» » "Keşlə" uşaq futbolunun söyüşkən "qəhrəmanlar"ı (QEYD)

"Keşlə" uşaq futbolunun söyüşkən "qəhrəmanlar"ı (QEYD)

"Keşlə" uşaq futbolunun söyüşkən "qəhrəmanlar"ı (QEYD)Futbolu sevməyən kəsə idmanın bu növünün əsl istirahət olduğunu izah etməyə çalışmayın. Bu sizin üçün sadəcə vaxt itkisi olar.
Bu gün işdən sonrakı yorğunluğumuzu çıxarmaq üçün üz tutduq "Bayıl Arena”ya. 17 yaşlı komandaların fasilədən sonra ilk rəsmi oyunu var idi. Burada "Səbail”in 17 yaşlıları "Keşlə”li həmyaşıdları ilə üz-üzə gəlirdi. Əvvəlcə onu qeyd edək ki, hər iki komandanın futbolçularının ifasında gözəl oyun izlədik. Sanki Premyer Liqa matçı idi. Amma "Keşlə”nin futbolçularının özlərini apara bilməməsi təəssüf və təəccüb doğurdu.Sanki əsas komandalarındakı böyük qardaşlarından geri qalmamışdılar. Yaxşı oyundan əlavə, harada pis xüsusiyyətləri var mənimsəyiblər. Yəni onlar nə tökübsə, balacalar bir-bir da yığıb. Epidozlara sərt etirazlar və hakimi söymək. Bəli, hakimi söyən 17 yaşlı futbolçu. Hələ hakimi oyundan sonra "razborka”ya çağıran qapıçı. (hər iki oyunçu qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldı-red). Nəzərə alın ki, bu uşaq eyni zamanda milli komandanın qapısını qoruyur.  Yəqin ki, millinin məşqçilər korpusu ona bir qulaqburması verər. Matçı idarə edən gənc hakim Rəsul Babayevin ünvanına "Keşlə” komandasının məşqçilər korpusu, tribunada olan valideyn də  "xoş” sözlərini əsirgəmirdi. Demək olar ki, bütün oyun ərzində həmin valideyn azyaşlı uşaqların orada olmasına məhəl qoymadan küçə söyüşləri ilə stadionu ağuşuna almışdı. Amma kənardan hər şey gün kimi aydın görünürdü. Ortada nə hakim səhvi, nə də onun qərəzli mövqeyi yox idi. Oyuna tam nəzarət edən Rəsul Babayev (hakimin adını sonradan dəqiqləşdirdik - red) final fitinə qədər hakimiyyəti əlindən vermədi. Təbii ki, bu dediklərimiz bütün komandaya aid deyil. Amma içlərindəki "fərqlənən"lər yaxşı olar ki, məğlub olanda da layiqli şəkildə uduzsunlar. Məlumat üçün deyək ki, oyun "Səbail”in 3-1 hesablı qələbəsi ilə başa çatdı.
Bəli, hörmətli "Keşlə” futbol akademiyası, hörmətli Ramiz Məmmədov! Uşaqlara yaxşı futbol oynamağı öyrətməklə yanaşı, onlara birinci növbədə təlim-tərbiyə aşılayın. Yoxsa onlar da böyük qardaşları kimi futbol üzünə ömürlük həsrət qalar. Uşaqların aydın gələcəyini qaraltmayın!
534     
Reklam

Reklam