» » Hara qaçırsan, direktor?

Hara qaçırsan, direktor?

"Neftçi"də struktur dəyişikliyi olandan sonra ölkənin ən köklü klubu ilə mətbuat, ictimaiyyət arasındakı uçurum bir az da böyüdü. "Ağ-qaralar"ın Müşahidə Şurasının sədri Çingiz Abdullayevin başı səfərlərə, yaradıcılıq işlərinə qarışıb. Arada çıxıb, mətbuatda özü haqda gedən hansısa xəbərə "burdayam, qayıdacam" deməklə cavab verir, vəssalam-şüttəmam. Abdullayevin "Neftçi"yə dəxli elə bu açıqlamaları qədərdi, bu qədərdi.
 
Belədə klubda əsas iş icraçı direktor Elnur Məmmədovun üzərinə düşür ki, o da yağlı əppəyə dönüb, yoxa çıxıb. Daha doğrusu, yoxa çıxmayıb, gedib Braziliyaya çıxıb. Nə üçün getmişdi, niyə getmişdi - bu suallara yəqin ki, Məmmədovdan və Braziliyada səfər yoldaşı olmuş Vəli Qasımovdan başqa cavab verə bilən olmaz.
 
"Neftçi"dən az qala hər ay kimsə qovulur, ya da istefa verir. Hər birində Elnur Məmmədovun "barmağ"ı olsa da, heç birinə icraçı direktordan cavab gəlmir.
 
Dünən də Gündüz Abbaszadənin neçə ildi rəhbəri olduğu mətbuat xidmətindən, beləliklə də, "Neftçi"dən ayrıldığını xəbər verdik. Xəbəri verdik, dedik bir də Elnur Məmmədovun reaksiyasını öyrənək. Həm də onu öyrənək ki, adam Braziliyaya niyə gedibmiş. Zəngimizə cavab vermədi. Əvəzində ingilis dilində, hazır mesaj mətni göndərdi: "Məşğulam, özüm sizə zəng edəcəm". Üstündən dəqiqələr, saatlar, hətta gün keçdi, Məmmədovdan səs çıxmadı. Əslində, bu, "Neftçi" rəsmisinin ilk belə yalan danışmağı deyil. Bir dəfə də eyni ssenariylə "aradan çıxmışdı" Məmmədov.
 
AFFA-nın baş katibi Elxan Məmmədovun Elnur Məmmədovu "Neftçi"yə hansı məqsədlə, hansı niyyətlə göndərdiyini özü bilər, Allahı bilər. Amma lütfən, biri Məmmədovun sevimli Məmmədovuna başa salsın ki, bu, "Neftçi"di, peşəkar klub kimi qeydiyyatdan keçib, neçə illik tarixi var. Jurnalistə hər dəfə "zəng edəcəm" deyib, ucuz yalanlarla uzağa getmək olmaz. Bu yol "Neftçi"nin bu mövsüm avrokuboklarda getdiyi yoldan uzun olmaz...
 
 
Komanda.az
227