» » Çempionluq sarıdan bəxtsiz, millidə parlayan “16 nömrə”

Çempionluq sarıdan bəxtsiz, millidə parlayan “16 nömrə”

Çempionluq sarıdan bəxtsiz, millidə parlayan “16 nömrə”Bu gün Fərrux Ismayılovun doğum günüdür. Premyer.az 2 il əvvəl yazılan bu yazını yenidən təqdim etməklə onu bir daha təbrik edir.
Fərrux İsmayılov müstəqil Azərbaycan futbolunda ən yaxşı, istedadlı hücumçulardan olub. Avqustun 30-da 40 yaşı tamam olan səbəbkarla tanışlığım jurnalistikaya gəldiyim vaxtda - 2001-ci ildə olub. "Futbol-plus Qəzeti”də birgə çalışdığım Rövşən Sultanov və Atəş Sultanov qardaşlarının dayısı oğlu olan Fərrux böyük perspektiv vəd edən futbolçulardan idi. İndi sə o, gənc, perspektivli məşqçilərimizdən sayılır.

33 yaşında karyeraya son

Futbolçularda karyerası boyu sadiq qaldığı nömrələr olur. Biz Fərruxu daha çox "16 nömrə”də formada görməyə adət etmişdik. 16 ona o qədər doğmalaşıb ki, mobil nömrəsində də bu rəqəmi bir araya gətirib.
Artıq 4 ildir futbolçu karyerasını bitirən İsmayılov 2011-də Salyanın "Muğan” klubunda olarkən yaşıl meydanda çıxışını başa vurdu. Belə götürəndə, 33 yaş çox olmasa da, Fərrux butslarını mismardan asmağa qərar verdi. Ancaq futbol həyatına fasilə verməyən İsmayılov artıq xeyli vaxtdır məşqçiliklə məşğuldur. Ona doğma olan "Bakı” klubunda ilk addımlarını atan gənc çalışdırıcı uşaq futbolu sahəsində çalışır.
Düzdür, Fərruxun məşqçilik karyerasında əsas komandada çalışmaq da olub. Ancaq Vladislav Qədirov 2013/14 mövsümündə "Rəvan”ın baş məşqçisi olan dövrdə onun köməkçisi olması qısamüddətli alınıb və İsmayılov "Bakı”ya qayıdıb. O, ötən mövsüm çalışdırdığı "Bakı”nın U-17 komandasıyla Azərbaycan kubokunun finalınadək irəliləyərək, həlledici matçda keçmiş komanda yoldaşı Ramin Quliyevin baş məşqçisi olduğu "Qəbələ”yə uduzub. Hər halda, Fərrux aşağı yaş qruplarından ibarət komandalarda işlədiyi vaxtda mükafatçı ola bilib.

Ardıcıl 4 il UEFA kuboku həyəcanı və sonra...

O, karyerasını tez bitirsə də, milli çempionatımızda ilk addımlarını da erkən atıb. İsmayılov yetirməsi olduğu "Dinamo”nun milli çempionatımızın ilk və yeganə medalını qazandığı 1997/98 mövsümündə onun sıralarında olub. Özü də 20 yaşı olsa da, komandanın liderlərindən, bombardirlərindən idi. Avrokuboklarda debütü 1998-ci ildə UEFA kubokunda "Arceş”lə matçda olan Fərruxun karyerasında "Neftçi” xüsusi yer tutub. O, bundan sonra ardıcıl 3 mövsüm UEFA kubokunda məhz bu komandanın heyətində çıxış edib. "Neftçi”də debütü isə Əhməd Ələsgərovun dəvətilə "Srvena Zvezda”yla tarixi matçlarda idi.
Maraqlıdır ki, İsmayılov ardıcıl 4 mövsüm avrokuboklarda çıxış etsə də, karyerasının sonrakı illərində qitəmiqyaslı turnirlərdən kənarda qalırdı. Məsələ ondadır ki, o, çıxış etdiyi klubla avrokuboklara vəsiqə qazansa da, mövsüm bitəndən sonra onun sıralarını tərk etdiyindən, iştirakdan məhrum olurdu. "Neftçi”dən gedəndən 4 il sonra qayıdan Fərruxun budəfəki baş məşqçisi millidə komanda yoldaşı olmuş Qurban Qurbanov olur. Ancaq bu dəfə daim əsas heyətdə yer almayan hücumçu 1 mövsüm sonra "Olimpik”ə gedir. Fərrux daha sonra "Qəbələ”də də 1 mövsüm forma geyinir və son klubu "Muğan”da 2 il oynayır.

