» » LAYİHƏ: U-15 Liqası: 10-cu turun təqvimi məlumdu

LAYİHƏ: U-15 Liqası: 10-cu turun təqvimi məlumdu

«Boulevard U-15 Liqası»nda 9-cu turun oyunlarının başlama vaxtı və keçiriləcəyi stadionlar bəlli olub. 15 komandanın iştirak etdiyi liqada bu tur autsayder «Zaqatala» istirahət edəcək. 7 oyunun 1-i şənbə, qalan 6-ı isə bazar günü keçiriləcək.

 

25 noyabr

15:00 «Kəpəz» - «Səbail»

(Gəncə şəhəri TİM-nin stadionu)

Turun açılış matçı Gəncədə olacaq. «Kəpəz» «Səbail»i qəbul edəcək. Cütün favoriti meydan sahibləridir. Son 3 turda qələbə üzünə həsrət qalan gəncəlilər adətən səfər qarşılaşmaları ilə müqayisədə evdə daha «dişli» görünürlər. «Səbail» isə 2 turdu xalsız qalıb. Bu komanda qalib gəldiyi bütün oyunları evdə keçirib. Digər tərəfdən məğlub etdiyi komandalar turnir cədvəlində özündən aşağıda qərarlaşıb. Başqa sözlə, Xaqani Məmmədovun komandası səfər oyunlarında zəif təsir bağışlayır. Hər halda «Kəpəz»in qeyri-stabil oyun sərgilədiyini nəzərə alsaq, qonaqlar səfər sindromunu qıra bilərlər.

 

26 noyabr

12:00 «Zirə» - «Sumqayıt»

(Aviasiya Akademiyasının stadionu)

Bu cütdə də üstün tərəf meydan sahibləridir. Ötən tur gözlənilmədən Tovuzda «Turan»la heç-heçə edən Cəfər Hüseynovun yetirmələri bu dəfə xal itkisinin təsadüfi olduğunu sübut etməyə çalışacaqlar. Hazırda «Vətən»lə eyni xala malik «Zirə» 3 oyun ard-arda məğlub olan «Sumqayıt»la oyunda da xal itirəcəyi inandırıcı deyil. Onu da nəzərə alaq ki, qonaqların son məğlubiyyəti turnir cədvəlində özündən aşağıda qərarlaşan «Turan»dandır və autsayder «Zaqatala» ilə axırıncı turda isə evdə heç-heçə ediblər.

 

13:00 «Keşlə» - «Vətən»

(«İnter Arena», 4-cü meydan)

Qarşılaşmanı turun mərkəzi oyunu adlandırmaq olar. İlk baxışdan «Vətən»in qalib gəlmə ehtimalının çox olduğu görünsə də, «Keşlə»nin ev oyunlarında hələ xal itirmədiyini nəzərə almaq lazımdır. Ötən həftə Masallıda «Viləş»lə oyunda ilk səfər qələbəsini qazanan «Keşlə»də heyət baxımından müəyyən problemlər mövcuddur. Komandanın əsas 2 üzvü – Əbil Əbilov və Seymur Məmmədov zədəlidir. «Vətən» də oxşar çətinlik var. Belə ki, əsas müdafiəçilərdən biri olan Fərrux Fərzəliyev bu oyunda meydana çıxmayacaq. Əvəzində «məktəblilər» U-16 millimizin Türkiyədə qrup mərhələsini adlaya bilməməsinə «sevinməlidi». Çünki komandanın 2 futbolçusu millinin düşərgəsində idi və bu gün vətənə dönəcək. Hər iki komandanın hücum xəttinin güclü olması səbəbindən qarşılaşmada «qol yağışı» gözlənilir. Amma hansı komandanın daha çox qol vuracağını proqnozlaşdırmaq çətindir.

 

14:00 «Neftçi» İK İB – «Qəbələ»

(Lökbatan OİK-nin stadionu)

Çempionatda qələbə üzünə həsrət qalan, 8 oyunda cəmi 2 qol vuran və 14-cü pillədə qərarlaşan «Neftçi» İK İB-nin lider ilə oyunda məğlub olmayacağı ehtimalı sıfıra bərabərdir. Birincilik ərzində inamlı oyun sərgiləyən qəbələlilər güman ki, bu oyunda böyük hesablı qələbəyə imza atacaqlar.

 

15:00 İOEUGİM – «Viləş»

(Sumqayıt şəhəri, M.Hüseynzadə adına stadion)

Maraqlı qarşılaşmalardan biri Sumqayıtda keçiriləcək. İki eyni gücə malik komandanın oyununda aşkar favorit yoxdur. Turnir cədvəlində demək olar ki, qonşu olan rəqiblərdən hansının qalib gələcəyini söyləmək çətindir.

 

15:00 «Neftçi» - «Qarabağ»

(Binə qəsəbə stadionu)

Eyni fikri bu oyun haqqında da bildirmək olar. Çempionatda hər iki komanda qeyri-stabil çıxış göstərir. Yəni, zəif rəqiblərlə xal itirir, güclülərdən xal alır. «Qarabağ» qələbə qazanacağı təqdirdə 4-cü pillədəki yerini qoruya biləcək. «Neftçi» 3 xalı götürəcəyi halda isə həmin yerə yüksələ bilər. Bir şərtlə ki, «Keşlə» «Vətən»lə oyunda qalib gəlməsin.

 

16:00 İsgəndər Cavadov BFA – «Turan»

(«Bakı Baza»)

Nəhayət, turun son oyununda qələbə üzünə həsrət İsgəndər Cavadov BFA son 3 turda 7 xal toplayan «Turan»ı qəbul edəcək. Cütün favoriti tovuzlulardır. Çünki Ruslan Abbasovun komandası həqiqətən son vaxtlar «artırıb». Qonaqlara qalib gəlməkdə mane ola biləcək yeganə amil uzun yolçuluqdur. 450 kilometr məsafə qət edib və dincəlmədən oyuna çıxmaq tovuzlu futbolçuların çıxışına müəyyən təsir göstərəcək.

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

58     
Reklam

Reklam