» » Rövşən Babayev: "Ortada soyuqluq var, bir-birimizi yalnız oyunda görürük" (LAYİHƏ)

Rövşən Babayev: "Ortada soyuqluq var, bir-birimizi yalnız oyunda görürük" (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?”  layihəsi çərçivəsində növbəti yazısını təqdim edirik. Müsahibimiz "İnter” Peşəkar İdman Klubunun Uşaq-Gənclər Futbol Məktəbinin (UGFM) rəhbəri Rövşən Babayevdir.
 

- Gürcüstanda seminarda iştirak etdiniz. Məqsəd nə idi?

- Orada Gürcüstanın U-15, U-16,U-17 və U-18 milli komandalarının baş məşqçiləri tərəfindən seminar tə.kil olunmuşdu. Vaxtilə "Simurq”da Georgi Çixradzenin köməkçisi Zviad Cevadze ilə birgə işləmişəm. Mən də o dəvət etmişdi. Orada üstünlük fransız futbol məktəbinə verilir. Konkret olaraq «Lion» Futbol Akademiyası ilə əməkdaşlıq edir. Fiziki hazırlıq üzrə bütün məşqçilər fransızlardır. 2-3 gün ərzində fikir mübadiləsi aparıldı. Yeniliklər, məşq proseslərində dəyişikliklər var idi.


- Konkret hansı dəyişikliklərdən söhbət gedir?

- Onlar bütün işi kiçik oyun qruplarına üstünlük verirlər. Əvvəllər biz həm öz, həm də rəqib meydanında topun saxlanılmasının tərəfdarı idik. Bu gün onlar deyir ki, bu da lazımdır. Amma əsas məqsəd topun meydanın rəqibə aid olan hissəsinə keçirilməsi və orada saxlanılaraq qol vurulmasıdır. Bir də ispan, holland sistemləri var idi. Bu sistemlər müəyyən müddətdə bu uğur qazansa da, bu gün öz aktivliyini saxlamayıb. Rəqib atletik futbola üstünlük verdiyinə görə fransızlar məhz bu amili nəzərə alıblar. Yəni, futbola atletizm gətirilib.


Rövşən Babayev: "Ortada soyuqluq var, bir-birimizi yalnız oyunda görürük" (LAYİHƏ)- Seminarda daha kimlər iştirak edirdilər?

- Başqa ölkələrin də təmsilçiləri var idi. Fransızlar 5 dövlətlə əməkdaşlıq edirlər. Konkret olaraq uşaq futbolu onlara həvalə edilib. Bu gün yığma komandaların əldə etdiyi nəticəyə baxanda, onlar işlərindən razıdırlar.


- Bakıya qayıtdıqdan sonra siz həmin qaydaları tətbiq etməyə başlamısınız?

- Əslində, bizim istiqamətimiz bundan uzaq deyildi. Biz uşaq futbolunda əsas top çalışmaları, kiçik qrupda oyunlara, cəldliyə, çevikliyə, koordinasiyaya üstünlük veririk. Onlar da bunu deyir. Fərq böyük yaş qruplarında qaçışların çox olmasındadır. Fransızlar qaçışları kiçik qrup oyunları ilə əvəz ediblər. Mən də məşqçilərlə görüşdüm və yenilik kimi bu sistemlə işləyəcəyimizi bildirdim. Bəli, onlar haqlıdır. Futbolçu 10 dəfə 80 metr qaçmaqdansa, bir neçə qrupa bölünüb 2 dəqiqə fasilələrlə 8 (4+4) nəfərlik futbol oynasalar daha yaxşıdır. Biz yenə də əvvəlki istiqamətimizdən uzaq düşməmişik.


Rövşən Babayev: "Ortada soyuqluq var, bir-birimizi yalnız oyunda görürük" (LAYİHƏ)- Azərbaycanda uşaq futbolunun problemləri bəllidir. İnkişafın olmamağı da göz qabağındadır. Çünki son illər uşaq futbolundan yetişən kiminsə adını çəkməkdə çətinlik çəkirik. "İnter”də qısa müddətdir çalışırsınız. Buna baxmayaraq, bu işin içərisindəsiniz. Klubların aşağı yaş qruplarından futbolçu yetişməməyinin səbəbi nədir?

