» » 6-7 futbolçu lazımdır... (QEYD)

6-7 futbolçu lazımdır... (QEYD)

"Keşlə" 14-cü turda da uduzdu. Bu dəfə səfərdə "Qəbələ"yə məğlub olan keşməkeşli klub (0:3)  8-ci turdur ki, qələbə üzü görmür.

Transfer qadağası, klubdaxili və klubətrafı naməlum situasiyalara rəğmən, Zaur Svanandzenin dövründə yığdığını yığan komanda hansı dövrdən ki enişə başladı və gürcü mütəxəssisin qovulması bahasına başa gəldi, odur-budur özünə gələ bilmir...

Ramiz Məmmədovun baş məşqçi olacağı hələ o, əvəzedicilərin koordinatoru təyin ediləndə məlum idi. Müşahidə Şurasının sədri olan, lakin özünü klub idarəçisi kimi aparan Zaur Axundov o vaxt bunu inkar etsə də...

"İslahat" məqsədli əcaib addımları klubu uçuruma sürükləməkdəykən, burdan da Məmmədov deyib ki, komandanı düzəltməkçün qış fasiləsində azı 6-7 futbolçu alınmalıdır.

Keçi can hayında, qəssab piy axtarır...

Zaur Svanadzenin pis nəticələrə görə postundan göndərilməsindən sonra məlum olur ki, 8 oyundur Nizami Haciyev, Mirhüseyn Seyidov bilərəkdən oynamırmış (?!) və s. Onların müəmmalı şəkildə, arqumentləri bəlli olmadan ömürlük futboldan uzaqlaşdırılması həm klub, həm AFFA adına normal hadisə kimi qarşılanmadı. OK, bəs Svanadzenin qəbahəti nə idi? Yarıcan heyət, maaşları gecikən futbolçularla yuxarı pillələrdə duruş gətirməyi bacaran baş məşqçini qovub, yerinə Məmmədovu gətirirsən, bir az sonra da mətbuata infomasiya ötürürsən ki, Məmmədovun yerinə də ukraynalı məşqçi gətiriləcək.

Futbolçulara maaşı vaxtında verə bilməyən bir klubun daha ödənişli əcnəbi məşqçini gətirməsinin məntiqi nədir? Deyək də...

Məntiq odur ki, ukraynalı məşqçi Axundovun öz istədiyi şəxsdir. Bu da nə deməkdir? Açması budur ki, mən istədiyim futbolçuları gətirəcəm, sən də mən istədiyim tərzdə futbol oynadacaqsan. Mənim oyuncağım olacaqsan...

Fikir verdinizsə, əvvəldən xarakterizə elədiyimiz Axundov obrazı Qəbələdəki qarşılaşmada özünü bir yandan "doğrultdu". Olduğu yerdən futbolçulara göstəriş verir, sanki baş məşqçi imiş kimi... Adam Futzal federasiyasında işi nə cür aparırsa, eyni anormal mühiti böyük futbola da gətirmək istəyir. Xəşil mühitinin içində bir yandan da Məmmədov özü üçün "züy tutur". Rəhmətliyin nəvəsi deyir ki, bizə 6-7 futbolçu lazımdır.

Nə ilə alacaqsız? Niyə almalısınız? Klubun illərlə maya qoyduğu akademiyanın yetirmələri hanı? Niyə oynatmayasınız?

Yeni futbolçunun alıb, nə edəcəksiniz? Autsayder mövqeyindən çıxmağa cəhd üçün bu qədər xərcə düşmək istəyirsiz? Xərcə düşmək demişkən, klubun saxlanması üçün ayrılan pul nə Zaur Axundovun qazancıdır, nə onun zəhmətinin bəhrəsidir, nə müstəqil sponsorların yatırımıdır. Bu, SOCAR-dan ayrılan vəsaitdir. Dolayısı ilə, sənin, mənim pulumdur. Azərbaycan çepionatında klub saxlamaqçün illik ən azı 1 milyon pul ayrılır ki, hansısa avantürist Zaur Axundov hardansa bir əcnəbi məşqçi gətirsin, Ramiz Mmmədov da 6-7 futbolçu sifariş versin. Sonra da nə olar, olar da...?!

2-3 klubumuzu çıxmaq şərtilə hamısı bu prinsiplə çalışır. Elə bil ki, kimsə bu sahəyə cibindən yatırım edir, belə rahat-rahat açıqlamalar verib, əcnəbi məşqçi, 6-7 futbolçu da gətirsin. Hələ turnir cədvəlinin zirzəmisində çabalayan, baş məşqçi dəyişib, ancaq hələ ki, irəliyə doğru nəyisə dəyişməyən "Kəpəz" də ordan Yunis Hüseynov qismində, "Komanda sıfırdan yığılmalıdır" deyir.

Bu "sıfırdan yığmaq" bilirsiz nəyin fəlsəfəsidir?

Bu heyət mənim deyil, məndən qabaqkı məşqçi yığıb. Hər futbolçunun gətirilməsindən də nə qazanıbsa, o qazanıb, mənlik bir şey yoxdur. İndi mən gətirməliyəm və mən qazanmalıyam.

Budur bütün bu həngamənin ana xətti, dərin fəlsəfəsi.

Autsayderindən, ortababından asılı olmayaraq, hamısı heyətin gücləndirilməsindən, bununçün də güclü futbolçu alınmasından dəm vurur. Elə bil, zalımın balası mütləq çempion, yaxud da mükafatlıq yerdən birini tutmalıdır. Hə, gəl, tut. Sonrası?

Məgər bununçün qonorar, mükafatmı var?

Ölkə çempionuna mükafat vermir heç AFFA, zalım, sən niyə müftə pulun qənimi kəsilib, "heyət gücləndirilməlidir!" harayı qoparırsan?

Lap tutalım, avrokuboklara çıxdınız. Bununla da büdcənə bir məlhəm olmur axı.

OK, bəs sən neftin pulunu əmi-dayı malı kimi dağıtmaqda bu qədər niyə rahatsan? Bu nə mühitdir? Niyə bu boşluğun aradan qaldırılması üçün mexanizm işlənmir?

"Səbail" də yaradılanda "Milli komanda üçün futbolçu yetişdirməkdir əsas xəttimiz olacaq" demişdi, ancaq bu istiqamətdə hər hansı ciddi iş gördüklərini görmürük, əksinə, hardansa legioner tapıb, gətirirlər.

Hansı da uduzsa, "heyətimiz güclənməlidir" deyir. Elə bil, bunların hamısı "Qarabağ", "Qəbələ" olmalıdır.

6-7 futbolçu alarsınız, ancaq 6-7 qram insaf da olsa...

Olmayacaq. Ciddi boşluq var bu sahədə. Ölkə futbolu niyə tamamilə neft pulu ilə saxlanmalıdır? Bu sektoru yerli icra orqanlarına paylaşmaq və onları buna cəlb etmək lazımdır.

Kəsəsi, neft pulu olmadan heç bir sahəni yerindən dəbərtmək olmur. Yaxşı, anladıq, qəbul etdik bu həqiqəti. Ancaq bunun doğru xərclənməsi, heç olmasa fayda gətirməsə də, ifrat dərəcədə məsrəf edilməsinin qarşısı alınmalıdır. AFFA bunun mexanizmini işləyib, tətbiq etməlidir.

Filan klub can üstədir, futbolçuların maaşını vermir - hə, SOCAR-dan pul ayrılsın. Belə iş olmaz...

Elçin Cəlilov
36