» » "Futzal": Küçədən arenaya gedən yol (LAYİHƏ)

"Futzal": Küçədən arenaya gedən yol (LAYİHƏ)

"Futzal": Küçədən arenaya gedən yol (LAYİHƏ) AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytının "Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsində ilk yazısını təqdim edirik.

Əslində, hələ müstəqillikdən əvvəl də ölkə vətəndaşlarında belə bir fikir formalaşmışdı ki, "Futzal Azərbaycanda yaranıb”. Lakin apardığımız araşdırma bu fikrin bir o qədər də inandırıcı olmadığını göstərdi. Nəzərə alsaq ki, 1954-cü ildə ilk dəfə Bakıda mini futbol turniri keçirilib və futzal dünyada 80 ildən artıqdır bir idman növü kimi var, onda hətta deyə bilərik ki, futzal Azərbaycana 20-25 il gecikməylə gəlib. Beləliklə, ilk yazımızda futzalın tarixinə nəzər yetirəcəyik.

"Futzal” sözü  portuqal dilindən tərcümədə "zal futbolu” mənasını daşıyır. Keçmiş SSRİ-i ölkələrində futzal və mini-futbolun eyni idman növü olduğu fikri də var. Qeyd edək ki, futzal və mini-futbol fərqli anlayışlardır. Əvvəlcə bu iki idman növünü bir-birindən fərqləndirən cəhətlər barədə.
1.Topun ölçüsü
2.Oyunçuların sayı
3.Aut atışı (ayaq ya əllə)
4. Oyunçu cəzalanırsa, futzalda komanda 2 dəqiqə azlıqda oynayır, mini-futbolda  isə əvəzetməyə icazə var (qaydalar fərqli ola bilər).
5.Meydançanın ölçü fərqi
6.Mini - futboldan fərqli olaraq futzalda qapıdan vurulan zərbədən sonra top rəqibə dəyməmiş, meydandan çıxmamış geri-qapıçıya ötürülə bilməz .
Bu iki idman növünün bir –birindən ayrılması 1980-ci illərə təsadüf edir.
İndi isə futzalın tarixinə nəzər yetirək. Bu idman növü 1930-cu ildə Uruqvayın Montevideo şəhərində Xuan Karlos Seriani (Juan Carlos Ceriani) tərəfindən yaradılıb. Məhz bu şəxsin təşəbbüsü ilə də ilk 3 il ərzində futzal üçün oyun qaydaları da yavaş-yavaş formalaşıb. Futbolun alternativi kimi düşünülən futzal qısa zaman ərzinə Cənubi Amerikanın demək olar ki, bütün ölkələrində yayılır. Avropada İkinci Dünya müharibəsinin getdiyi bir zamanda, Amerika bu çaxnaşmadan kənar qalır. Artıq futzalı idman növündən çox, ölkələrin gəncləri pis vərdişlərdən çəkindirmək siyasəti olaraq görürdülər. Çünki yüz minlərlə azarkeş məhz bu oyuna maraq göstərirdi. Küçə futbolundan yorulan gənclər isə özlərini belə yaraışlarda sınayıb, komanda halında meydana çıxmağa üstünlük verirdi.
Sonralar 1950-ci ildə Braziliyada Həbib Marfuz və Luis Qonsaqa de Oliveyra Fernandesin imzası ilə futzal oyununun qaydaları haqqında ilk kitab nəşr olunur. 1955-ci ildə Argentina, Braziliya və Uruqvayda futzal federasiyaları yaranır.
 
1960-cı ildə isə ilk dəfə futzal beynəlxalq status alır. Belə ki, "Qapalı yerdə futbol üzrə Cənubi Amerika Konfederasiyası”nın əsası qoyulur (CSFS). Beləcə, futzalın bütün Amerikada, sonradan isə dünyada yayılması başlayır. Əlbəttə bu konfederasiyanın yaradılması onu düşünməyə əsas verirdi ki, artıq futzal yarışları beynəlxaql status aldığında yarışlar da "ev içində ev olmaq” prinsipindən kənarlaşacaq. Beləcə beş il sonra, 1965-ci ildə ilk beynəlxalq turnir reallaşır: Milli komandalar arasında ilk Cənubi Amerika Kuboku. Elə ilk çempion da futzalın yarandığı ölkə - Uruqvayın  millisi olur. Təbii ki, bu uzun müddət davam etmir. Sonrakı 9 il ərzində braziliyalılar futzalda "at oynatmağa” başlayır. Ard-arda braziliyalıların çempionluğunu Argentina, Uruqvay və Paraqvayın gümüş, bürünc medalları izləyir.
 
