» » Mehman Alışanov – 50!

Mehman Alışanov – 50!

Mehman Alışanov – 50!Gənc nəslin nümayəndələri onu tanımazlar. Kimin yanında adını desək, ya çiyinlərini çəkər, ya başını sağa-sola yelləyər, ya da sadəcə, gözlərini döyərlər. Stajlı futbol azarkeşləri isə onu yaxşı xatırlayırlar. Ukrayna futbol məktəbini keçmiş, dünyaca məşhur Aleksandr Zavarov və Sergey Yuranla bir komandada oynamış, rəhmətlik Anatoli Banişevskinin «Maradona» adlandırdığı Mehman Alışanovu nəzərdə tuturam. Bu gün unudulmuş Mehmanın 50 yaşı tamam olur! O, 1968-ci il noyabrın 16-da Mingəçevirdə, fəhlə ailəsində dünyaya gəlib. Futbolla tanışlığı 10 yaşında əməkdar məşqçi Ənvər Nəsibovun rəhbərliyi altında başlayıb. 1982-ci ildə Ənvər müəllim 14 yaşlı Mehmanı Ukraynaya aparıb. Baxışdan keçən Alışanov Voroşilovqradın (indiki Luqansk) «Zarya» komandasının futbol məktəbinə (idman internat məktəbi) qəbul olunub. SSRİ və Kiyev «Dinamo»sunun əfsanəvi futbolçusu Aleksandr Zavarovla komanda yoldahı olub, 2011-12-ci illər mövsümündə Zaqatalanın «Simurq» komandasının baş məşqçisi kimi tanıdığımız, SSRİ və Rusiya yığmasının üzvü, tanınmış futbolçu Sergey Yuranla bir sinifdə oxuyub. 17 yaşına kimi «Zarya»nın müxtəlif yaş qruplarında çıxış edib, əvəzedici komandaya kimi yüksəlib. İstedadlı gənc 1985-ci ildə Mingəçevirin «Avtomobilçi» komandasını çalışdıran Anatoli Banişevskinin diqqətini cəlb edib. «Banya» yoldaşlıq oyununda 1 hissə meydanda olan Mehmanı israrla komandasında saxlayıb. «Avtomobilçi»də yarımmüdafiənin mərkəzində yer alan Alışanov oyunu və texnikası ilə qısa zamanda nəinki Banişevskinin, bütün Mingəçevir azarkeşlərinin qəlbini fəth etməyi bacarıb. Hətta Banişevski ona ləqəb də qoyub – «Maradona»! 1986-cı ilin dekabrında hərbi xidmətə yollanan «Maradona» 2 il sonra vətənə dönüb. O vaxt artıq, «Avtomobilçi» dağılmışdı, Banişevski isə Azərbaycandan kənarda çalışırdı. Bir müddət «Kəpəz»də çıxış edən Alışanov daha sonra «Qarabağ»a keçib. Müstəqilliyimizi «Qarabağ»da qarşılayıb. 6 il Ağdam klubunun şərəfini qoruyan Alışanov müxtəlif vaxtlarda «Kür», «Şəmkir», «Viləş» və «Turan»da çıxış edib. Milli çempionatlarımız tarixində ümumilikdə 155 oyunda iştirak edib, 19 dəfə fərqlənib. 2008-ci ildə 1-ci Divizionda çıxış edən «Energetik» onun oynadığı son komanda olub. Başqa sözlə, karyerasını 40 yaşında «40-ı» çıxmış komandada bitirib. Mehman müəllimlə şəxsən tanış olmasam da, onunla bir yerdə oynamış, oturub-duran insanlardan haqqında daim xoş sözlər eşitmişəm. Sərgilədiyi futbola isə söz ola bilməzdi. Bunu təkcə dost-tanış yox, azarkeşlər də təsdiqləyər. Peşəkar futbolla vidalaşdıqdan sonra bir müddət uşaq futbolçunda məşqçilik edən, hazırda işsiz olan yubilyara arzumuz uzun ömür, can sağlığıdır! Bunlar şablon təbriklərdir. Ən böyük arzumuz isə böyük futbolun yenidən Mingəçevirə qayıtması və veteran futbolçunun işsiz qalmamasıdı. Məncə, Mehman müəllimin özünün də istəyi budur. Deyilmi, «Maradona»?
 
İlqar TAĞIYEV «Het-trik news» qəzeti
73     
Reklam

Reklam