» » "Neftçi"yə təyin olundu, işə başlamamış ayrıldı

"Neftçi"yə təyin olundu, işə başlamamış ayrıldı

Qış fasiləsində "Neftçi”nin akademiyasında yeni təyinatların olmasından xəbərdarsız.
 
Bir aydı bu haqda yazıb-pozsaq da, klub tərəfindən hələ heç bir açıqlama verilməyib. Nə rəsmilər danışır, nə də saytda təsdiq var. Amma yerdəyişmələr və yeni adlar qaçılmazdı.

Məsələn, təxminən bir həftə əvvəl akademiyanın rəhbəri postu Eldar Bədəlovdan alınıb Baba Əsgərova verilmişdi. Hətta məsələ ilə bağlı Əsgərovun özü qəzetimizə müsahibəsində gələcək planları ilə bağlı danışmışdı da.
 
Yanvarın 5-də baş tutan klubdaxili iclasda Baba bəyin akademiyanın rəhbəri kimi fəaliyyət göstərəcəyi təsdiqlənmişdi. Hətta həmin gündən sonra işinin icrasına başlamışdı.

Əldə etdiyimiz məlumata təəccüblənməyə bilməzdik. Baba Əsgərov "Neftçi”dən ayrılıb! Başqa cür desək, işinin icrasına başlamamış bitirib. Səbəb isə eyni anda iki vəzifədə - həm "Neftçi”də, həm də Sumqayıtdakı İxtisaslaşdırılmış Olimpiya Ehtiyat Uşaq-Gənclər İdman Məktəbində (İOEUGİM) çalışmasının mümkünsüzlüyüdü.
 
Halbuki Əsgərovun idman məktəbində direktor kimi çalışması əvvəldən bilinirdi və təyinatdan öncə bütün detallara aydınlıq gətirilməliydi. Tez-tələsik, yeri doldurmaq üçün görülən işin axırı isə belə olur. Baba Əsgərovun özü ilə söhbətdə məsələnin nədən ibarət olduğuna aydınlıq gətirməyə çalışdıq: "Neftçi”ylə əməkdaşlığımız alınmadı. Bildiyiniz kimi, həm də İOEUGİM-in direktoruyam. İkinci iş yeri kimi "Neftçi”də çalışmaq istəyirdim, klubdan da razı idilər. Sadəcə, nazirlik icazə vermədi. İndiyə qədər millidə və klubda çalışmışdım, problem olmamışdı. Ona görə də "Neftçi”yə gedəndə nazirlikdən soruşmadım, arxayın idim. Məktəbi atıb, "Neftçi”yə getmək? Futbolun içindəsiz, vəziyyətlə tanışsız. Özünüz də bilirsiz ki, qeyri-sabitlik var. Hardasa qırılma nöqtəsi olar və ya rəhbərlik dəyişər. Ona görə də risk etmək olmur. 15 ildi bu məktəbdə işləyirəm, birdən-birə arxa çevirmək olmur. Bir var rəsmi iş yerin, bir də var ictimai əsasla iş görmək. İkinci variant bir az təhlükəlidi. Sabah nəsə alınmır, işsiz qalırsan. Ona görə də məktəbi atıb getmək olmur. Buna baxmayaraq, "Neftçi”ylə əməkdaşlığımız başa çatmayıb. Ola bilər ki, gələcəkdə direktoru olduğum məktəb ölkənin ən köklü klubuna xidmət göstərsin. Yəni gənc futbolçuların gələcəyi baxımından işbirliyimiz ola bilər”.  ("Futbol plus!" qəzeti)
243     
Reklam

Reklam