» » "Asiyada belə səviyyədə rəqiblər tapmaq çətindir" (MÜSAHİBƏ)

"Asiyada belə səviyyədə rəqiblər tapmaq çətindir" (MÜSAHİBƏ)

"Asiyada belə səviyyədə rəqiblər tapmaq çətindir" (MÜSAHİBƏ)İran milli komandasının baş məşqçisi Mohammad Nazemalşariyə bu gün İsfahanda start götürəcək "4 Top Nations” turniri ərəfəsində Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb. Baş məşqçi əvvəlcə turnirlə bağlı danışıb...
 
- Seçim edərkən, məqsədimiz yarışda daha güclü, keyfiyyətli oyun nümayiş etdirən komandaların dəvət edilməsi idi. Buna görə də Avropa ölkələrini təmsil edən komandaları dəvət etdik. Reytinq siyahısına da baxsanız, turnirə qatılacaq millilərin kifayət qədər güclü olduqlarını görəcəksiniz.

- Niyə məhz Avropa təmsilçilərini dəvət etdiniz?
- Çünki Avropa komandaları həm keyfiyyətli oyun nümayiş etdirir, heyətlərində texniki göstəricilərinə görə seçilən futzalçılar yer alır, həm də nizam-intizamlı olmaları ilə seçilir. Asiyada belə səviyyədə rəqiblər tapmaq çətindir. Biz də mümkün qədər daha güclü komandalarla qarşılaşmaq istəyirik.

- Yarışda ilk oyununuzu Azərbaycan millisinə qarşı keçirəcəksiniz. Rəqibi yaxından tanıyırsınız?
- Əlbəttə, tanıyırıq. Biz bu komanda ilə ötən il keçirilmiş dünya çempionatında qarşılaşmışıq. Həmin oyunda qalib olmadı, tərəflər hərəyə 1 xalla kifayətləndi. Təbii ki, rəqibimizə hörmətlə yanaşırıq. Onların dünyanın "Top-10”unda olması nəyə qadir olduqlarının göstəricisidir. Yaxşı və maraqlı oyun keçəcəyini gözləyirik. Oyundan əvvəl favorit olmur.

- Turnirin aşkar favoriti qismində İranı fərqləndirmək olar?
- Bütün komandaların qalib olmaq üçün şansı var. Hər şey millilərin öz əlindədir. Futzalda nəticəni əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Hətta 30 saniyə ərzində nəticə dəyişə bilər. Ona görə də oyunçularım hansı komandalara qarşı oynadıqlarını bilirlər.
15