» » Ramin Quliyev: «Təəssüf ki, 2 həftə ərzində elə futbolçuya rast gəlmədim»

Ramin Quliyev: «Təəssüf ki, 2 həftə ərzində elə futbolçuya rast gəlmədim»

Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasından sonra aşağı yaş millilərdə də baş məşqçi dəyişikliyi gözlənilən idi. Yeganə qaranlıq qalan məqam Qurban müəllimin hansı məşqçilərə güvənəcəyi idi. Təyinatdan az sonra bu məqama aydınlıq gəldi. «Köhnə qvardiya»dan yalnız Vüqar Məmmədə etimad göstərildi. Ötən ilə kimi U-16 yığmasını çalışdıran V.Məmməd U-19 yığmamıza baş məşqçi təyin olundu. Onun nəzarətində olan 2002-ci il təvəllüdlü futbolçulara rəhbərlik isə «Qəbələ»nin məşqçisi Ramin Quliyevə tapşılırdı. Artıq, bu yaşlı futbolçular yeni məşqçinin rəhbərliyi altında U-17 millisi adı altında çıxış edəcəklər.
U-17 Liqasında yaranmış fasilədən istifadə edərək yanvarın 8-dən 21-ə kimi U-17 millimiz yeni baş məşqçinin rəhbərliy altında Qəbələdə ilk toplanışını keçirdi. Toplanış başa çatdıqdan sonra Ramin Quliyevlə görüşüb komandanın keçdiyi hazırlıq prosesi, gələcək planlar və digər məqamlarla bağlı fkirilərini öyrəndik. Ramin müəllim söhbətə toplanışla bağlı məlumat verməklə başladı:
 
- Əslində, toplanış yanvarın 22-də başa çatmalı idi. Lakin həmin gün U-17 Liqasında qış fasiləsindən sonra ilk turun oyunlarının keçirildiyini nəzərə alaraq, futbolçuları 1 gün tez buraxdıq. Toplanışda 4-ü qapıçı olmaqla 29 futbolçu iştirak etdi. Ümumilikdə 4 yoxlama oyunu keçirdik. Onlarından birincisi və sonuncusu ikitərəfli oyun oldu. Digər 2 oyunda isə futbolçuları «Qəbələ»nin U-19 və U-21 komandaları ilə qarşılaşmalarda sınadıq. Nəticə önəmli deyildi, məqsədimiz futbolçuların hazırlıq səviyyəsini yoxlamaq idi. Düzü, ikitərəfli ilk oyunda qarşılaşdığım mənzərə məni narazı saldı. Bu da yəqin ki, futbolçuların psixoloji durumu ilə bağlı idi. Amma tədricən vəziyyət ürəyimizcə oldu, futbolçuların hər biri haqqında lazım olan məlumatları toplaya bildik. Ümumi götürəndə toplanışdan razı qaldıq.
 
- Toplanışın Qəbələdə keçirilmə səbəbi nə idi?
 

- Toplanışı Mərdəkanda keçirməyi planlaşdırırdıq. Lakin digər yaş qrupları üzrə millilərin də toplanışlarının olduğun nəzərə alaraq belə qərar qəbul etdik. U-18 yığmamız AFFA-nın Akademiyasının binasında, U-19 millisi ilə Mərdəkanda millinin bazasında qalırdı. Hansısa mehmanxanada məskunlaşmaq variantı mümkün idi. Amma şəhərdən hər gün 2 dəfə «Dalğa Arena»ya gedib-qayıdarkən vaxt itkisi ilə üzləşəcəkdik deyə, Qəbələ variantına üstünlük verdik. Həm də «Qəbələ»nin əsas komandası təlim-məşq toplanışını xaricdə keçdiyi üçün bazadan geniş istifadə etmək imkanımız vardı. Yeri gəlmişkən, «Qəbələ» rəhbərliyinə toplanış üçün yaratdığı hər cür şəraitə görə minnətdarlığımızı bildiririk.
 
- U-17 Liqasında 11 komanda iştirak edir. Hər komandada orta hesabla 25 futbolçunun olduğunu nəzərə alsaq, 275 futbolçu edir. Belə çıxır ki, çempionatda oynayan hər 9-10 futbolçudan biri yığmaya düşür…
 
- Doğrudan da, yaxşı hal deyil. Liqalarda komandaların sayı çox olmasını biz də istəyirik. Təəssüf ki, bunu indi etmək mümkün deyil. Seçim imkanımız geniş olmadığı üçün 2003-cü il təvəllüdlü futbolçuları da komandaya cəlb edirik. Məsələn, haqqında danışdığımız toplanışda 15 yaşlı 4 futbolçu vardı. Əslində, bunu həm də məqsədyönlü edirik. Çünki bu uşaqlar özlərindən 1 yaş böyüklərlə birgə daha çox «artıra» bilərlər. Bu da gələcəyə hesablanmış addımdı.
 
- Yəqin ki, nəzərinizdə tutduğunuz bəzi futbolçuları müxtəlif səbəblərdən toplanışa dəvət edə bilmədiniz.
 
