları sarıdan kasad olmadı. İlham Səmədovun komandasından Bəhram Muradov başla dirəyi nişan aldı, Həsən Seyfullayev isə qapının çölünü.
3 xal «Zirə»ni yenidən 3-cü pilləyə yüksəltdi. «Kəpəz» isə yeni ildə ardıcıl 2 məğlubiyyətlə işini bir qədər də çətinə saldı. İndi Gəncə təmsilçisi 23 xalla turnir cədvəlinin tən ortasında məskunlaşıb.
 
 
«Turan» - «Qarabağ» 0-4
 
16-cı turun son oyunu Tovuzda keçirildi. Ötən tur «Vətən»i tək qolla məğlub edən «Qarabağ» bu qələbənin təsadüf olmadığını, «Turan» isə 6 oyunluq ev qələbəsizliyinə son verməklə «qara zolaq»dan çıxmağa çalışacaqdı. Tərəflərdən «Qarabağ» istəyinə çatdı.
Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə başladı. Oyunun ilk 10 dəqiqəsində onlar qonaqları çıxışdırmağı bacarsalar da, hesabı aça bilmədilər. 10-cu dəqiqədən sonra Asif Əlizadənin yetirmələri «ayıldılar» və özlərini «qonaq kimi aparmadılar». «Qarabağ» ilk qolunu 15-ci dəqiqədə vurdu. Fidayə Əzizlinin cinah ötürməsindən sonra Nəriman Axundzadə topu qapıdan keçirdi. İlk hissə bu hesabla başa çatdı.
Fasilədən sonra da üstünlük «Qarabağ»ın tərəfində idi. 7-ci dəqiqədə yenə Fidayənin ötürməsindən sonra bu dəfə ikinci hissə oyuna qoşulmuş Mirmövsüm Caniyev komandasının 2-ci qolunu vurdu. Növbəti qollar 55-ci dəqiqədə Bəhram Köçərli və 68-ci dəqiqədə Mirmövsüm Caniyevdən (Fərid Nəsirlinin ötürməsindən sonra) gəldi.
Qazanılan 3 xal «Qarabağ»ı turnir cədvəlində 1 pillə yuxarı qaldırdı. «Turan»sa yeni ildə keçirdiyi hər 2 oyunda məğlub olsa da, 11-ci pillədəki yerində qalıb.
 
Bombardirlər: Elvin Abdullayev («Vətən») – 15 qol, Alı Alı («Sumqayıt»), Mehrac Baxşəliyev («Qəbələ»)  – 14 qol.
U-15 Liqasında 17-ci turun oyunları fevralın 10-11-də keçiriləcək: «Səbail» - «Vətən», «Qəbələ» - «Turan», «Qarabağ» - «Sumqayıt», «Neftçi» - «Zaqatala», «Neftçi» İK İB – «Zirə», «Kəpəz» - İsgəndər Cavadov BFA, İOEUGİM (Sumqayıt) – «Keşlə».
"Het-trik news" qəzeti
Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşir.

 

57     
Reklam

Reklam