» » Səhvi düzəltmək heç vaxt gec deyil (LAYİHƏ)

Səhvi düzəltmək heç vaxt gec deyil (LAYİHƏ)

Səhvi düzəltmək heç vaxt gec deyil (LAYİHƏ)AFFA-nın bayrağı altında keçirilən liqalardan  ikisində 1-ci dövrə başa çatdı. Söhbət «Bakcell U-17 Liqası» və adsız qalan U-16 Liqasından gedir. İlk dövrənin başa çatması nə çempionatın erkən başlaması, nə də oyun qrafikinin sıxlığı ilə bağlı deyil. Bu liqalarda çempionat heç də tez başlamayıb – sentyabrın əvvəlində. Oyun qrafiki də sıx deyil. Komandalar həftədə bir oyuna çıxırlar. Dövrənin tez başa çatmasına səbəb komanda qıtlığıdır. U-16 Liqasında cəmi 11, U-17 Liqasında isə 12 komanda çıxış edir. Premyer Liqaya baxanda komanda sayı şükürlüdür. Amma nəzərə alaq ki, bu, peşəkar deyil, uşaq futbolu sayılır. O halda peşəkar futbolun bir addımlığında dayanan liqalarda 11-12 komandanın olması sadəcə biabırçılıqdır.
Əslində, bu haqda çox yazmışıq, yenidən «palan içi tökmək»lə nəyisə düzəltmək mümkün deyil. Məqsədimiz U-16 və U-17 liqalarında ilk dövrədən sonra ümumi mənzərəyə nəzər salmaq, ortaya çıxan çatışmazlıqları bir daha göstərməkdir. Bu məqsədlə hər liqadan 3 komandanın baş məşqçisi ilə əlaqə saxlayıb fikirlərini öyrəndik. Amma bu haqda bir qədər sonra. 
Səhvi düzəltmək heç vaxt gec deyil (LAYİHƏ)Dövrəsi yarımçıq qalan U-16 Liqası
Bu liqada ilk dövrə təqvimlə başa çatsa da, turnir cədvəlinə nəzər salsaq, 6 komandanın heç də bütün oyunlarını keçirmədiyini görərik. Bununda səbəbi «Qəbələ» və «Neftçi»nin bir neçə futbolçusunun noyabrda U-16 yığmasının düşərgəsində olması, həmçinin Türkiyədə təşkil olunan AEGEAN Cur turnirində iştirak etməsi idi. Məhz bu üzdən adıçəkilən komandalar 2, daha 4 komanda isə 1 oyun az keçirib. Yeri gəlmişkən, həmin turnirdə millimiz 3 oyun keçirdi. Albaniyaya 1:0 hesabı ilə qalib gələn komandamız Kosovoya 1:2, Türkiyəyə isə 0:6 hesabı ilə məğlub olaraq qrupda 3-cü oldu və çıxışını erkən başa vurdu.
İlk dövrədən sonra turnir cədvəlinə 22 xalla «Vətən» başçılıq edir. «Qəbələ» liderdən cəmi 2 xal geri qalır. Amma qəbələlilər 2 oyun az keçiriblər. Üstəlik, əyalət təmsilçisi çempionatda məğlub olmayan yeganə komandadır. Güman ki, çempionluq yarışında əsas iştirakçı bu iki komanda olacaq. Təbii ki, favorit «Qəbələ»di. Onlara «Zirə» və «Neftçi»nin «kampaniya» təşkil etməsi də gözləniləndi.
Ümumiyyətlə, iştirakçı komandaları səviyyəsinə görə  3 hissəyə bölmək olar – iddialılar, ortabablar və autsayderlər. İddialıların adlarını çəkdik. Ortabablara gəlincə, onların sayı 6-dır – «Keşlə», «Neftçi» İK İB, «Qarabağ», «Sumqayıt», «Kəpəz» və «Turan». Ortabab olmalarına baxmayaraq, bu komandaların hər biri gələcək oyunlarda iddialılardan xal ala bilərlər. Necə ki, 4-cü turda «Vətən» «Neftçi» İK İB ilə, 6-cı turda isə «Neftçi» «Sumqayıt»la oyunda qalib gələ bilməmişdi. Qışda bu komandaların keçdikləri hazırlıqdan, heyətlərini gücləndirməsindən çox şey asılı olacaq.
O ki qaldı autsayderə, bu, 10 oyunda 1 xalı olan «Səbail»dir. Bir vaxtlar Azərbaycan çempionatında qollları ard-arda düzən, çempionatlar tarixində ən çox qol vuran Nazim Əliyevin komandası 10 oyunda cəmi 3 dəfə fərqlənib. Bəs, «Səbail» niyə pis gündədir?  Məsələ burasındadır ki, hələ çempionat başlamamışdan əvvəl bu komanda iddialılardan hesab olunurdu. «Səbail»in əsas komandası Premyer Liqaya vəsiqə qazandıqdan sonra klubun nəzdində aşağı yaş qruplarının olması şərt idi. Klub rəhbərliyi «Vətən» Futbol Məktəbi ilə danışqlara gedərək problemi həll etmək istədi. Məktəbin bütün yaş qrupları və məşqçiləri «Səbail»ə «transfer olundu». Amma sonradan nə baş verdisə, «Vətən» çempionatda ayrıca iştirak etmək qərarına gəldi. Özü də yarışların başlamasına sayılı günlər qalmış. Belə olduğu təqdirdə klub oradan-buradan uşaq yığaraq komanda yaratdı və çempionata buraxdı. Uşaqların əksəriyyəti buna kimi heç vaxt futbol məşğələlərində iştirak etməmişdilər. Edənlər isə «platnı qrup»larda futbolla məşğul olmuşdular. İlk 3 turda üst-üstə 15 qol buraxan «Səbail» indi bir qədər özünə gəlib. Doğrudur, komanda yenə məğlub olur. Amma biabırçı şəkildə yox. 7-ci turdan başlayaraq isə komanda qol vurmağa başlayıb. «Böyük» irəliləyişdi…
U-16 Liqasında yarışların təşkilində bir sıra problemlər mövcuddur. Məsələn, bəzi komandalıran oyunları keçirdikləri stadionların ot örtüyü bərbad vəziyyətdədir. Misal kimi, Gəncədəki Təhsil İdman Mərkəzinin stadionunun ot örtüyünü göstərmək olar. Digər problem oyunların həftə içi, yəni, cümə axşamı keçirilməsidir ki, bu da uşaqların dərsə davamiyyətinə mənfi təsir göstərir. Komanda sayının az olması da arzuolunmaz haldır. Bu çatışmazlıqlar eynilə U-17 Liqasındada mühşahidə olunur. Bu üzdən yazının həmin liqa haqqında hissəsində «problemlər bölümü»nə toxunmadan keçəcəyik.
Səhvi düzəltmək heç vaxt gec deyil (LAYİHƏ)Liderlərin lideri, autsayderlərin autsayderi
 