- Toplanışda 29 futbolçunu yoxladıq. Bu, o demək deyil ki, Ramin müəllim sona kimi həmin futbolçuların xidmətindən yararlanacaq. Müxtəlif səbəblərdən toplanışda iştirak edə bilməyən, amma milliyə layiq olanlar var. Bəzisi zədəli, bəzisi xəstə olduğu üçün onları yoxlamaq mümkün olmadı. Amma bu, problem deyil. Birincisi, həm liqaların oyunlarını mütəmadi olaraq izləyəcək və həmin futbolçuların nəyə qadir olduqlarını biləcəyik. İkincisi isə, ilk toplanışda iştirak etməyən bir neçə futbolçunu növbəti toplanışa çağıracağıq.
 
- Növbəti toplanış nə vaxta nəzərdə tutulub?
 
- Fevral ayında 24-25 futbolçudan ibarət seleksiya xarakterli toplanış keçirməyi nəzərdə tutmuşuq. Toplanışın harada keçiriləcəyi və dəqiq vaxtı hələlik məlum deyil. Özü də indiki kimi uzun deyil, qısa müddətə nəzərdə tutulub. Böyük ehtimalla toplanış çempionatda turlararası baş tutacaq ki, uşaqlar komandalarının çempionat oyunlarında iştirak edə bilsinlər. Toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməyi də planlaşdırırıq. Əmin ola bilərsiniz ki, çempionatda iştirak futbolçuların heç biri diqqətdən kənarda qalmayacaq. Hamısının oyunu izlənəcək və bacarıqlıları toplanışa çağırılacaq.
Bu da son deyil. Hər ay U-17 millisinin 1-2 beynəlxalq oyun keçirmək fikrimiz var. Məqsəd komandanı daha yaxşı formalaşdıraraq, futbolçuların beynəlxalq təcrübəsini artıraraq oktyabrda keçiriləcək Elit-raundda yaxşı nəticə göstərməkdir. Əsas məqsədimiz isə əsas milliyə futbolçu yetişdirməkdir.
 
- Qəbələdəki toplanışda iştirak edən futbolçuları özünüz seçmişdiniz, yoxsa əvvəlki baş məşqçi Vüqar Məmmədlə məsləhətləşmişdiniz?
 
- Əvvəlcə onu deyim ki, bütün yaş qrupları üzrə millilərin baş məşqçiləri Qurban müəllimin başçılığı altında bir-biri ilə daim təmasda olacaqlar. Başqa sözlə, birgə fəaliyyət göstərəcəyik. Məndən əvvəl bu yaş qrupuna rəhbərlik edən Vüqar müəllimin fikirləri bizim üçün çox əhəmiyyətli idi. Onunla bir neçə dəfə görüşüb, çempionat, turnirlər, futbolçular haqqında geniş məlumat aldıq. Vüqar müəllimin bizə köməyi böyük oldu. Komandaların baş məşqçiləri ilə də mütəmadi əlaqə saxlayıb futbolçular haqqında məlumatlar toplayırıq. Onların da fikirləri bizim üçün çox əhəmiyyətlidir. Bundan başqa çempionat oyunlarını izləyəcəyik, bir oyunu belə buraxmamağa çalışacağıq. Bu da son deyil. Milliyə namizəd futbolçuların hazırlıq səviyyəsini nəzarətdə saxlamaq üçün bu ildən başlayaraq komandaların məşq prosesində iştirak etməyi də nəzərdə tutmuşuq. Məsələn, hansısa komandanın 2 tur arasında keçdiyi məşq prosesini izləmək fikrimiz var.
 
- Yeri gəlmişkən, son toplanışda iştirak edən futbolçular arasında «Qəbələ»nin üzvlərinin çoxluğu diqqət çəkirdi.
 
- Bu gün «Qəbələ» U-17 Liqasının lideridir. Həqiqətən o komandada oynayan uşaqların çoxu istedadlıdır. Amma bu, o demək deyil ki, millinin bazası «Qəbələ»nin üzərində qurulacaq. Bu toplanışda 12 «Qəbələ»li var idi. Gələcəkdə digər komandaların futbolçuları da düşərgədə çoxluq təşkil edə bilər. Yəni, milliyə ancaq hansı klubda oynamasından asılı olmayaraq layiq olan futbolçuları cəlb edəcəyik.
 
- Ramin müəllim, sonuncu sualımız – toplanış çərçivəsində kitab oxuyan, dərslərilə məşğul olan futbolçu ilə rastlaşdınız?
 
- Toplanışı çempionatda fasilə yaranmışdı deyə, məcburiyyətdən dərs günlərinə salmışdıq. Təəssüf ki, 2 həftə ərzində elə futbolçuya rast gəlmədim. Bu uşaqların orta məktəbin 9-10-cu sinif şakirdgəli olduqlarını nəzərə arsaq, həqiqətən üzücü məqamdı.
 
Söhbətləşdi: İlqar TAĞIYEV
«Het-trik news» qəzeti
325     
Reklam

Reklam