» » I Divizionda təhlükə: "Şəmkir" - "Ağsu" oyununda "oyun"?

I Divizionda təhlükə: "Şəmkir" - "Ağsu" oyununda "oyun"?

Xəbər verdiyimiz kimi, I Divizionun son turu bir çox məqamlarla diqqət çəkir. Belə ki, aprelin 27-də keçiriləcək əsas oyunlardan biri Tovuzda baş tutacaq. Burada Tovuzun "Turan Tovuz" komandası "Qaradağ Lökbatan"ı qəbul edəcək. Turnir cədvəlində birinci olan tovuzluların ikinci olan "Səbail"lə xal fərqi 4-ə bərabərdir. Yəni komanda uduzsa belə yenə də liderliyini saxlayacaq. Məsələnin başqa tərəfi rəqib "Qaradağ Lökbatan"ın vəziyyətidir. "Qaradağ Lökbatan" hal-hazırda 52 xalla üçüncüdür. İkinci olan "Səbail"lə onları 2 xal ayırır. Belə olan halda əgər "Qaradağ Lökbatan" qələbə qazanarsa ikinciliyə yüksələcək. Amma bu xal fərqinin qapanması inandırıcı görünmür. Çünki "Səbail"in rəqibi autsayder "Bakılı"dır və səfərdə oynamasına baxmayaraq, "Səbail" rəqibinə xal verməz. İlk üçlükdə sonuncu olan "Qaradağ Lökbatan"ın çempionatı bürünc medalla başa vurması isə iki amildən asılıdır. Birincisi onlar "Turan Tovuz"u məğlub etməlidir. Ya da uduzsalar belə "Şəmkir - Ağsu" oyununda da ev sahibi qələbə qazanmalıdır. Çünki hal - hazırda 52 xalı olan "Qaradağ Lökbatan" və eyni xallı "Ağsu" 3-4-cü yerləri bölüşürlər. "Şəmkir"in isə 47 xalı var və 5-ci pillədədir. Yəni "Şəmkir" komandası üçün çox da əhəmiyyət kəsb etməyən matçdır. Ən pis halda çempionatı 6-cı sırada başa vuracaq ("Zaqatala"nın rəqibi "Şərurspor" olduğundan komandaya avtomatik 3 xal veriləcək). Belə məqamda I Divizionda oyun alqı-satqısı məsələsi yada düşür. Heç də yad durum deyil. Elə bir az əvvəl "Zaqatala"ya 3 xalın verilməsinə səbəb də bu "çirkli əməllər"in nəticəsidir. Sual yaranır ki, "Şəmkir" - "Ağsu" oyunda belə hal baş verə bilər? Ümid edək ki, son turda ədalətli mübarizə olsun.
357