U-16 Liqasından fərqli olaraq U-17 Liqasında birinci dövrənin bütün oyunları baş tutub. Turnir cədvəlinə «Qəbələ» 29 xalla inamla başçılıq edir. Lider cəmi 2 oyunda heç-heçə edib. İlk turda gözlənilmədən «Neftçi» İK İB ilə oyunda qələbə qazana bilməyən qəbələlilər, 5-ci turda çempionluğa iddialı «Neftçi» ilə 1:1 oynayıb. Liderin ən yaxın izləyicisi «Keşlə»nin 24 xalı var. Eks «bankirlər» hətta bir ara 1-ci pillədə idilər. Amma «Xəzər Lənkəran» və «Zirə» ilə edilən heç-heçələr bu komandanı xeyri geri saldı. «Qarabağ» və «Neftçi»ni də iddialı komandalar siyahısına salmaq olar. Aktivində 21 xalı olan hər iki komanda qarşıdakı oyunlarda «Qəbələ»yə başağrısı ola bilər. «Zirə», «Sumqayıt», «Kəpəz», «Səbail» və «Neftçi» İK İB-ni çempionatın ortababları adlandırmaq lazımdır. «Artıracaqları» təqdirdə bu komandanın hər biri çempionluq uğrunda olmasa da, medallar üçün mübarizə apara bilər.
Autsayderlərə gəlincə, təəssüf ki, hər üçü əyalət təmsilçisidir. Hər 3 komandanın çempionatda iştirakı elə «iştirak xatirinə»dir. Əsas da «Mil Muğan»ın. İmişli təmsilçisi keçirdiyi bütün oyunlarda məğlub olub. Top fərqi -65-dir. Başqa sözlə «Mil Muğan» autsayderlərin autsayderidir.
 