1970-ci ildə isə futzalda yeni bir səhifə açılır. Artıq klub komandaları arasında da çempionat təşkil olunur. Bu çempionat isə Amerika Kuboku adını daşıyır və Paraqvayda keçirilir. Braziliya və ev sahibi Paraqvayın komandalarının gücü qarşısında Uruqvay klubları çox da uğur qazanmır.
1971-ci ildə isə futzal yarışları bütün dünyanı birləşdirən FİFUSA – Beynəlxalq zal futbolu Federasiyasının tabeçiliyinə keçir. Bu federasiyanın mənzil-qərargahı Braziliyanın San – Paulo şəhərində yerləşir və ilk prezidenti də Luis Qonsaqa de Oliveyra Fernandes olur. Elə həmin il federasiya tərəfindən futzal qaydalarından bəhs edən ikinci kitab çap olunur.
1982-ci ildə bütün dünya ölkələrinin komandalarının yarışacağı futzal çempionatı ideyası ortalığa atılır. Düzdür, bu ideya FİFUSA yarandığı ilk gündən olsa da, yalnız 10 il sonra reallaşdırıla bilir. İlk dünya çempionatında 10 ölkə iştirak etməyə razılıq verir:Braziliya, Paraqvay, Uruqvay, Argentina, Kolumbiya, Çexslovakiya, Niderland, İtaliya, Yaponiya və Kosta-Rika. İlk dünya çempionu finalda Paraqvayı 1-0 hesabı ilə məğlub edən Braziliya millisi olur.  Ümumiyyətlə, XX əsrin 20-80-ci illəri  ərzində keçirilən bütün futzal çempionatlarında Braziliya öz dominantlığını göstərir.
 
"Futzal": Küçədən arenaya gedən yol (LAYİHƏ)İkinci DÇ-ı isə Avropada təşkil olunur. Çempionata İspaniya ev sahibliyi edir. Bu dəfə çempionatda 12 komanda iştirak edir. İlk Dünya Çempionatında iştirak edən İtaliya və Kolumbiya bu yarışda olmasa da, Kanada, Avstraliya, Portuqaliya və ev sahibi İspaniya millisi yarışa yeni qatılan ölkələr olur. İspanlar finala çıxsalar da, sonra Braziliyaya 3-1 hesabı ilə məğlub olurlar.
1988-ci ildə keçirilən Dünya Çempionatını isə xüsusilə qeyd etmək istərdik. Çempionatın Avstraliyada keçirilməsi ilk diqqəti çəkən məqamdır. Digər tərəfdən bu dəfə yarışa 16 komanda qoşulur: Braziliya, Paraqvay, Uruqvay, Argentina, Avstraliya, Yeni Zelandiya, Yaponiya, İspaniya, Portuqaliya, İtaliya, İngiltərə, Kanada, Macarıstan, ABŞ, Çexoslovakiya və Niderland. Marqlı məqamlardan biri də o olur ki, Braziliya millisi finalda Paraqvaya məğlub olur. Bu sensasiya idi. Çünki onlar braziliyalıların 920 oyunluq məğlubiyyətsizlik seriyasına son qoymuşdular. Belə ki, 1969-cu ildən bu tarixə qədər Braziliya millisi heç bir rəsmi oyunda uduzmamışdı. Məhz bu çempionatdan sonra zal futbolu-futzal FİFA rəhbərliyinin diqqətini çəkir.Eyni zamanda onlar mini-futbol ideyasını ortalığa ataraq, bunu reallaşdırır.
 
FİFUSA-nın tabeçiliyində olan futzalı FİFA-nın öz səlahiyyətlərinə keçirmək planları bu iki qurum arasında məhkəmə prosseslərinə qədər uzanan bir yolu əhatə edir (FİFUSA sonrada AMF adlandırılıb - red). Həmin dövrdə FİFUSA-ya FİFA-nın gələcək prezidentlərindən biri olan Joao Avelanj rəhbərlik edirdi. Avelanjı FİFA-ya rəhbərli edənə qədər FİFUSA  "futbol de salon” – zal futboluna nəzarət edirdi. FİFA prezidenti seçilən Avelanj, FİFUSA-dan uzaqlaşır. Yeni iş yerində özünü möhkəmlətmək istəyən Avelanj, onun rəhbərliyi ilə futzalın FİFA nəzarətində olmağını təklif etsə də, rədd cavabı alır. Belə olan halda o mini-futbol ideyasını reallaşdırmaq fikrinə düşür. Hansıki bu idman növu futzaldan çox cüzi qaydalarına görə fərqlənirdi.
1982-ci ildə Braziliyada FİFUSA bayrağı altında keçirilən futzal üzrə dünya çempionatından sonra FİFA bu quruma məhkəmə ilə hədə-qorxu gəlməyə başlayır. FİFA "futbol” sözünün FİFUSA-nın keçirdiyi yarışlarda istifadə olunmasına qadağa qoyulmasını tələb edir. 1983-cü ildə Madriddə Avelanjla FİFUSA nümayəndə heyətinin görüşündən sonra, məsələ bir az dəyişir. Belə ki, FİFUSA "futzal” terminin istifadəsinə qərar verir. Termin yeni yaransa da, idman növünün əsası 1933-cü ildə qoyulub.  Elə 1983-cü ildən etibarən futzal və mini-futbol ayrı-ayrı idman növləri kimi qeydə alınmağa başlanılır. 

 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 


240