- May ayında «İnter»ə dəvət almışam. Məqsədim yaxşı nəticə əldə etməkdir. Nəticə deyəndə bəzi məşqçilər elə düşünür ki, onların qarşısında çempion olmaq tələbi qoyulur. Yox, belə deyil. Məqsəd yaxşı futbolçu yetişdirməkdir. Təbii ki, yaxşı futbolçu yetişəndə nəticə də olacaq. Heç bir məşqçi məğlub olmaq istəməz. O ki qaldı futbolçu yetişməməyinə, yaxşı futbolçular bölgələrdə var. Çünki onlar topla daha çox təmasda olurlar. Bakıda isə belə deyil. Əvvəl qrupa uşaq gələndə heç olmasa top çiləməyi bacarırdı. Bu gün həmin uşağın top çiləməyə yeri yoxdursa, neyləməlidir? Düzdür, tikilmiş stadionlar var. Amma onlar da ödənişlidir. Ümumiyyətlə, akademiyası olmayan klubun futbolçu yetişdirməyi mümkün kimi görünmür. Yetişəcək bəlkə də, bir ya iki nəfər. Amma yarımçıq yetişəcək. Çünki müəyyən yaşdan sonra karyerasını bitirəcək.


- Bildiyim qədəriylə "İnter”in bölgələrlə əməkdaşlığı var axı...

- Bəli, var. Məsələn, Xaçmazla. Amma o uşaqları biz burada saxlaya bilmirik. Yalnız oyundan-oyuna gəlirlər. Oyunda iştirak edib, sonra yenə rayona qayıdırlar. Biz mütəmadi olmasa da, iki aydan bir gedib maraqlanırıq. Amma nə olsun? Ordakı meydanın durumu bərbad gündədir. Ona görə də, akademiya olmalıdır. Futbolçu, məşqçi həmin akademiyada qalmalıdır. Uşaqlarla hərtərəfli məşğul olmaq lazımdır. Həm psixologiyası, həm də fiziki hazırlığı və s.


Rövşən Babayev: "Ortada soyuqluq var, bir-birimizi yalnız oyunda görürük" (LAYİHƏ)- Bölgələrdən futbolçu seçirsiniz?

- Ötən il «Vətən» Futbol Məktəbinə dəvət almışdım. Orada işləyərkən bölgələrdən futbolçu seçirdik. Orada uşaqlara qalmağa, təhsil almağa şərait var. Mən də 17-18 gün müddətində bölgələrdəki bütün məktəblərdə oldum, oradakı istedalı uşaqları komandaya cəlb elədim. Hamı da razılaşar ki, illər ərzində "Vətən”in heç bir nəticəsi yox idi. Amma son ildə komanda 2-3 yaş qrupunda yer tuta bildi. Bu də bölgələrdən cəlb etdiyim həmin uşaqların hesabına idi. Onlar milli komandaların da heyətinə cəlb olundu. Bu gün biz «İnter» olaraq yenə də milli komandaya oyunçu veririk. Amma problemlərimiz var. Məşq üçün bir meydanımız var. 6 komanda bu meydanda məşq keçməlidir. Biz də meydanı elə bölməliyik ki, komandaların hamısı məşq prossesini reallaşdırsın. Bu, özümüzü sığortalamaq üçün deyil. Amma belə durumda necə futbolçu yetişdirək? Uşaq məşqə gəlir, bilmirik nə yeyib, gedəndə nə yeyəcək. Böyük problemdir...


- AFFA-nın illik hesabatında uşaq futboluna ayrılan vəsait hər zaman müzakirə mövzusu olur. Çünki bu qədər pul müqabilində ortada bir nəticə yoxdur. Bu gün siz də uşaq futbolunda çalışırsınız və bu qədər problemlər var. Futbolçu isə yetişmir. O zaman sizinlə birlikdə ölkənin uşaq futbolunda çalışan mütəxəssislərin məqsədi nədir?

- Yaxşı sualdır. Son 6-7 il ərzində futbolçular yetişirdi. Amma 3-4 ildir ki, bu prosses dayanıb. Hələ də ümid edirəm ki, çalışdığım qısa müddət olsa da, düzgün işləsək yaxşı futbolçular yetişdirəcəyik. Konkret bunun üçün çalışıram. Problemlərimiz var. Amma buna baxmayaraq, ayrı-ayrı ölkələrə gedib, fikir mübadiləsi aparıram, yeniliklər nədirsə onları öyrənirəm ki, buradakı uşaqların futbolçu kimi yetişməyinə nail olaq. Hələ də ümid edirəm ki, bəlkə nə vaxtsa akademiya sistemi olacaq, biz də uşaqları düzgün yetişdirəcəyik.

 

- Bu gün komandalar arasında rəqabət olsa da, məqsəd birdir – ölkə futbolunun inkişafı. Bəs, həmin klublarda çalışan həmkarlarınızla uşaq futbolunun inkişafı üçün hər hansı bir müzakirəniz olub?

