» » MİLLİ QURBAN

MİLLİ QURBAN

MİLLİ QURBANMilli komandada yeni bir dövr, bəlkə də yeni bir era. Qurban Qurbanovun baş məşqçi postuna gətrilməsini başqa fikirlə tamamlamaq çətindir. İllərdir əcnəbilərlə ortaya bir iş qoya bilməyən AFFA nəhayət, bəlkə də bu günə qədər ən doğru qərarını verdi. Təbii ki, bu məsələdə Qurbanovun "Qarabağ”la qazandığı uğur və bunun fonunda formalaşan imici böyük rol oynadı. Amma təyinatdan əvvəl istər mediada, istərsə də azarkeşlər arasında böyük uğurların memarının milliyə baş məşqçi təyin olunmasına qarşı olanlar da var idi. Arqumentləri də demək olar ki, eyni. Heç kim onun "Qarabağ”dan getməsini, bu komanda ilə qazandığı uğurlara ve sevgiyə kölgə salınmasını istəmirdi.

Təyinat və detalları açıqlanmamışdan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədovun Qurban Qurbanov şəxsiyyətinə qarşı qara PR reallaşdırmaq planı, qısası, Qurban "hoca”nın imicinə zərbə vurub, "bu da tərifliniz” dedirtməyə çalışması xeyli müzakirə olundu. Çoxumuz da onun baş məşqçi gələcəyi təqdirdə federasiya qarşısında şərtlər, tələblər irəli sürəcəyini deyirdik. Bir baxıma dediklərimizdə haqsız da sayılmadıq. Yeni baş məşqçinin təyinatından sonra bildirildi ki, aşağı yaş qrupları da birbaşa əsas millinin baş məşqçisinə tabedir. Yəni ən aşağı səlahiyyətlisindən baş məşqçiyə qədər təyinatı birbaşa Qurban Qurbanov həyata keçirəcək. Bununla paralel olaraq o, "Qarabağ”dakı işinə də davam edəcək. Bəs, Qurbanovun milliyə baş məşqçi təyin olunmasından sonra yüksəliş gözləməyə dəyərmi?


Futbolun içərisində olanlar və sadiq azarkeşlər vaxtilə Qurban "hoca”nın istefaya səslənməsini yəqin ki, unutmayıblar. Bəs, nə oldu? Olan o idi ki, "Qarabağ” rəhbərliyi sona qədər ona güvəndi. Bu gün də Çempionlar Liqasının qrup mərhələsində oynayan komandanın baş məşqçisi kimi onun adının göstərilməsi birbaşa həmin inamın uğurlu nəticəsidir. AFFA da bu inamını ortaya qoyub, ilk etapda 6 illik müqavilə imzalanıb (Müqavilə dekabrın 6-dan qüvvədə olacaq – İ.B.)


Hər şey sıfırdan başlanır. Uşaq futbolundan tutmuş, əsas milliyə kimi. Bu günə qədər hansısa yollarla milliyə çağrılan "filankəs”lər erası bitir. Yəqin ki, bu vəziyyət bəzilərinə sərf etməyəcək. Amma heç kim deyə bilməyəcək ki, filan futbolçu millidə oynamağa layiq idi, Qurbanov onu çağırmadı. Çünki yeni baş məşqçi bizim futbolu əlinin içi kimi bilir. Yaxşı bilir ki, kimlər onun və ölkəmizin başını uca edə biləcək gücdədir. Düşünə bilərik ki, bu gün millidəki futbolçuların böyük əksəriyyəti "Qarabağ”ın oyunçularıdır. Bəlkə də milli də elə "Qarabağ-2” oldu. Xeyr! Bizim tanıdığımız Qurban Qurbanov başqasının haqqını tapdalamaz. Bu da o deməkdir ki, artıq ölkə futbolunda da, klubdakı futbolçuların oyun sərgiləməyində də inkişaf görəcəyik. Hər kəs sırf millidə oynamaq üçün, bu şərəfə nail olmaq üçün əlindən gələnin ən yaxşısını edəcək. Nəticədə isə qazanan Azərbaycan futbolu olacaq. İstisna bir hal isə odur ki, klublardakı baş məşqçilər potensialı olan oyunçulara meydana çıxmaları üçün nə dərəcədə şans verəcək. Danılmaz reallıqdır ki, onların arasında da "Həsən ağa”nın qohumları var.


Qurbanovun təyinatının müsbət təsir göstərəcəyi amillərdən biri də, azarkeşlərin stadiona gəlib, komandaya dəstək olmasıdır. Bu gün "Qarabağ”ın oyunlarında on minlərlə azarkeşə bu sevinci yaşadan "hoca”, zamanla onları milli komanda ətrafında da bir yumruq kimi birləşdirməyi bacaracaq.

Yazının əvvəlində Qurbanovun AFFA qarşısında hər hansı şərtlər qoyması məsələsinə toxunmuşdum. Açıqlamasında Qurbanov "hər hansı şərtlər olmayıb, hamımız bir-birimizi yaxşı tanıyırıq” dedi. Bəli, burada qeyd olunan "yaxşı tanıyırıq” sözü elə birbaşa şərtdir. Yəni AFFA-dakılar yaxşı bilir ki, Qurban Qurbanov kimdir və o "zakaz”la oturub, durmayacaq. Odur ki, xeyirlisi olsun....

 
İlkin BABA/"Het-trik news" qəzeti
95