» » Region Liqası: "Tufan"ın İH-nin sədri: "İnkişaf baxımından bu böyük problemdir"

Region Liqası: "Tufan"ın İH-nin sədri: "İnkişaf baxımından bu böyük problemdir"

Region Liqası: "Tufan"ın İH-nin sədri: "İnkişaf baxımından bu böyük problemdir"Xəbər verdiyimiz kimi, bu gün Region Liqasında Paytaxt regionu üzrə VI turun oyunları keçirilib. "FC Baku" komandası Bakı Futbol klubunun təlim - məşq bazasında "Tufan" kollektivini 2-0 hesabı ilə məğlub edib. Oyundan sonra "Tufan"ın İdarə Heyətinin sədri Ruslan Nəsibov Premyer.az saytına açıqlama verib. O, əvvəlcə oyun barədə danışıb:
"Bizim üçün maraqlı oyun alındı. Çünki təcrübəli futbolçulara qarşı oynayırdıq. Bizim komandada olan futbolçuların hamısı gəncdir. Ən böyüyü 20 yaşındadır (1998-ci il). Ona görə də bizim üçün yaxşı təcrübə oldu.  Məhz bu amili nəzərə alaraq, oyunu bizim aktivimizə yazmaq olar. Rahat şəkildə deyə bilərdim ki, bu ilki Region Liqasındakı ən yaxşı oyunlardan biri idi. Bundan sonra da yaxşı oyunlarımız var. Növbəti tur "Şahdağ”la oynayacağıq.  Ona görə də, belə oyunlar 17, 18, 19 və 20 yalı futbolçular üçün bir növ məktəb rolunu oynayır. ”
Ruslan Nəsibov AFFA-nın baş katibi Elxan Məmmədovun "Region Liqasındakı komanda ən az 3 il oynamalıdır ki, I Diviziona gələ bilsin” fikrinə də münasibət bildirib:
"I Divizionla Region Liqasının formatları tamam fərqlidir. Əgər biz komandanı I Diviziona hazırlayırıqsa, formatlar eyni olmalıdır. Bizim komandamız gənclərdən təşkil olunduğu üçün hazırkı qaydalara görə limit məsələsi bizim üçün problem deyil.  Hal-hazırda Region Liqasında komandaların keçirəcəkləri oyunların sayı maksimum 16-dır.  Amma I Divizionda hardasa bundan 2 dəfə çoxdur.  Ona görə də biz də ən azı I Diviziondakı qədər oyun keçirməliyik. Məsələn, hazırlıq planımıza baxırıq, 16 oyun oynayandan sonra nə olacaq?  İnkişaf etmək baxımından bu çox böyük problemdir. Sözsüz qış fasiləsində imkan yaranır ki, əlavə futbolçular cəlb edilsin və ya yoxlama oyunları keçirilsin. Amma çempionat oyunu tamamilə fərqli bir şeydir.  Məhz buna görə Region Liqası üçün 30-40 həftəlik çempionat olması daha yaxşı olar. Çempionatın I Divizion və ya başqa nəsə olmasının bizim üçün fərqi yoxdur. Bizə yalnız 40 həftəni əhatə edən və keyfiyyətli futbol oynayan, yuxarı səviyyəli futbolçuları olan çempionat lazımdır”.

149     
Reklam

Reklam