«Onsuz da onlara güldən ağır söz deyən olmayacaq»
Yazının girişində liqalarda iştirak edən komandaların bəzilərinin baş məşqçilərinin çempionatla bağlı fikirlərini öyrəndiyimizi bildirmişdik. Onların demək olar ki, hamısı komanda sayının az olmasını əsas çatışmazlıq kimi göstərdilər. Əvvəl «aşağı»dan başlayıq U-16 Liqasında lider «Vətən»in baş məşqçisi Fərrux İsmayılov komanda azlığına baxmayaraq, çempionatın səviyyəsinin qalxdığını söylədi: «Ötən illə müqayisədə bu mövsüm çempionatda yaxşı komandaların sayı artıb. 1-2 komandanı çıxmaq şərtilə digərləri ilə oyunlar çətin keçir. Bu da futbolçuların inkişafı baxımından yaxşı haldır».
Millimizin sabiq futbolçusunun ən çox narazı qaldığı məqam hakimliklə bağlı oldu: «Biri var zəif oynayıb xal itirəsən, biri də var hakimlərin səhvindən. Hakim səhvi çempionatda adi hala çevrilib. Əvvəllər oyunlara hakim-inspektorlar təiyn olunurdular və onlar hakimlərin işinə qiymət verirdilər. İndi inspektorlar oyunlara təyinat almırlır. Belə olan halda hakimlər bilərəkdən və ya bilməyərəkdən səhvlər edirlər. Onsuz da onlara güldən ağır söz deyən olmayacaq».
F.İsmayılovun gileyi bununla bitmədi. O, lider komandanın heyətindən cəmi 1 futbolçunun U-16 millisinə çağırılmasından da narazı olduğunu söylədi: «Təkcə qapıçımız Məhəmməd Əhmədov milliyə çağırılır. Halbuki komandada milli səviyyəsində bir neçə futbolçu var – Emil Quluzadə, Balamirzə Soltanov, Ramin Tağıyev, Tural Nəsirov, Kamran Qürbətov, Qəzənfər Məmmədov. Demirəm ki, bunların hamısını yığmada oynatmalıdırlar. Heç olmasa, baxışa çağırsınlar, ondan sonra desinlər ki, zəifdir. Emil çempionatın bombardiridir. Məgər onu yoxlamaq pis olar?»
4 əyalət təmsilçisindən biri – «Turan»ın baş məşqçisi Kamal Ələkbərovun da narazılığı hakimliklə bağlı idi. Amma əsas gileyi komandanın oyunlara elə oyun günü getməsi oldu: «Bu baxımdan Bakı komandaları o qədər çox əziyyət çəkmirlər. Amma əyalət komandaları… Təsəvvür edin ki, bütün komandalarla səfər oyununa getmək üçün uzaq yol qət etməliyik. Maliyyə vəziyyəti imkan vermir ki, oyuna 1 gün əvvəl yollanaq. İmkansızlıqdan oyun günü səhər tezdən yola çıxırıq. Bu da futbolçularda yol yorğunluğuna səbəb olur, onların oyunda tam gücləri ilə oynamasına imkan vermir».
Komandasının ilk dövrədəki çıxışından razı qalan Kamal müəllim nəticələrinin zəif olmasının fərqində olduqlarını dedi: «»Ümumilikdə çempionatın səviyyəsi yaxşıdır. Güclü komandalar çoxdur. Özümüzə gəlincə, uşaqların sərgilədiyi oyundan razı olsam da, nəticədən narazıyam. Yəni, yaxşı oynayıb uduzuruq. Bununda bəzi səbəbləri var. Komandada çatışmazlıqlar mövcuddur ki, onları qısa zamanda aradan qaldırmağa çalışırıq. İnanıram ki, yaxın gələcəkdə nəticələr oyunumuza görə olacaq».
Bir vaxtlar Fərrux İsmayılovla yığmada və müxtəlif klublarda çiyin-çiyinə oynamış, hazırda «Qarabağ»ın məşqçisi olan Samir Musayev fərqli məqama toxundu. Onun fikrincə, çempionatda əyalət komandalarının sayı daha çox olmalıdır: «Rayon komandalır nə qədər çox olsa, seçim imkanı da artar. Daxili çempionatda oyunların sayına, beynəlxalq oyun təcrübəsinə, oyun sürətinə, futbolçuların düşünmə, dərk etmə qabiliyyəinə və s.-ə görə Avropa futbolundan çox geri qalırıq. Futbola lazımi sərmayə yatırılmayınca, uşaq futbolu ilə bağlı problemlər həllini tapmamış qalacaq».
Yeri gəlmişkən, S.Musayevdən Çempionlar Liqasının qrup mərhələsində iştirak edən bir klubun U-16 komandasının zəif çıxışının səbəblərini soruşduq. Həmsöhbətimiz bunu yaxşı futbolçuların azlığı və komandada əsasən 2003-cü il təvəllüdlü uşaqların oynaması ilə əlaqələndirdi: «Bizdə nəticə heç vaxt əsas götürülməyib. Məqsədimiz futbolçu yetişdirməkdir. U-16 komandasında heyətin bir hissəsi 15 yaşlı futbolçulardan təşkil olunub ki, bu da həmin uşaqların bir futbolçu kimi yetişməsinə ancaq xeyir verir».
 