Ukraynada qol hesabını açan, "Karvan"da gözəl qol müəllifi

Milli çempionatımızın 2002-ci ilin aprelində 1 illiyə dayanan zamanı İsmayılov da bir çox futbolçularımız İrana yollanır. Abadan şəhərinin "Sənət Neft” klubuna keçən futbolçumuz tezliklə ölkəsini dəyişir. Bu dəfə özünü daha güclü çempionatda – Ukrayna Premyer Liqasında sınamaq imkanı yaranır. O, Samir Əliyev Kamal Quliyevin açdığı yolun yolçusu olur və "Volın”a keçir. Cahangir Həsənzadə, İlham Yadullayev, Tərlan Əhmədov da həmin vaxt Lutsk klubunda oynayır. Beləliklə, bundan az öncə "Neftçi”də birgə oynayan bu futbolçular bu dəfə Ukraynada komanda yoldaşı olurlar. Fərruxa bu ölkədə qol hesabını açmaq da nəsib olur.
Vətənı döndükdən az sonra qısa müddət "Qarabağ”da oynayan İsmayılovun daha sonra formasını geydiyi "Karvan”da çıxışı parlaq alınır. Təsadüfi deyil ki, o, karyerasında bir mövsümdə ən çoxu qolu (17) məhz Yevlax klubunda, özü də debüt mövsümündə vurur. Fərruxun "Karvan”ın heyətində "Neftçi”ylə "qayçıvari zərbə"ylə vurduğu gözəl qol çoxlarının yadında olar. O, Yevlax klubunda oynadığı vaxt şəxsi həyatında əlamətdar hadisə baş verir. Həmin vaxt ailə həyatı quran səbəkarın toy məclisində bındəniz də iştirak edib.

"Şəfa" stadionunda vacib qollar, "Şəfa" stadionunun yaxınlığında qəza
İsmayılovun karyerasında milli xüsusi yer tutur. Hələ U-21-də əsas qol ümidlərindən olan futbolçu 2001-ci ildə İqor Ponomarovun vaxtında əsas yığmaya cəlb olunur və parlayır. Düzdür, debüt uğursuz alınır. Moldova ilə Bakıda qolsuz matçda fasilədən sonra meydana çıxan Fərrux sona yaxın qırmızı vərəqə alaraq meydanı tərk edir. Ancaq Ponomaryov ona güvənməkdə davam edir və İsmayılov Slovakiyayla tarixi qələbənin (2:0) iştirakçılarından olur. Bakıda növbəti oyun bu dəfə Tofiq Bəhramov adına Respublika stadionuda yox, "Şəfa” stadionunda olur və Fərrux öz sözünü deyir. Makedoniya ilə matçın 71-ci dəqiqəsində meydana daxil olan hücumçu 90-cı dəqiqədə hesabı bərabərləşdirməklə (1:1) millimizə xal qazandırır. Məhz bundan sonra hesabına 5 xal yazan əsas yığmamız 6 il bu göstəriciylə rekordçu olur.
Maraqlıdır ki, o, rəsmi oyunlarda sonrakı 2 qolu da "Şəfa”da vurur. Bunlardan 2003-cü ilin iyununda Serbiya və Çernoqoriya ilə matçda (2:1) qələbə topu daha yaddaqalan olur. Bu dəfə də tarixi olay baş verir. Millimiz tarixində ilk dəfə seçmə mərhələdə bir rəqibə uduzmur, ondan 4 xal alır. Bundan 3 ay sonra Finlandiya ilə matçda da hücumçu qol vursa da, bu dəfə məğlub oluruq – 1:2. Həmin seçmə mərhələdə son sınaq İtaliya yığmasıyla səfər matçı idi. İsmayılov da bir çox futbolçularımız kimi İtaliya publikası qarşısında oynamağı çox arzulayır. Ancaq bu matç öncəsi "Şəfa” stadionunun yaxınlığında avtomobil qəzasına düşən futbolçu bir müddət yaşıl meydandan kənarda qalır. Nəticədə onun Ukrayna karyerası da bitir.

Titulsuz futbolçu həyatı

Fərrux milli çempionatımızda 200-dən çox oyun keçirsə də, onun çempionluq baxımından heç bəxti gətirməyib. Belə ki, o, heç bir klubda qızıl medal qazana bilməyib. İsmayılovun kolleksiyasında milli çempionatımızın gümüş və bürünc mükafatları olsa da, daha yüksək əyarlı medal olmayıb. Hərçənd, onun karyerasındakı klublar çempionluğa iddialı idilər. Fərruxun "Neftçi”də oynadığı ilk vaxtlar "Şəmkir” çempion olurdu. "Karvan” 2006-cı ildə çempionluğun bir addımlığında olsa da, Tovuzda "Turan”la oyunda gözlənilməz xal itkisi (0:0) ilə şansını əldən verdi. Növbəti il "Neftçi”nin sona 1 tur qalmış "Olimpik”lə səfər matçında uduzması (1:2) ona çempionluq bahasına başa gəldi. Bundan 1 mövsüm sonra isə uzun müddət lider olan "Olimpik” çempionluğu 1 xalla qazanmalı olduğu halda, son turda "Qarabağ”la oyunda məğlubiyyət (0:1) buna imkan vermədi. Fərruxun kolleksiyasında ölkə kubokunun da olmadığını nəzərə alsaq, futbolçu kimi titulu olmayıb. Onun klub və milli səviyyəsində uzun müddət komanda yoldaşları olmuş Tərlan Əhmədov, Samir Əliyev, Kamal Quliyev də çempionluq qazana bilməyiblər.
 
Mehman Süleymanov
1441     
Reklam

Reklam