- Yox, heç bir müzakirəmiz olmayıb. Heç bir görüşümüz olmur. Ortada böyük bir soyuqluq var. Yalnız oyundan oyuna bir-birimizi görürük, vəssalam. Yəni, kimsə ağsaqqallıq edib, bizi bir çay süfrəsində yığmayıb ki, nələrisə müzakirə edək. Komandaların bir çoxu "uşaq oğurluğu” ilə məşğuldur. «İnter»in hazırkı vəziyyəti bəllidir, yaralı bir komandadır. Bu durumda belə gəlib bizim uşaqlarımızı komandalardan aparırlar. Konkret qara PR aparılır ki, bu komandanın axırı yoxdur, ad dəyişir, vəziyyətləri yaxşı deyil və s. Bu gün (srağagün – red.) «Dalğa Arena»da 2004, 2005, 2007-ci il təvəllüdlü futbolçular arasında keçirilən oyunlara baxıram. Komandaların böyük əksəriyyətinin heyəti az qala 75% «İnter»in oyunçularından təşkil olunub. Yəni, komandalar «İnter»dən uşaqları götürüb gedib. Bir dəfə ümumi bir müzakirə etmirik ki, necə edək ki, uşaq futbolunu inkişaf etdirək. Hamı istəyir ki, komandası çempion olsun. Çünki əks təqdirdə onunla əməkdaşlıq edilməyəcək. Həmin məşqçilər də işini itirməmək üçün, ailəsinə çörəkpulu aparmaqdan ötrü, məcbur qaldığı üçün inkişaf yox, çempionluğu düşünür. Ona görə də, məşqçilər harada yetişmiş yaxşı futbolçu var, onu komandasına gətirmək üçün çalışır. Valideynlərlə danışırlar, onlarla klubun münasibətlərini korlayırlar. Heç kim özü yaxşı futbolçu yetişdirmək üçün çalışmır. Faktiki olaraq biz on nəfər kişi bir yerə yığışıb, vahid bir sistem təklifi ilə çıxış etmirik. Gürcülərdən nəyimiz əskikdir? Bir şey ki, onlar uşaq futbolunun inkişafı üçün bütün hər şeyi fransızlara həvalə edib.


- Belə anlaşıldı ki, futbolçu yetişməməyində məşqçilərin də günahı var.

- Bəli, var. Bu gün bütün kateqoriyalarda olan məşqçilərimiz var. Amma məşqçinin işləməyi üçün də şərait olmalıdır. Bir otağı olmalıdır, orada toplaşmalıdır, uşaqlara izah eləməlidir. Amma məşqçilərimiz indi səhər oyanır, işə gəlir. Məşqdən tez çıxmağa çalışır ki, şəhərdə tıxaca düşməsin, ev qayğıları və s. Hər şey maliyyənin üzərində dayanır.

 

- Olmaz ki, klubların uşaq komandası olduğu kimi qalsın, eyni zamanda vahid bir akademiya olsun. Yəni, hər klubdan daha çox istedadlı olanlar bu akademiyada inkişaf etsin. Digərləri isə klublarında akademiyaya düşmək üçün çalışsın.

- Bu birlik yaransa çox yaxşı olar. Hamımız ölkə futbolunun, milli komandamızın inkişafı üçün çalışırıqsa, onda bu birlikdən niyə kənar qalaq ki?


- Bəs, bölgələrdə vahid bir akademiya yaradılması ilə bağlı klubunuzla hər hansı bir danışığınız olub? Yəni, deyək ki, cənub bölgəsində Masallı, Lənkəran, Lerik, Cəlilabad, Salyandan olan istedadlı uşaqlar vahid bir akademiyada olsun. Mənə elə gəlir ki, yerli icra strukturları ilə bununla bağlı danışıqlar aparmaq olar.

- «İnter»ə gəldiyim gündə ilk olaraq bunu təklif etmişdim. Bölgələrin də adını demişdim, orada işləyən məşqçiləri də. Lazım olardısa, hətta biz burdan növbə ilə orada çalışmağa razıyıq. Sadəcə, rəhbərlikdən verilən cavab bu oldu ki, durumumuz aydınlaşsın, sonra bunu reallaşdırasağıq. Namiq Ələskərovu 12 yaşında «Azəri» komandasına mən gətirmişəm. Sözümün canı odur ki, bölgələrimizə üz tutmaq lazımdır. İcra hakimiyyətləri akademiyanı qursunlar, orada futbolçu yetişdirmək bizlikdir.

 

Premyer.az

196