«Əgər 17 yaşlı futbolçu topu düzgün saxlaya bilmirsə…»
U-17 Liqası ilə bağlı «Qəbələ», «Səbail» və «Keşlə»nin məşqçilərinin fikirlərini öyrəndik. Hər 3 komandanın çalışdırıcısı çempionatın maraqlı keçdiyini bildirməklə yanaşı, liqa ilə bağlı hərəyə bir çatışmazlığı qeyd etdi. Məsələn, «Qəbələ»nin baş məşqçisi Famil Xəlilov bəzi komandaların ev oyunlarını keçirdikləri stadionların meydanlarının bərbad durumda olduğunu söylədi. Famil müəllim misal kimi «Kəpəz»in ev oyunlarını keçirdiyi Gəncə TİM-nin stadionunu göstərdi: «Ora futbol oynamaq üçün əlverişli deyil. Yaxşı futbol sərgiləmək bir yana, belə meydanlar futbolçuların ciddi zədə almasına səbəb olur».
«Səbail»in baş məşqçisi Füzuli Məmmədov fərqli məqama toxundu. Yaxın keçmişimizin məşhur futbolçusu gənc futbolçuların hazırlıq səviyyəsindən narazılığını dilə gətirdi: «Bunu bütün komandalarda görürəm, futbolçuların əksəriyyəti tənbəldilər. Belə uşaqlar mənim komandamda da var. Hərdən məşqçilər uşaqlara elə iradlar tuturlar ki… Əgər 17 yaşlı futbolçu topu düzgün saxlaya bilmirsə, buna məşqçi nə etməlidi? Bunlar «aşağı»dan gələn səhvlərdir. 17 yaşında uşaq bu yaşda taktikanı öyrənməli olduğu halda, məşqçilər onlara texnikanı öyrədirlər. Adi epizodlarda səhv edirlər, topu düzgün qəbul etmirlər, düzgün ötürmə vermirlər və s. Başqa sözlə, yaşlarına uyğun olmayan səhvlərə yol verirlər. Bundan başqa komandaların qapıçılarının səviyyəsi aşağıdır. Təbii ki, 1-2 nəfəri çıxmaq şərtilə. Eyni sözləri müdafiəçilərə də aid etmək olar. Orta xətt və hücum barədə isə nikbin fikir söyləyə bilərəm. İstedadlı orta xətt oyunçuları, hücumçular çoxdur. Sadəcə, onlarla bir qədər çox işləmək lazımdır».
«Keşlə»nin baş məşqçisi Nadir Əliyev isə hakimliklə bağlı narazılığını bildirdi. Veteran futbolçu əsasən oyunlarda hakim-inspektorlaın olmamasını pis hal kimi qabartdı: «Oyunlarda hakim-inspektorların yoxluğu hakimlərdə işlərinə məsuliyyəti azaldır. Belə olan halda səhvlər qaçılmazdı. Liqalarda oyunları idarə edən hakimlərin əksəriyyəti gənclərdir. Deməli, həm də təcrübəsizdirlər. Hakim-inspektorlar olarsa, bu təkcə səhvlərin azalmasına deyil, həm də hakimliyin səviyyəsinin artmasına nədən olacaq».
 
Göründüyü kimi U-16 və U-17 liqalarında maraqlı mübarizə getsə də, problemlər yetərincədir. Onlardan bir çoxunu qısa zamanda həll etmək olar. Məsələn, hakim-inspektorlarla bağlı məqamı. Bunun üçün sadəcə bir imza yetərlidir. O ki qaldı həlli daha çox vaxt aparan problemlərə – meydanların bərbad və ya süni olmasına, komanda sayının azlığına… Bunları 10-12 il əvvəl fikirləşmək lazım idi. Dövlət proqramı qəbul olunanda. İndi isə… Yox, əsla gec deyil. Buraxılan səhvləri düzəltmək nə vaxtdan gec hesab olunub?
 «Het-trik news» qəzeti

Səhvi düzəltmək heç vaxt gec deyil (LAYİHƏ)

 


113