» » Tərlan Quliyev: "Hakimlərin yanlış qərarı oyunun taleyini həll edir"

Tərlan Quliyev: "Hakimlərin yanlış qərarı oyunun taleyini həll edir"

Tərlan Quliyev: "Hakimlərin yanlış qərarı oyunun taleyini həll edir"Futbol üzrə Topaz Premyer Liqasının cari mövsümündə uğursuz çıxış edən "Keşlə” klubunun 11 turdan sonra 9 xalla yeddinci pillədə qərarlaşması komandanın azarkeşlərini məyus edir. Klub hazırda sonuncu pillədə qərarlaşan "Zirə”dən cəmi üç xal irəlidədir. "Keşlə” klubunun müdafiəçisi Tərlan Quliyev komandanın Premyer Liqada çıxışı, kollektivdəki əhval-ruhiyyə, eləcə də Azərbaycan millisinin UEFA Millətlər Liqasında şansları ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Söhbətimizə "Keşlə”nin cari mövsümdə Azərbaycan Premyer Liqasındakı çıxışına dair sualımızla başlamaq istərdik. "Keşlə” ötən mövsüm Azərbaycan Kubokunu qazandı. Cari mövsümdə komandanın bu uğuru təkrarlamasına hansı amillər mane olur?
- "Keşlə”nin cari mövsümdəki çıxışını qənaətbəxş saymaq olmaz. Geridə qalan 11 turdan sonra hesabımızda doqquz xal var. Buna qədər klubda üç baş məşqçi dəyişikliyi olub. Hər yeni məşqçi komandada başqa sistem və taktika tətbiq edir. Yeni məşqçimiz Tərlan Əhmədov təyin olunandan sonra komandada ab-hava tamamilə dəyişib. Düşünürəm ki, son üç oyunda dörd xal qazanmağımız bununla əlaqədardır. Futbolda məşqçi amili böyük rol oynayır. Qarşıda "Qəbələ” və "Qarabağ” ilə oyunlarımız var. Bu iki güclü kluba qarşı yaxşı nəticə qazanmaq lazımdır. Qalan turlarda maksimum nəticə göstərsək, ən azından ilk dördlüyə və ya beşliyə düşə bilərik.
- Yeri gəlmişkən, komanda Premyer Liqanın favoritlərindən olan "Qəbələ” və "Qarabağ” klubları ilə heç-heçə etdi. Qalan turlarda oyunlara hazırlıq hansı səviyyədədir?
- Ümumiyyətlə, son üç turda qazandığımız nəticələr komandaya yaxşı təsir edib. Azarkeşlərimiz qarşısında oynamaq həmişə çətin və məsuliyyətlidir. Biz azarkeşlərimizdən çox razıyıq. Əlimizdən gələni edəcəyik ki, növbəti oyunlarımızda da onları sevindirək. Klub rəhbərliyi hazırda qarşımızda avrokuboklara düşmək hədəfi qoymayıb. Amma biz buna nail olmaq, Azərbaycanı avrokuboklarda təmsil etmək istəyirik. Əlimizdən gələni edəcəyik ki, klub hər il olduğu kimi, bu mövsümdə də yaxşı nəticə qazansın. Bunun üçün "Keşlə” klubunun rəhbərliyi futbolçulara hər cür şərait yaradıb. "Keşlə”nin uğurlarını davam etdirmək üçün səylə çalışırıq.
- "Keşlə”nin formasını uzun müddət geyinmək niyyətindəsiniz?
- Əlbəttə, bu klub mənim üçün doğmadır. Komandanın mənə ehtiyacı olduğunu düşünürəm. Ancaq hər şey mənim istəyimdən asılı deyil. Əgər klub rəhbərliyi və baş məşqçi bundan sonra da məni komandanın heyətində görmək istəsə, buna çox sevinərəm.
- Son zamanlar milli çempionatda bəzi hakim səhvləri oldu. Bu barədə nə deyə bilərsiniz?
- Bu il ölkə çempionatında güclü rəqabət var. Hər bir oyun komandalar üçün prinsipial əhəmiyyət kəsb edir. Azarkeşlər də hər oyunda öz komandalarından qələbə, sərfəli nəticə gözləyirlər. Lakin hakimlərin yanlış qərarı bəzən oyunun taleyini həll edir. Ümidvaram ki, belə səhvlər təkrarlanmaz.
- Bu dəfə milli komandanın heyətinə dəvət almadınız. Bu nə ilə əlaqədardır? Özünüzü milli komandaya hazır görürsünüzmü?
- Özümü milli komanda üçün hazır hesab edirəm. Düşünürəm ki, cari mövsümdə üzərimə düşən vəzifənin öhdəsindən gələ bilirəm. Milliyə dəvətlə bağlı deyə bilərəm ki, bunun səbəbini özüm də bilmirəm. Əvvəlki baş məşqçilərin vaxtında daim milliyə dəvət almışam.
- Ümumiyyətlə, son iki oyunda yığmamızın şanslarını necə qiymətləndirirsiniz?
- Deyə bilərəm ki, UEFA Millətlər Liqasında Azərbaycan millisinin qrupun lideri olması üçün şansları var. Rəqib komandalarla oyunda sərfəli nəticə əldə etmək olar. Rəqiblərimiz elə də yüksək reytinqli komandalar deyil. Düzdür, Kosovo millisi digərləri ilə müqayisədə daha güclüdür. Bu komandanın düşərgəsindəki futbolçular Avropanın bir sıra klublarında çıxış edirlər. Düşünürəm ki, qrupun liderinin taleyini Kosovo ilə səfər oyunu həll edəcək.
113     
Reklam

Reklam